Amsterdamda mədəni istirahət - FOTOLAR
17 MAY 2016
510

Amsterdamda mədəni istirahət - FOTOLAR

Niderland Krallığının paytaxtı və əhalinin ən sıx yaşadığı Amsterdam şəhəri Avropanın ən populyar turizm mərkəzlərindən biri sayılır. Əhalisinin sayı 900 min nəfərdən az olan bu şəhərə hər il dünyanın müxtəlif ölkələrindən 4 milyondan çox qonaq gəlir. Kimi bura azadlığın kefini çıxarmağa gəlir, kimini də Orta əsrlər memarlığı, çoxsaylı muzeylər, mənzərəli kanallar şəbəkəsində romantik qayıq gəzintiləri çəkib gətirir. Hər halda hər kəs istədiyini tapır.

Şəhər azad əxlaq normaları ilə ad çıxarsa da, biz qarşımıza ənənəvi Amsterdamı tanımaq məqsədi qoyduq, Hollandiya paytaxtı da bizi məyus etmədi. Qarşımızda Rembrandt və Van Qoq kimi dahi rəssamların şedevrlərinin qorunub-saxlandığı, “oyuncaq evlər”ə bənzəyən yaraşıqlı binaların bir-birinə calandığı yüksək mədəniyyətin mərkəzi canlandı. Şəhərin düz ortasında isə ölkədə ən iri, təqribən 200 yaşı olan zoopark yerləşir. Amsterdamda ləzzəti damaqdan getməyən onlarca pendir sortunun dadına baxmaq, səliqəli küçələrdə velosipedlə gəzmək və məşhur zanbaq sortlarının soğanağını almaq mümkündür. Yeri gəlmişkən, zanbaq sarıdan yaman bəxtimiz gətirdi. Axı dünyanın ən gedimli-gəlimli parklarından biri olan Kökenhofda milyonlarla açılmış zanbaq tarlalarını seyr etmək səadəti hər gün nəsib olmur. Həqiqətən xariqüladə hadisədir. Amma gəlin tələsib hadisələri qabaqlamayaq!

Metronun sirləri və velosipedçi səadəti

Amsterdamda bizim üçün ayrılan dörd gün ərzində bu şəhərə ilk dəfə gələn hər bir turistə məlum olan “minimum proqramı” yerinə yetirməli idik: Reykmyuseum (Rembrandtın “Gecə gözətçisi”) və Van Qoq muzeylərinə baxmaq, su kanalında qayıqla üzmək, velosiped sürmək, əsl holland pendirinin dadına baxmaq, zanbaqlara tamaşa etmək, vaxt qalsa, attraksion parklarından birinə və şəhər zooparkına getmək. “Bəs qırmızı fənərlər məhəlləsi” sualına isə qabaqcadan cavab verim ki, orada da olduq. Bu küçənin yanından ötüb keçmək mümkün deyil: şəhərin mərkəzindəki saysız-hesabsız kanallar boyunca gəzişərkən özünüz də hiss etmədən gecə klublarının yerləşdiyi bu rayona gələcəksiniz. Bu yerlər həmişə turistlə dolu olur. Hava isə qatı siqaret tüstüsünə bürünüb. Amma amsterdamlıların çoxunun etdiyi kimi, bir dəfə bu əxlaqsızlıq yuvasında olandan sonra bu yerdən yan keçəcəksiniz. 

Bu naməlum ölkəyə gələn turist ilk növbədə aeroportdan çıxıb otelə gəlmək məsələsini həll etməli olur. Amsterdamın Shiphol aeroportu şəhərin mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşir. Ora həm avtobus, həm qatar, həm də taksi gedir. Biz yalnız metronun otelimizin yanında yerləşən stansiyasının adını bilirdik. Buna görə də məsləhət üçün aeroport ərazisindəki informasiya köşkünə müraciət etdik. Burada bizə məsləhət gördülər ki, qatarla bir stansiya gedib metroya minək, çünki birbaşa aeroportdan metro qatarı getmir.

Bilet alıb düz aeroportun altında yerləşən dəmir yolu platformasına yollandıq. Bir dayanacaq gedəndən sonra metroya girdik. Metronun sxemi ilk baxışda çox dolaşıq göründü və biz yenə də kömək istədik. Yaxşı ki, hər stansiyada üzərində “İ SOS” sözləri yazılmış informasiya köşkləri var: düyməni basan kimi operatora zəng daxil olur. Siz sual verirsiniz və dərhal cavab alırsınız. Cavabı başa düşmək üçün ingilis dilini baza səviyyəsində bilmək kifayətdir. Məlum oldu ki, Amsterdam metrosunun eyni platformasından müxtəlif istiqamətlərdə qatarlar şütüyür. Biz istədiyimiz stansiyaya getmək üçün 51 nömrəli qatarı gözləməliyik.

İndi isə otellər barədə. Səfərlərimiz bu və ya digər ölkədə istirahətin xüsusiyyətləri barədə oxucuları məlumatlandırmaq məqsədi daşıdığı üçün biz müxtəlif kateqoriyalı səyyahların maraqlandığı otelləri seçməyə çalışırıq. Amsterdamda ilk otelimiz – mərkəzdən piyada 15 dəqiqəlik məsafədə sakit bir rayonda yerləşən çox maraqlı “The Student Hotel” oldu. Mehmanxana vaxtilə “Trouw” və “Parol” qəzetlərinin redaksiya və mətbəələrinin yerləşdiyi yenidən qurulmuş binadadır. Otelin orijinal dizaynı ənənəvi komfortla vəhdət təşkil edir. Bir nömrə üçün 50 avrodan başlayan qiymətlər isə münasibdir. Otelə gələn hər bir müsafiri qeydiyyat prosesi zamanı dondurmaya qonaq edirlər. Burada proqramımızın bir bəndini də həyata keçirdik: otelin nəhəng velosiped parkından götürdüyümüz velosipedlə gəzintiyə çıxdıq.

Qeyd edim ki, Amsterdamda velosiped sürmək adama ləzzət edir. Bütün şəhərdə velosiped üçün xüsusi yollar nəzərdə tutulub. Bu yollarla görmək istədiyin yerə asanlıqla çata bilərsən. Velosipedi olmayan amsterdamlını təsəvvürə gətirmək çox çətindir: uşaqdan böyüyədək hamı velosiped sürür. Həm otellərdə, həm də xüsusi kirayə məntəqələrində gündə 5 avroya velosiped icarəyə götürmək olar. Hər bir velosipedçi parketmə üçün açarlı metal burazla təchiz olunur: siz velosipedin burazını hər addımbaşı rast gəldiyiniz tutacaqlara, yaxud sadəcə metal hasara dolayırsınız və sakitcə işinizin dalınca gedirsiniz. İşdir yorulsanız, yaxud otelə gedən yolu unutsanız, bunu da özünüzə dərd etməyin, çünki velosipedinizlə birlikdə istədiyiniz tramvaya və ya metro stansiyasına minib sizə lazım olan stansiyaya gedə bilərsiniz.

Doyunca velosiped sürəndən və yolboyu qarşımıza çıxan “ikinci əl” mallar bazarına, maraqlı abidələrə və binalara baxandan sonra biz də yolumuzu azdıq, amma otelə piyada qayıtmaq qərarına gəldik. Müşahidə etdiyim bir məsələni sizinlə bölüşüm: hansı ölkədə olursunuz-olun, sizə lazım olan otelin yerini ətrafdakı otellərin işçilərindən soruşun. Çox güman, bu və ya digər mehmanxananın harada yerləşdiyini adi yoldan keçən bilməyəcək, amma otel işçiləri öz rəqiblərini yaxşı tanıyırlar. Bu dəfə də qarşımıza çıxan otellərin birindən “The Student Hotel”ə gedən yolu soruşduq və tezliklə otelimizi tapdıq.

Xanımlar meydanı, qayıqda gəzinti və holland pendiri

Yeni gün və yeni mehmanxana. Sən bir işə bax: “INK Hotel” də tarixi binada - “De Tijd” qəzetinin keçmiş qərargahında yerləşir. Görünür, burada artıq belə bir meyil yaranıb: əvvəllər geniş binalarda yerləşən mətbu nəşrlər istehsalat məkanlarını ixtisara salır və öz yerlərini elektron KİV-lərə verirlər. 

Budəfəki otelimiz də Amsterdamın turistlərin ən çox müşahidə olunduğu hissəsində - Xanımlar meydanının yaxınlığında yerləşir. Bu yerləri müşahidə etmək fürsəti əldə etdik. Əgər bütün qatarların gəldiyi mərkəzi vağzalda düşüb, Damrak küçəsi boyunca getsəniz, mütləq Xanımlar meydanına çıxacaqsınız və maraqlı hadisələrin şahidi olacaqsınız. Burada tez-tez küçə artistlərinin tamaşaları olur, bəzən isə ciddi etiraz aksiyaları keçirilir. Biz “Fələstinə azadlıq” aksiyasının şahidi olduq. Üzərində fotoşəkillər və şüarlar olan plakatları meydana gətirən könüllülər arzu edənlərlə bu mövzuda danışırlar.

Dam meydanında 1655-ci ildə inşa edilən və Avropada ən böyüklərdən biri olan Kral sarayı ucalır. O, Hollandiya kraliçasının sərəncamındadır, dövlət qəbulları və rəsmi mərasimlər üçün istifadə olunur. Sarayda XVII-XVIII əsrlərə aid zəngin mebel, çilçıraq, rəsm və heykəl kolleksiyası saxlanılır. Muzeyə bilet alan hər kəs bu kolleksiyaya tamaşa edə bilər.

Elə bu meydanda madam Tüsso Muzeyi, dünya şöhrətli London mum fiqurlar muzeyinin ilk filialı yerləşir. Əgər müxtəlif ölkələrin və dövrlərin tanınmış şəxsiyyətlərinin surətlərinə baxmaq istəsəniz, buyura bilərsiniz. Muzeyə giriş biletinin qiyməti təxminən 20 avrodur.

Ümumiyyətlə, Amsterdam muzeyləri ayrıca söhbətdir. Burada onlar bəs deyən qədərdir: klassik muzeylərdən tutmuş, yastıq, pişik, pendir, işgəncə və s. kimi əcaib muzeylərədək. Muzey məsələsinə hələ qayıdacağıq, hələlik isə şəhərlə çaparaq tanışlıq üçün gözəl üsul olan gəzinti qayığına minməkdən ötrü yolumuzu mərkəzi vağzala salaq.

10 avroluq bilet alırsınız və tarixi mərkəzi nəzərdən keçirtmək imkanı əldə edirsiniz.

Qulaqcıqdan eşitdiyimiz səs bizi agah edir ki, üçbucaq pilləli damları olan, cırtdan evlərə bənzər səciyyəvi Amsterdam binalarının əksəri Qızıl dövrdə (XVII əsr) ucaldılıb. O zamanlar Amsterdam dünyanın ən mühüm limanlarından və böyük ticarət mərkəzlərindən biri idi. Həmin dövrdə təsis edilən holland “Ost-Hind” şirkəti Yaponiya, Çin, Seylon adası və İndoneziyadan gətirilən çay, gümüş, toxuculuq məmulatları və ədviyyat ticarətini həyata keçirirdi. Qısa müddətdə varlanan tacirlər dəbdəbəli mülk tikintisində bir-biri ilə yarışdı. Maraqlıdır ki, binalar nə qədər dəbdəbəli olsa da, onların hamısının dar qapısı və pilləkənləri var idi və bu, mebelin içəri salınmasında problem yaradırdı. Bu məqsədlə evlərin frontonlarında qaldırıcı mexanizmləri olan xüsusi tirlər olurdu və onlardan bu gün də istifadə edilir. Binaların əksəri çox yaxşı saxlanılıb, hərçənd onlardan bəziləri azca əyilib, bu da təəccüblü deyil, axı Amsterdam su üzərində inşa olunub və bir çox tikililər taxta dirəklər üstündə durur.

Amsterdam xüsusiyyətlərindən biri də üzən evlərdir. Bir qayda olaraq, bunlar sahilə yan alan köhnə qayıqlar, barjalar və katerlərdir. Bu sayaq tikililər ənənəvi evlərdən heç nə ilə fərqlənmir: bura qaz, elektrik, su çəkilib, kanalizasiya qoşulub, sakinlər də bütün zəruri kommunal xərcləri ödəyir.

Şəhərin müasir memarlığı da maraq kəsb edir. Hər yerdə sanki memarlığın oturuşmuş qanunlarına meydan oxuyan qəribə binalar görmək mümkündür. Məsələn, vağzaldan çox da uzaqda olmayan, Niderlandın ən böyük elmi muzeyi “Nemo” gəmiyə bənzəyir. Əslində, memarın niyyətinə uyğun olaraq bina öz cizgiləri ilə onun altından keçən dəniz tunelini xatırladır. Tunelin divarları kimi, muzeyin korpusu mis plitələrlə üzlənib, illər ötdükcə bu plitələr yaşılımtıl patina ilə örtülüb.

Başımız maraqlı söhbətə qarışdığından ekskursiyaya ayrılmış vaxtın necə başa çatmasının fərqinə varmadıq və qayıq mərkəzi körpüyə qayıtdı. Otelə dönərkən Amsterdamda hər addım başı qarşıya çıxan pendir mağazalarına baş çəkmək qərarına gəldik. Əslində, holland pendirləri ilə tanışlığınız Amsterdamda qaldığınız ilk gündən başlayır: oteldə nahar, istənilən kafe və restoranda günorta və ya şam yeməyində bir qab pendir əskik olmur. Niderlandda pendir növləri saysız-hesabsızdır, o cümlədən dünyaca tanınan “qauda”, “maasdam”, yaxud “edam”. Neçə növ pendir daddıq, amma dadsız pendirə rast gəlmədik. Bəli, pendir hazırlanmasında hollandların tayı-bərabəri yoxdur.

Mağazalarda tavanadək üst-üstə düzülən pendirlərdən marağınızı çəkən istənilən növün dadına bax bilərsiniz. Burda hansı növ yoxdur ki! İnək və keçi südündən, göyərtili və ədviyyatlı pendirlər. Qiymətlər də əlçatandır: 6 avrodan başlayır. Hərçənd şəhərdə pendir almağa vaxtınız qalmasa, onu uçuşdan əvvəl də əldə edə bilərsiniz. Sxiphol hava limanında da müxtəlif növ pendirlərin geniş çeşidi var.

Üzən bazar və tülpan dənizi

Yeri gəlmişkən, elə burada, Sxiphol hava limanında Niderlandın rəmzi olan daha bir məhsul satılır - tülpan soğanağı. Amma yaxşı olar ki, ondan ötrü gül bazarına gedəsiniz. Gül bazarı Amsterdamın görməli yerlərindən biridir. Biz belə də etdik. Xoşbəxtlikdən bazar sürprizlərlə dolu bu şəhərdə son iki gecəni keçirdiyimiz növbəti otelimizin – “De L'Europe Amsterdam”ın yanında yerləşirdi. Gəlişimizi elə bil məxsusi gözləyirdilər: otel otağına girər-girməz bizə çörək, kərə yağı və kürü gətirdilər – otelin hədiyyəsi. Əslində, təəccüblənməyə dəyməzdi, “De L'Europe Amsterdam” artıq yüz ildir fəaliyyət göstərən dəbdəbəli oteldir, onun qonaqları arasında isə ulduz simalar, məsələn, aktyor David Duxovnı və Antonio Banderas olub.

Kürüdən dadıb kəmərimizin altını bərkidəndən sonra Singel kanalı ilə bazara yollandıq. Bu bazarı həm də dünyada yeganə üzən gül bazarı adlandırırlar, çünki mağazalar sahilə yan alan barjalarda yerləşir. Doğrudur, bunu dərhal seçməzsən, çünki barjalar sahilə möhkəm bərkidilib və hətta yırğalanmırlar. 1862-ci ildən fəaliyyət göstərən bazar bütün dünyanın dörd bir yanından gətirilən ekzotik bitkilərdən tutmuş ənənəvi holland lalə və qızılgüllərədək çiçək və bitkilərin ticarəti üzrə ixtisaslaşıb. Bazarda yerli suvenirlərin də geniş çüşidi var: taxta başmaqlar, süni lalə buketləri, balaca dəyirmanlar və s.

Miniatür bansay ağacını, yaxud səhləb çiçəyini almaq şirnikdirici olsa da, geri qayıdanda işimizi nəql problemləri ilə çətinləşdirməmək üçün biz soğanağı seçdik. Yaxşı ki, bu bazarda qiymətlər də əlçatandır. Özünüz nəticə çıxarın: 25 seçmə tülpan soğanağı 3,5 avroya satılır. Onlardan bəzilərini özünüzə saxlaya, digər hissəsini Amsterdamdan gözəl hədiyyə kimi dostlarınıza verə bilərsiniz.

Biz Hollandiyada gül becərmə mədəniyyəti ilə tanışlığı bazarla məhdudlaşdırmamaq qərarına gəldik və sorağını eşitdiyimiz Kökenhof parkına yollandıq. O, martın axırından mayın ortalarına qədər ildə təxminən iki ay açıq olur. Həmin dövrdə tülpan, nərgiz, sünbülçiçəyi və digər güllərin çiçəklənmə vaxtıdır, bu möcüzəyə tamaşa etmək imkanını əldən buraxmaq ağılsızlıq olardı.

Amsterdamın mərkəzində, demək olar ki, addımbaşı rast gəlinən səyahət büroları Kökenhofa ekskursiyalar təklif edir. Lakin bu parka özünüz müstəqil şəkildə də gedə bilərsiniz. Aeroportdan hər 15 dəqiqədən bir yola düşən avtobuslar düz həmin parkın qapısına qədər gedir. Gediş haqqı (hər iki başa) 10 avro, yolda olma müddəti 25 dəqiqədir. Parka girmək üçün daha 16 avro ödəmək lazım gələcək, lakin bu xərci çəkməyə dəyər. Axı eyni vaxtda çiçək açan yeddi milyondan çox bitkini daha harada görə bilərsiniz? Burada təkcə tülpanların 800-dən çox növü var: adi, saçaqlı, tutuquşuya oxşar, göy qurşağının bütün rənglərində, o cümlədən qara və yaşıl güllər açan tülpanlar!

Kökenhofda çoxlu bağ və dörd böyük pavilyon var. Burada təsəvvür edə biləcəyiniz ən gözəl güllər rast gəlinir: tülpanlar, giasintlər, qərənfillər, qaymaq çiçəyi, bənövşə və sair. Pavilyonlardan biri bütünlüklə səhləb çiçəklərinə həsr edilib.

Kökenhof hər il bir əsas mövzuya uyğun gələn tamamilə yeni görkəm alır. Keçən il ekspozisiya Van Qoqun yaradıcılığına həsr edilmişdi. Builki şou isə “Qızıl əsr” adlanır. Həmin dövrdə Hollandiya dünya bazarında ticarət sayəsində varlanıb. Bu münasibətlə parkda 250 kvadrat metr sahədə 100.000 tülpan, giasint və krokusdan mozaika hazırlanıb. Mozaikada dəniz ticarəti və Amsterdamın zəngin evləri təsvir olunub.

Parkda uşaqlar üçün də maraqlı olacaq. Burada uşaqlar üçün hər cür şərait yaradılıb – onlar mini-fermada keçi, quzu kimi ev heyvanları ilə “tanış olur”, güllərdən ibarət labirintlər arasında gizlənqaç oynayır, yelləncəkli uşaq meydançalarında əylənirlər.

Özünüzlə fotokamera götürməyi də unutmayın. Təsadüfü deyil ki, bu park yer üzündə ən çox fotoşəkil çəkilən məkan sayılır. Buraya hər il təxminən 800.000 insan gəlir və demək olar ki, hər kəs burada şəkil çəkdirir. Onları başa düşmək çətin deyil, axı fotosessiyalar üçün heç yerdə bu cür effektli fon tapa bilməzsiniz. Şübhəsiz, bura bütün Hollandiyada çiçəklənən tülpanlar fonunda şəkil çəkdirmək üçün ən münasib yerdir.

Mikroblar zooparkı və “Gecə patrulu”

Amsterdamda olduğumuz sonuncu gün zooparka və iki məşhur muzeyə - Reyksmuziem və Van Qoq muzeyinə həsr etməyi qərara aldıq. Çoxsaylı attraksionlar parkından heç olmasa birinə getməyə isə təəssüf ki, vaxt qalmadı. 

Amsterdamın lap mərkəzində yerləşən Artis Royal Zoo heyvanxanası Niderlanda ən qədim zooparkdır. 1838-ci ildə əsası qoyulmuş bu heyvanat parkında 700 növə aid 6000-dən çox heyvan saxlanılır. Zooparkın ərazisində planetari, uşaq ferması, böyük akvarium, geologiya və zoologiya muzeyləri də var. Buradakı insektariumlardan biri həşəratların nümayiş etdirilməsi üçün ayrılıb. Lakin gül açan tropik bitkilər arasında ən müxtəlif formalı və ölçülü, tez-tez buraya gələnlərin çiyinlərinə qonan kəpənəklərin uçuşduğu oranjereya bizə güclü təsir bağışladı.

Artis zooparkına biletin qiyməti 20,5 avrodur. Bundan əlavə, dünyada ilk mikroorqanizmlər zooparkına tamaşa etmək istəyirsinizsə, daha 7 avro ödəniş etməlisiniz. Royal Zoo parkının girəcəyində yerləşən və “Micropia” adlanan bu zooparkda mikrobların həyatını və qidalanmasını müşahidə etmək olar. Məxsusi bu zoopark üçün yaradılmış 3D-mikroskop obyektlərin min dəfə böyüdülmüş dəqiq təsvirini böyük ekranda göstərməyə imkan verir.

Ümumiyyətlə, Artis Royal Zoo parkı qəribə duyğular oyadır. Zooparkın ətrafında şəhər həyatı qaynayır, maşınlar və tramvay şütüyür, zooparkın daxilində isə idillik bir mənzərə hökm sürür, yaşıllıq və gül-çiçək, civildəşən quşlar, fəvvarələrdən şırıltı ilə axan su... Geniş volyerlərdə fil, zürafə, zebr, şir, qorilla və digər ekzotik fauna nümayəndələri özlərini çox rahat hiss edir. Lemurlar isə parkın müsafirləri arasında rahatca gəzişirlər. Onlara yaxınlaşaraq xatirə fotoşəkli çəkdirmək olar. Zooparkda dincəlmək və toqqanın altını bərkitmək üçün bir neçə kafe və restoran da var. Açıq deyim ki, bu vəhşi təbiət vahəsindən getmək istəmirdik, lakin vaxt azalmışdı, yolumuza davam etməli, Amsterdamı tədqiq etməli idik.

Niderlandın paytaxtı kiçik şəhərdir. Onun əsas görməli yerləri arasındakı məsafə də çox deyil. Ölkənin əsas muzeyi Reyksmuziem (hərfi tərcüməsi “Dövlət muzeyi” deməkdir) dünyada ən çox ziyarət edilən iyirmi muzey siyahısına daxildir. İctimai nəqliyyata minsəniz, 15-20 dəqiqədən sonra sizi Reyksmuziemin qapısına çatdırar. Bu muzeyin kolleksiyasına rəsm əsərləri, heykəllər, dekorativ sənət nümunələri, arxeoloji artefaktlar, geyim nümunələri, qravürlər və fotoşəkillər daxildir. Bədii kolleksiyanın əsasını XV-XIX əsrlərdə yaşayıb-yaratmış Rembrandt, Vermeyer, Xals kimi tanınmış holland sənətkarların əsərləri təşkil edir. Təbii ki, bu ekspozisiyada əsas yeri Rembrandtın ən məşhur əsəri olan “Gecə patrulu” tablosu tutur. 1906-cı ildə məhz bu əsərin yerləşdirilməsi xatirinə muzeyin binası yenidən tikilib. Muzeydə saxlanılan məşhur əsərlərdən biri də Yan Vermeyerin “Südsatan qız” əsəridir.

Maraqlıdır ki, 2013-cü ildə bu muzey təxminən yarım milyard avroya başa gəlmiş onillik yenidənqurma işlərindən sonra qapılarını yenidən açıb və bu gün tam həcmdə işləyir. Muzeyə giriş biletinin qiyməti 17,5 avrodır. Lakin uşaqlar və yaşı 18-dən aşağı olan gənclər üçün giriş pulsuzdur. Yadda saxlayın ki, bu muzey tez bağlanır – 17:00-da.

Yaxınlıqda yerləşən Vinsent Van Qoq muzeyi isə axşam saat 6-ya qədər işləyir. Biz də Dövlət Muzeyinin ekspozisiyasına tamaşa edəndən sonra oraya yollandıq.

Bu muzeyə giriş biletinin qiyməti 17 avrodur. Maraqlıdır ki, Van Qoq muzeyi Niderlandda ən çox baxılan muzey hesab edilir. Axı rəssamın tablolarının və rəsmlərinin ən böyük kolleksiyası, o cümlədən məşhur “Günəbaxanlar” əsərinin üç versiyasından biri və “Arledə yataq otağı” əsərinin birinci versiyası məhz burada saxlanılır. Muzeydə Van Qoqun müasirləri Pol Qogen, Jorj Sör, Pol Sinyak, Klod Mone, Anri Tuluz-Lotrek və Pablo Pikassonun işləri də geniş təmsil olunub.

Bu muzeylə bağlı bir detektiv əhvalat var. 2002-ci il dekabrın 7-nə keçən gecə naməlum şəxslər tərəfindən bu muzeydən Van Qoqun “Sxeveningen yaxınlığında dənizə açılan mənzərə” və “Nyuenene protestant kilsəsindən çıxış” adlı əsərləri oğurlanıb və həmin əsərlər hələ də tapılmayıb.

Otelə yola düşməzdən əvvəl biz Reykmuziemin mərkəzi giriş qapısı ilə üzbəüz yerləşən “İ Amsterdam” adlanan məşhur installyasiyanın yanında şəkil çəkdirdik. Bu nəhəng ölçülü hərflər turistləri çox cəlb edir. Və onların hər biri bu yazı fonunda xatirə şəkli çəkdirməyi özünə borc hesab edir. Bəzi turistlər hətta həmin hərflərin üstünə dırmaşaraq bunu qadağan edən lövhədəki xəbərdarlığa baxmayaraq yuxarıda poza verirlər. Nə edəsən – incəsənətə sevgi hissi qadağalardan daha güclüdür.

Son söz əvəzi

Amsterdam bizə çox xoş təsir bağışladı. Olduqca maraqlı, təhlükəsiz və qonaqpərvər şəhər müxtəlif mədəniyyətlərin cəmləşdiyi məkandır. Rəsmi məlumata görə Amsterdamda 177 millətin nümayəndələri yaşayır. Burada çoxlu ərəb və türk gördük. Amsterdam küçələrində hicablı qadınların sayı Bakıdakından xeyli çoxdur. 

Amsterdamda muzeylərə getmək, şəhər kanallarında qayıqla gəzmək, tülpanlara tamaşa etmək öz yerində, burada həm də ləzzətli yeyib-içmək imkanı var. Qastronomiya çox müxtəlifdir: küçədə ayaqüstü yemək üçün kartof frisi, siyənəklə dadlı buterbrodlardan başlamış ləzzətli restoran yeməklərinə qədər nə istəsəniz var. Yerli mətbəxlə bir qədər yaxından tanış olmaq üçün “Andaz Amsterdam” otelindəki “Bluespoon” restoranına getdik. Burada bizə yerli fermerlərin məhsullarından hazırlanmış salatlar, müxtəlif dəniz məhsulları və desert pendirlər gətirdilər. Yerli yeməklər haqqında təsəvvür yaranması üçün bundan artıq nə lazımdır?!

Onu da əlavə edim ki, Hollandiya paytaxtına Qəbələdən “Pegasus Airlines” aviaşirkətinin təyyarələri ilə İstanbuldan tranzitlə uçduq. Qəbələ aeroportunu çoxdan görmək istəyirdim. Deməliyəm ki, bu hava limanı yaxşı təsir bağışladı. Müasir, rahat aeroport fasiləsiz işləyir. Gecə saat 3-də burada xeyli adam var idi. Sərnişinlər, onları yola salanlar və qarşılayanlar. Burada kafe və kiçik bir düti-fri mağazası da var. Sərnişinləri Bakıdan Qəbələyə aparıb-gətirmək üçün xüsusi avtobus var. Hər iki başa biletin qiyməti 19 manatdır. Bu məbləğə yolda təklif edilən suyun, çayın və qəhvənin qiyməti də daxildir. Bir sözlə, çox rahatdır.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır