Masallı yay turizm mövsümünə hazırdır - 25-30 MANATA KOTTECLƏR
06 İYUN 2016
823

Masallı yay turizm mövsümünə hazırdır - 25-30 MANATA KOTTECLƏR

Xəzər dənizi və Talış dağları ilə əhatələnən Masallı ölkəmizin səfalı guşələrindən biridir. Hər il olduğu kimi, bu il də Masallıya gələcək turistlərin sayının çox olacağı gözlənilir.

Rayonun turizm obyektləri və istirahət mərkəzləri yeni mövsümdə turistləri qəbul etməyə tam hazırdır.

Masallı xüsusilə müalicəvi turizmi ilə turistlərin sevimli məkanına çevrilib. Rayon həm termal, həm də soyuq mineral bulaqlarla, bəzi yerlərdə isə tərkibində kükürd və digər elementlərin olduğu bulaqlarla zəngindir.

Rayonun Ərkivan kəndinin yaxınlığındakı “İstisu” müalicəvi istirahət mərkəzinə ölkəmizin müxtəlif regionlarından və xaricdən gələn turistlər burada revmatizmdən və digər xəstəliklərdən müalicə alırlar.

Şəhərdəki tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlar, Musaküçə kəndində hörmə-həsir, Türkoba kəndidə baş yaylıqları, Ərkivan kəndində müxtəlif dulusçuluq məmulatları, dağ kəndlərində palaz, corab, əlcək, Qəriblər, Kolatan, Sığdaş kəndlərində milli ornamentlə bəzədilmiş taxta alətlərlə tanışlıq turistlər üçün maraqlı olacaq.

Rayonun turizm obyektlərindən birində inzibatçı işləyən Balabəy Ağayev bildirib ki, əvvəllər orta ümumtəhsil məktəblərində dərslər may ayında başa çatdığına görə bölgəyə turist axını iyun ayından başlayırdı. Bu il son zəng tarixinin uzadılması qismən də olsa turist axının ləngidib.

Yeni turizm mövsümündə turizm obyektləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklər. Bölgəyə gələn turistlər isə əsasən təbiət qoynunda dincəlməyə üstünlük verirlər. Kənd turizminin inkişaf etdirilməsi bu baxımdan önəmli rol oynayır.

Ötən il ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinin turizm sektoruna müsbət təsir etdiyini bildirən yerli sahibkarlar qeyd ediblər ki, Bakıda keçiriləcək “Formula-1” yarışları da bölgəyə turist axınına müsbət təsir göstərəcək.

Masallının turizm obyektlərini gəzərkən burada dincələn türkiyəli turistlərlə də qarşılaşdıq. Şəhərin səs-küylü həyatından bezib, sakit guşədə dinclik tapmaq üçün buraya gələn türkiyəli turist Məsud Akkaya deyib: “Ölkənizdə turizm baxımından hər şey gözəldir. “Formula-1” yarışları baxımından da əladır. Üç gündür ki, burada dincəlirəm. Çox bəyəndim. Masallının gözəl və səfalı təbiəti var”.

Qeyd edək ki, Masallının turizm obyektlərində birotaqlı kotteclər müştərilərə 25-30 manata, üçotaqlı kotteclər isə 40-45 manata təklif edilir. Bu xidmətə səhər yeməyi də daxildir. Kəndlərdə fərdi evlər isə daha ucuz qiymətə təklif olunur. İstirahət günlərində turistlər üçün rayonun görməli yerlərinə gəzintilər də təşkil edilir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır