Azərbaycanda yeni otellər tikilir - NAZİRDƏN AÇIQLAMA
11 İYUL 2016
329

Azərbaycanda yeni otellər tikilir - NAZİRDƏN AÇIQLAMA

"Azərbaycanda turizmin inkişafı prioritet məsələdir". Fins.az "Report"a istinadən xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Bildirib ki, turizm Azərbaycan iqtisadiyyatına ən çox gəlir gətirən sahələrdən biri olmalıdır. "Artıq "Turizm haqqında" qanun yenidən işlənməsi üçün Milli Məclisə təqdim olunub. Bəzən mətbuatımız Gürcüstanın turizmin fenomeni olduğunu yazır. Elə bil ora cənnət, bura cəhənnəmdir. Amma belə deyil. Gürcüstanda da kifayət qədər problemlər var. Onlarda neft yoxdur. Azərbaycanda yaradılan bütün şəraitlər dövlətin gücü hesabına başa gəlir".

Nazir deyib ki, bu gün Azərbaycanın 13 rayonunda 11 mehmanxana, 3 otel tikilib: "Hazırda Azərbaycanda 535 mehmanxana var və 30-u da tikilməkdədir. Şənbə və bazar günləri Azərbaycanın rayonlarında olan mehmanxanada boş yerlər olmur. İnsanlar rayonlara axın edirlər.

Nazir qeyd edib ki, 2015-ci ildə Azərbaycana 2,6 milyon turist gəlib. "Təəssüf ki, jurnalistlər Azərbaycanda qiymətlərin niyə baha olması sualını mənə tez-tez ünvanlayırlar. Sadəcə, turizm sahəsində inkişafla yanaşı, problemlər də mövcuddur və biz bunu aradan qaldırmağa çalışırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır