Nabran zonası turistləri gözləyir – QİYMƏTLƏR
29 İYUN 2016
2947

Nabran zonası turistləri gözləyir – QİYMƏTLƏR

Azərbaycanın ən böyük turizm potensialına malik bölgələrindən olan Nabran istirahət zonası yay mövsümündə qonaqları qarşılamağa başlayıb.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, 80-dən çox turizm obyektinin fəaliyyət göstərdiyi Nabranda çimərlik mövsümü iyunun ikinci ongünlüyündən start götürüb.

Gündəlik kirayə evlər 30-40 manata təklif olunur

Hazırda Nabran çimərliklərinə daha çox yerli turistlər gəlir. Bəzi turistlər buradakı müasir tələblərə cavab verən istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi şəxslərə məxsus evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin otellərlə müqayisədə aşağı olması və ev sahibləri tərəfindən turistlərə ödənişsiz bələdçilik xidmətlərinin təklif olunmasıdır. Günü 30-40 manata təklif olunan belə evlər əsasən, Nabran və Müqtədir kəndlərində yerləşir. Evlərin kirayə qiymətləri turistin evdə qalma müddətindən asılı olaraq dəyişir.

Ekzotika həvəskarları yaşıllıqlar arasındakı butulkalı evi də kirayələyə bilərlər

Qeyri-adi məkanda dincəlmək istəyənlər isə Nabran kənd sakini Baləhməd Xanbabayevə məxsus 60 min boş butulkadan tikilən evi də kirayələyə bilərlər. Üç otaq, mətbəx və sanitar qovşaqdan ibarət evin tikintisində yalnız rəngli şüşələrdən istifadə olunub. Tamamilə yaşıllıqla əhatə olunmuş butulkalı ev Nabrana istirahətə gələn turistlərin diqqətini özünə çəkib. Baləhməd Xanbabayev evi ilə yanaşı, həyətindəki bütün yardımçı tikililəri də butulkadan inşa edib.

Otel və kotteclər

Nabranda ev kirayələmək istəyən qonaqlar Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin xidmətlərindən yararlana bilərlər. Mərkəzdə Xaçmazda fəaliyyət göstərən turizm obyektləri ilə yanaşı, evini kirayə verən şəxlər barədə də məlumatlar toplanılıb.

Xaçmazın rayon mərkəzində hazırda dörd otel fəaliyyət göstərir. Bu otellərdə iki nəfərlik nömrələrdə bir gün qalmaq üçün 30 manat ödəmək lazımdır. Nabran turizm zonası istiqamətində yerləşən istirahət mərkəzlərində isə qiymətlər bir qədər yüksəkdir. Turizm obyektlərindəki kotteclərin bir günlük qiyməti 50 manatdan başlayır. Qiymətlər kotteclərin komfotundan və təqdim olunan əlavə xidmətlərdən asılı olaraq dəyişir.

Yeni turizm marşrutları müəyyənləşib

Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov müsahibəsində, otel və istirahət mərkəzlərinin qiymətlərində ötən illə müqayisədə bahalaşma müşahidə olunmadığını bildirib. Bu ilin əvvəlindən mərkəzə İsrail, Rusiya, Ukrayna və başqa ölkələrdən mindən çox turist müraciət edib. Əcnəbi qonaqlar Nabrandakı istirahət obyektlərinə daha çox iyul-avqust aylarında gəlirlər. 

Nabran istirahət zonasına yerli və xarici turistləri cəlb etmək üçün yeni turizm marşrutları da müəyyənləşdirilib. Xaçmaz Turizm İnformasiya Mərkəzi yerli icra orqanları ilə birlikdə tədbirlər planı hazırlayıb. Tərtib olunan yeni turizm marşrutları Nabran istirahət zonası ilə yanaşı, bütün Xaçmaz ərazisini, eləcə də qonşu rayonları əhatə edir. Bu marşrutlar üzrə səyahətə çıxan turistlər əsrarəngiz təbiət mənzərələri ilə yanaşı, tarixi abidələr və digər maraqlı məkanlarla da tanış olmaq imkanı qazanacaq. Mərkəz tərəfindən turistlərə balıqçılıq turları da təklif olunur.

Xaçmaz Turizm İnformasiya Mərkəzindən bildirilib ki, Xaçmaza gələn qonaqlara, eyni zamanda, Quba, Qusar, Şabran və Xızı rayonlarına da səyahət imkanı yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır