Azərbaycana gələn ərəb turistlərin sayı artdı - 27 DƏFƏ
23 MAY 2016
477

Azərbaycana gələn ərəb turistlərin sayı artdı - 27 DƏFƏ

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən məlumata görə,  təkcə bu ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2.5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.

Bu son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.

Belə ki, aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilmiş və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənib.

Bununla yanaşı xatırladırıq ki, cari ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib. Bununla əlaqədar, yaxın zamanlarda sözügedən ölkələrdən də Azərbaycana gələcək turistlərin sayında artımın baş verəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır