Lənkərana gələn turistlər azalıb
22 İYUN 2016
219

Lənkərana gələn turistlər azalıb

Bu il yay turizm mövsümü ərəfəsində cənub bölgəsində havaların qeyri-sabit, yağmurlu keçməsi turizm obyektlərinə də təsirsiz ötüşməyib. Həm turizm obyektlərinə, həm də dənizkənarı çimərliklərə üz tutanların sayı ötən ilin mövsümü ilə müqayisədə xeyli azalıb.

Fins.az-ın məlumatına görə, belə vəziyyət təkcə çimərliklərdə və turizm obyektlərində deyil, otel və mehmanxanalarda da müşahidə olunur. Otellərdən və mehmanxanalardan bildirilib ki, əgər ötən il may-iyun aylarında otaqların əksəriyyətində müştəri olurdusa, indi demək olar ki, tam əksi baş verir.

Sahibkarlar bu cür vəziyyətdə daha çox turist cəlb etmək üçün tur-paketlər təşkil etməyə üstünlük verməyi məsləhət edirlər. Müqəddəs Ramazan ayının başlaması da rayona turistlərin gəlməsinə təsir edən amil kimi qeyd olunur.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, may-iyun aylarında rayona gələn turistlərin sayında azalma olsa da, birinci yarımildə turist sayı ötən ilin müvafiq dövründən çox olub. 2015-ci il ərzində turistlərin sayı 15 minə yaxın olub. Bu ilin birinci yarısında isə Lənkərana 8 min turist gəlib.

Ötən il rayona üz tutan turistlərin 12 faizinin xarici qonaqlar olduğunu deyən İ.Əzimov qeyd edib ki, növbəti aylarda Lənkəranda yerli və əcnəbi qonaqların sayının daha çox olması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır