"Torqovi"dakı "Passaj" bərpa olundu
15 İYUL 2016
416

"Torqovi"dakı "Passaj" bərpa olundu

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin iyun ayından paytaxtın Fəvvarələr meydanının yaxınlığında (Nizami küçəsi, 73) açıq havada rəssamların əsərlərindən ibarət satış-sərgi fəaliyyət göstərir.

Fins.az-ın nazirliyin saytına istinadən məlumat verir ki, bir vaxtlar “pasaj” kimi tanınan bu məkan nəinki bakılıların, eləcə də xarici qonaqların çox sevdiyi yer olub. Bu ərazidə ilin bütün fəsillərində suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar satılırdı. Köhnə yaxşı ənənənin bərpa edilməsi hər zaman xoş ovqat yaradır.

Qurulmuş stendlərdə müxtəlif rəssamların əsərləri yer alıb. Burada köhnə Bakının rəsmləri ilə yanaşı, portret janrında çəkilmiş əsərlər də gözə dəyir.

Əsgər Əliyev uzun müddət bərpaçı-rəssam işləyib. Sərginin açılmasından məmnunluğunu bildirir: “Görürəm ki, insanların sənətə marağı azalmayıb. Mən əsasən İçərişəhəri çəkirəm və rəsmlərdə bu ecazkar məkanın özəlliklərini göstərmək istəyirəm”.

Gənc rəssam Elmar Məmmədzadə ipək üzərində boya ilə işləyir. Türkiyədə yaşayan həmyerlimiz yaradılan şəraiti yüksək dəyərləndirir. Deyir ki, bir gənc olaraq bu addım onun fəaliyyətinə dəstəkdir. O, satışa çıxarılan əsərlərinin hamısını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib. Türkiyə, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirliklərində fərdi sərgisini təşkil edib. Bildirir ki, sərgidə iştirakının ilk günü olsa da, artıq 3 əsərini satıb.

Rəssamlar Hünər Cəbrayılov, Şahid Adıgözəlzadə də sərgi-yarmarkanın təşkilinə görə minnətdarlıqlarını bildirirlər. Bildirirlər ki, dünyanın bir çox şəhərlərində rəsm əsərlərinin küçədə satışı mövcuddur. Bu təkcə qazanc məqsədilə deyil, həm də sənətə maraq yaratmaq, yaradıcı gənclərə stimul vermək üçün əhəmiyyətlidir.

Rəssamlarla söhbətimiz əsnasında stendlərə yaxınlaşan, rəsm əsərlərinin qiyməti ilə maraqlanan insanları görürük. Yerli sakinlər belə bir məkanın təşkilindən razılıq edirlər. Eyni zamanda xarici turistlərin sərgiyə münasibəti də bizim üçün maraqlıdır. İraq, Səudiyyə Ərəbistanı, Rusiya, İran, Kiyevdən olan turistlərin rəsmlərlə tanış olur. Yerli sakinlərdən xarici dilləri bilənlər xarici qonaqlara kömək etməyə, az da olsa əsərlərdə əks edilənlər barədə məlumat verməyə çalışırlar. Rusiyadan gələn turist Anna Avdeyeva Bakıda olmağından məmnundur. Dostlarının məsləhəti ilə istirahət üçün Azərbaycanı seçib: “Burada dil problemi yoxdur. Hava da könlümüzcədir. Burada nümayiş olunan rəsm əsərlərinin hər biri Azərbaycan tarixinə qısa ekskursiya etməyimizə imkan verir. Məsələn, Qız qalası, İçərişəhər, adət-ənənələr bu rəsmlərdə əks olunub. Bu da çox xoşuma gəlir”.

İraqlı turistlər Əhməd, Əmir və Əbdül də rəsmlərlə maraqlanır. Müəlliflər onlara əsərlərin qayəsi barədə məlumat verirlər. Sövdələşdilərsə, demək bəyəniblər. Bakıya ilk dəfə gələn qonaqlar xalqımızın qonaqpərvərliyinə, istiqanlılığına heyran olduqlarını bildirirlər.

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərindən gələn ailə ilə söhbətimiz daha maraqlı oldu. Xanım Nada Yousef Al-Rabiah bildirir ki, ölkəsində Azərbaycanı o qədər də tanımırlar: “Özüm universitetdə dərs deyirəm, professoram. Azərbaycanın mədəniyyəti, adət-ənənələri xoşumuza gəldi. Azərbaycan tolerant ölkədir. Bakıda həm Avropanı, həm də Şərqi görə bildik. Qiymətlər də münasibdir. Bakıda olduğumuz bütün məkanları elə anındaca çəkib Ər-Riyaddakı qohumlara göndəririk. Gələn il yəqin ki, böyük bir qrupla gələcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır