Bu yay İstanbula getmək üçün - 6 SƏBƏB
31 MAY 2016
3005

Bu yay İstanbula getmək üçün - 6 SƏBƏB

Bütün dünyada Türkiyənin simvoluna çevrilmiş “Türk Hava Yolları”nı (THY) azərbaycanlılar əsasən, təsirli reklamları və sərfəli qiymətləri ilə tanıyır. Amma əksəriyyət xəbərsizdir ki, THY xidmət səviyyəsinə görə də, Avropanın digər aviaşirkətlərini arxada qoyaraq artıq 5-ci ildir ki, qitənin ən yaxşı aviadaşıyıcısı seçilib.

Mayın 25-26-da “Türk Hava Yolları” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın yerli media nümayəndələri İstanbulda press-turda olublar. Səyahət zamanı jurnalistlər “Türk Hava Yolları” brendi və xidmətləri ilə yaxından tanış olub, həmçinin, İstanbulun turizm imkanlarını şəxsən qiymətləndiriblər. Press-tur çərçivəsində Türk Hava Yolları baş ofisi, Türk Hava Yolları Aviasiya Akademiyası, Türk Hava Yolları təyyarələrində yeməkləri təmin edən Do&Co şirkətinə və İstanbulun görməli yerlərinə gəzinti təkşil olundu. 

1. “Xoş gəldin” içkiləri və “Uçan aşpaz”lar...

Əksəriyyətimiz təyyarədə biznes-sinifdə uçmağı israfçılıq sayırıq. Doğrudan da, eyni təyyarə, eyni reys, üstəlik, ünvana da eyni vaxtda çatırıqsa bir ətək pul xərcləməyə nə ehtiyac. Amma “Türk Hava Yolları”nın (THY) biznes-sinifi ilə səyahət bu münasibəti kökündən dəyişdi. Hələ də belə fikirləşənlərin nəzərinə: imkan olsa, THY-da biznes sinfin «dadına baxın» - pul verməyə dəyər.

İstanbula uçanda şirkətin biznes sinfinin uçuş şəraiti ilə daha yaxından tanış etmək üçün “Türk Hava Yolları” (THY) bizi biznes sinif biletləri ilə təmin etdi. Yuxarıdakı söhbətə qayıdıram - rahat oturacaqlar, “xoş gəldin” içkiləri, özəl təqdimatlı yeməklər, təklif olunan ən yeni qəzetlər biznes sinfinin uçuşuna fərqlilik qatır. Bir tərəfdən də “Uçan aşpazlar”…

“Türk Hava Yolları”nın partnyoru, dünyanın ən böyük keyterinq şirkətlərindən biri “Turkish Do&Co” artıq 6 ildir ki, “THY”-nin birinci sinif və biznes sinfinin uzaq uçuşlarında “Uçan aşpaz” (Flying Chef), yaxın uçuşlarında isə “Uçan Xidmət aşpazları” (Flying Service Chef) xidməti göstərir.

“Uçan aşpaz”lar təyyarədə yemək hazırlamır, çünki 10 km hündürlükdə bunu etmək mümkün deyil, əvəzində onlar hazır yeməklərin zövqlü təqdimatı və sərnişinlərə özəl xidməti ilə məşğuldurlar. Məşhur türk komediya ustası Cem Yılmaz demiş, insan özünü burada ingilis lordu kimi hiss edir. 

“Türk Hava Yolları” Baş ofisini ziyarət

Hava limanından birbaşa “Türk Hava Yolları”nın baş ofisinə yollandıq. Şirkətin satış müdiri (baş vitse-prezidenti) Ziya Taşkent aviasiya sənayesi və “THY”-nin inkişaf tarixi barədə məlumat verdi. THY bu gün dünyanın 285 istiqamətinə, 40-dan çox meqa şəhərinə uçuşlar təşkil edir. 2033-cü ildə bu şəhərlərin sayının 91-ə yüksəldilməsi hədəfdədir. Hər gün 50000-dən çox insan qısa məsafələrə (0-2 saatlıq), 20000-dən çox insan orta məsafələrə (2-6 saatlıq), 10000-dən çox insan isə uzun məsafələrə (6 saatdan çox) THY vasitəsilə səyahət edir. 2015-ci ildə 35 milyonu beynəlxalq, 26 milyonu isə yerli sərnişinlər olmaqla, ümumilikdə 61,2 milyon sərnişin daşıyıb. Bu ilin birinci rübündə bu rəqəm müvafiq olaraq, 41,8 milyon beynəlxalq və 30,6 milyon yerli sərnişin olmaqla, ümumilikdə 72,4 milyon sərnişinə çatıb.  THY 2023-cü ildə sərnişinlərin sayını 120 milyona çatdırmağı nəzərdə tutub. 

2. Avropanın ən yaxşı şirkəti

Amma THY təkcə sərfəli qiymətlərinə görə deyil, xidmət səviyyəsinə görə də Avropada birincidir. Aviasərnişinlərin məmnuniyyətini dəyərləndirən Britaniyanın nüfuzlu “Skytrax” şirkəti ötən il 5 il ard-arda olmaqla,THY-ni “Avropanın ən yaxşı” hava yolu şirkəti seçib. Hazırda THY-nin Türkiyənin ÜDM-də payı 5,9%-dir, yaxın 20 ildə bu payın 7%-ə yüksəlməsi planlaşdırılır. 

“Türk Hava Yolları Aviasiya Akademiyası”nı ziyarət

Türkiyə aviasiya sənayesinin bu yerlərə gəlib çıxmasında, heç şübhəsiz ki, Akademiyanın rolu böyükdür. Akademiyada hər il 25 minə yaxın tələbə, uzaqdan təhsil vasitəsilə isə 230 min tələbə təhsil alır. Akademiyada təkcə türk hava yolları şirkətləri üçün deyil, dünya üzrə hava yolları şirkətlərinə, karqo şirkətlərinə, turizm agentliklərinə, universitetlərə, havalimanı əməliyyat qrupları təşkilatlarına karqo, sərnişin xidmətləri, təhlükəsizlik, təşkilati inkişaf, satış xidmətlər, xarici dil, uçuş qorxusunu aşma, psixoloji hazırlıq və s. mövzularda təlim keçilir.

Akademiyada real təyyarə simulyatorlarında professional pilotlar mütəmadi olaraq uçuş öncəsi təcrübə keçir. Təcrübi uçuşlardan uğurla keçməyən pilotlar real sükan arxasına buraxılmır. Ümumilikdə, uçuş heyətinin üzvü olmağa namizəd hər kəs praktiki təlimlər keçir. Aviasiya sahəsində işləyənlər özləri də hər 6 aydan bir bu təlimlərdən təkrar keçir.

Akademiyaya səfər çərçivəsində A320 təyyarə simulyatorunda qısa təlim keçmək imkanımız oldu.

Təlim arası tənəffüsdə bizə zaman ayıra bilən kapitan təyyarənin işə düşmə mexanizmi barədə bizə məlumat verdi, həmçinin, İstanbul üzərindən virtual təyyarə turu həyata keçirdi. 

3. Müqəddəslərin aləminə səyahət

Press turun ikinci günü İstanbul gəzintisinə həsr olunmuşdu. Gəzintiyə 623 illik tarixə malik Osmanlı imperiyasının 380 ilinə şahidlik edən “Topkapı sarayı”ndan başladıq. Əvvəllər bura gəlmək istəsəm də bir neçə dəfə növbənin böyük olduğunu görüb vaz keçmişdim. Amma dəyərmiş – Topkapıda saxlanan qiymətli və müqəddəs əşyaları görmək istənilən turistin, illah da ki, müsəlmanın arzusudur.

Təsəvür edin: Sarayın “Kutsal emanetler odası” (müqəddəs əmanətlər otağı) adlandırılan otağında Məhəmməd Peyğəmbərin əbası, saqqal nümunəsi, Ühüd döyüşündə qırılan dişinin saxlanıldığı məhfəzə, Peyğəmbərin ayaq izi, məktubları, oxu, qılıncı və s., həmçinin digər peyğəmbərlərə və səhabələrinə aid əmanətlərdən, Hz.İbrahimin yemək yediyi qazan, Hz.Musanın dənizi ikiyə böldüyü əsası, Hz.Davudun qılıncı, Hz.Yusifin cübbəsi, səhabələrin qılıncları, Hz.Fatimə və Hz.Hüseynə aid köynək, əba, səccadə və sandığı mühafizə olunur.

Osmanlı sultanlarının saatları

Burada qiymətli zinət əşyaları, Osmanlı padşahlarına hədiyyə olunan silahlar, saatlar, həmçinin digər qiymətli əşya nümunələri, padşah və onun ailəsinə məxsus əşyalar da saxlanılır.

Daha sonra Bizans imperiyasının yadigarı, mifik Meduza obrazının Roma imperiyası dövründə yaradılan heykəlinin saxlanıldığı Yerebatan su anbarında olduq.

Şəhər gəzintisini İstanbul boğazında (Bosfor boğazı) gəmi turu ilə yekunlaşdırdıq. 

4. Təhlükəsiz İstanbul – turizm mövsümü qızışıb

Şəhər gəzintisi boyu nəzərimi çəkən məqamlardan biri İstanbula gələn turistlərin sayı oldu. Qeyd edək ki, indiyədək Bakıda müzakirə olunan əsas məsələlərdən biri bir neçə dəfə baş verən terror aktlarından sonra Türkiyənin, xüsusilə İstanbulun təhlükəsizliyi ilə bağlı idi. Amma burada gördüklərimiz əksini deyir. Aktiv turizm mövsümünün yeni başlamasına baxmayaraq, gördüyüm qədər son vaxtlarda törədilən terror aktları da turistləri sevdikləri şəhəri ziyarət etməkdən çəkindirməmişdi. Turist sayından əlavə, səyahət edənlərin coğrafiyası da dəyişib. Məsələn, iki il əvvəl İstanbula gəldiyim zaman şəhərdə bu qədər asiyalı və afrikalı ilə rastlaşmamışdım.  Bir sözlə, terror həyacanı arxada qalıb - İstanbulda həyat əvvəlki kimi qaynayır. 

5. İstanbulda yeni aeroport açılacaq

Görünür ona görə, Türkiyə hökuməti turistlərin bir qədər də artımına hazırlaşır. 2018-ci ilin fevral ayında İstanbulda Sabiha Gökçen, Atatürk Beynəlxalq Hava Limanından sonra, Qara dəniz bölgəsində 3-cü hava limanı işə düşəcək. Yeni aeroport birinci fazanın açılışından sonra 90 milyon sərnişin tutumu ilə dünyanın 3-cü ən böyük hava limanı olacaq. Bütün fazalar yekunlaşdıqdan sonra isə, 76,5 km2 sahəsi, 396 təyyarə parklama yeri, 6 uçuş-enmə zolağı, 4 terminal və 150 milyon sərnişin tutumu ilə dünyanın ən böyük hava limanı olacaq. Bütün fazalar istifadəyə verildikdən sonra Atatürk Hava limanı sərnişinlərin üzünə bağlanacaq və yalnız yük daşımaları üçün istifadə ediləcək. 

6. Uçuş öncəsi massaja nə deyirsiniz?

“Skytrax” şirkəti Avropanın ən yaxşı daşıyıcısı adını THY-ə boş yerə verməyib. Bunun əsas səbəblərindən biri dünyanın ən yaxşı biznes sinif hava yolu lounge-u seçilən “Turkish Airlines Lounge Istanbul”dur. Bu zalın sahəsi heyrətləndirici qədər böyükdür - 6000 m2. Təsəvvür edin ki, dünyanın bəzi hava limanlarının sahəsi “Turkish Airlines Lounge Istanbul”-un sahəsindən kiçikdir. Uçuş öncəsi istirahət üçün nəzərdə tutulan ikimərtəbəli lounge-da kafelər, uşaqlar üçün avtomobil yarışı oyunları, playstation, bilyard masası, kitabxana, dua otağı, telekonfrans zalı, hətta qolf simulyatoru  var. Əl baqajınız istirahətinizə mane olmasın deyə, onu lounge-dakı şüşə seyflərdə də qoruya bilərsiniz.

Yorğun və uzun məsafəyə uçacaq sərnişinlər üçün lounge-un hər iki mərtəbəsində gəzişən massajist-terapistlər elə oturacaqlarınızda sizə pulsuz rahatlayıcı massaj xidmətini təklif edir.

Lounge-da həmçinin, 8 özəl suit otaq fəaliyyət göstərir. Öncədən bron etməklə siz uçuşa qədər olan zamanınızı bu otaqlarda da keçirə bilər, duş ala, dincələ bilərsiniz.

Amma lounge-ı ziyarət etmək bir qədər təhlükəlidir. Buradakı əyləncələr adamış başını o qədər qatır ki, uçuşu ötürə bilərsiniz. “Türk Hava Yolları”nın nümayəndələri bizə lounge haqda öncədən məlumat verəndə demişdilər ki, buradakı istirahətdən başı açılmayan sərnişinlərin bəziləri uçuş vaxtını unudub təyyarəni qaçırıblar. Açığı bir az şişirdilmiş məlumat kimi gəlmişdi mənə. Ta ki, təyyarəyə “son çağırış” xəbərdarlığı ilə güclə yetişənə qədər :).

Vəfa Rüstəmova/Fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır