Rusiyalı turistlər Türkiyəyə tələsirlər
01 İYUL 2016
475

Rusiyalı turistlər Türkiyəyə tələsirlər

İstanbulun “Atatürk” hava limanında baş vermiş terror aktından bir neçə gün  ötməsinə  baxmayaraq, rusiyalı turistlər ən yaxın vaxtda Türkiyənin istirahət zonalarına getməyə hazırdırlar. Rusiyanın Turizm İttifaqının (RTİ) mətbuat katibi İrina Tyurinanın sözlərinə görə, rusiyalı turistlərin Türkiyəyə səyahət imkanları ilə bağlı turizm şirkətlərinə ardıkəsilməz zəngləri də bunu sübut edir.

Hələ Çərşənbə günü, Rusiya hökuməti tərəfindən Türkiyəyə səyahətə qadağanın aradan qalxacağı xəbəri çıxar-çıxmaz rusiyalı turistlər səyahət şirkətlərinə zəng vurmağa başlayıblar. Tyurina onu da əlavə edib ki, Rusiya prezidentinin “səyahət qadağasının” ləğvi haqqında sərəncamından sonra hər kəsi narahat edən iki sual var:

1) Turizm operatorları nə vaxtdan çarter uçuşlarını həyata keçirməyə başlayacaq?

2) Bu uçuşlar üçün biletin qiyməti neçəyə başa gələcək?

Turizim şirkətləri bildiriblər ki, Türkiyəyə səyahət etmək imkanı bərpa olunduğu elan edildiyi ilk saatlarda şirkətlərə 100-dən çox zəng gəlib. Növbəti günlərdə isə müştərilər elə səhər saatlarından başlayaraq zəng vurmağa başlayıblar.  

RTİ-nin məlumatına görə, rusiya şirkətləri artıq Türkiyəyə səyahət müraciətlərini də qəbul etməyə başlayıblar. Turizm agentlərinin fikrincə, 7 aylıq səyahət qadağasına baxmayaraq, rusiyalı turistlər üçün Türkiyə əsas istirahət istiqaməti olaraq qalıb: “Türkiyə bu cür münasibəti ucuz qiymət müqabilində yüksək keyfiyyət və servis (xidmət) təqdim etdiyinə görə qazanıb. Türkiyə kimi istirahət imkanları və xidmət təqdim edən digər Aralıq dəniz hövzəsində yerləşən Avropa ölkələrində istirahət qiymətləri dəfələrlə bahadır”.

Turizm şirkətlərinin qiymətləndirməsinə görə, potensial turistlərin 30-40%-i Türkiyəni əvəz edə biləcək turizm marşurutu tapmadıqlarından yay tətili üçün hələ də səyahət istiqaməti seçməyiblər. 

Mənbə: İnterfax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır