Ucuz istirahət mövsümü gəlir – GECİKMİŞ TURİZM
19 İYUL 2016
2506

Ucuz istirahət mövsümü gəlir – GECİKMİŞ TURİZM

Turizm mövsümü davam etsə də hələ hamı istirahətə gedə bilməyib.  Adəti üzrə əksəriyyət öz istirahətini mövsümün qızğın vaxtına – iyul-avqust aylarına planlaşdırıb. Amma bunu edə bilməyənlər də çox şey itirməyiblər – cəmi bir aydan sonra - avqust-sentyabr aylarında aşağı qiymətli turizm mövsümü başlayır. 

«Pik», yoxsa, «gecikmiş» turizm?

İyulun 1-dən  avqustun 21-nə qədər olan dövr yüksək  (pik ) turizm mövsümü hesab olunur.  Adətən Türkiyə kurortlarında çimərlik istirahətini nəzərdə tutan pik dövründən  fərqli olaraq  gecikmiş turizm səyahət və digər ölkələrin kurortlarını əhatə edir. Belə ki, sentyabrdan Türkiyə, Rusiya və  bəzi Avropa ölkələrinə səyahətlər azalsa da isti iqlim qurşağında yerləşən ölkələrə  - Misir, Qatar, Birləşmiş Ərəb Əmirliklərinə  səyahətlər, əsasən, sentyabrda  başlayır. Ona  görə bu dövrü gecikmiş turizm mövsüm kimi təqdim edənlər də var.

Adambaşına 350 manat qənaət imkanı

Fins.az-ın araşdırmasına görə, gecikmiş  turizm mövsümündə tur paketlərin qiymətləri 10- 20 faiz  ucuzlaşır.  «Regea travel» şirkətinin nümayəndəsi, turizm eksperti Maya Nağıyeva bildirdi ki, sentyabrda “qaynar” turizm mövsümü başa çatmış olur. Ona görə də qiymətlər  hətta  50 faizə qədər ucuzlaşa bilər:  «Məsələn, avqustun 5-nə Türkiyənin kurort zonasında yerləşən «Club Konaklı» otelində bir həftəlik qonaq olmaq 2 nəfər üçün  1000  dollardır. Ancaq  sentyabr ayı üçün bu qiymət 650 dollar müəyyən edilib».

«AtaTravel» şirkətinin nümayəndəsi Rəvan Əhmədov də deyir ki, mövsümə uyğun olaraq qiymətlər də dəyişir: «Mövsümün sonuna yaxın qiymətlər, adətən, 10-15 faiz aşağı enir.  Türkiyədə hazırda 1200-1500 dollara təklif edilən tur paketlər sentyabrda 800-1000 dollara enəcək. Daha detallı desək, avqustun 22-29-u üçün Antalyaya 2 nəfərlik paket 1050 dollara satılır. Sentyabrın 5-i 12-si aralığında isə bu qiymət 838 dollar olacaq». 

Endirim təkcə Türkiyədə deyilmiş

Azərbaycanlıların digər populyar istiqaməti olan Gürcüstanda da qiymətlər mövsümün sonuna doğru ucuzlaşacaq. Məsələn,  indi Batumidə 2 nəfərin bir günlük oteldə qalması, istirahəti 130-140  dollardır.  Sentyabrda isə bu qiymət  90-100 dollara enəcək.

İndi tələbat olan Rusiyanın kurort zonalarında da qiymətlər yüksəkdir.  Yessentukiyə iyul ayında 95-96 manata təklif edilən 1 günlük xidmətlər sentyabrda 87-88 manata enəcək.    

Qənaət üçün …gecikmək lazımdır

«Millenium Turizm» şirkətinin rəhbəri Ruslan Quliyev də hesab edir ki, qənaət etmək istəyənlər istirahətə pik dövründə yox, gecikmiş mövsümdə getməlidirlər: «İyul ayı ilə müqayisədə may-iyun aylarında   satılan tur paketlər adətən 30 faiz ucuz olur.  Sentyabrda isə 15-20 faiz fərq yaranır».  Məsələn, may ayında 2 nəfər üçün 1 həftəlik tur paket   200 dollara təklif olunurdu. 

Mövsümlərin fərqi nədir?

R.Əhmədob bildirdi ki,  pik mövsümdən fərqli olaraq gecikmiş mövsümdə insanlar  daha çox  tək səfərə çıxmağa üstünlük verirlər: «Yayda adamlar təhsil müəssisələri və digər iş yerlərində məzuniyyətlərin verilməsindən istifadə edərək  daha çox ailəvi səfərlərə üstünlük  verirlər.  Ona görə də birbaşa  reyslərdən istifadə etmək daha sərfəli olur.  Sentyabrdan sonrakı  mö vsümdə isə daha çox  tək səfər edirlər».  R.Əhmədov gecikmiş  mövsümdə turlara çıxan vətəndaşların  yaş həddini də  açıqlayıb.   Bildirib ki, bu dövrdə səyahət edənlər əsaəsn, 40-45 yaş və ondan yuxarı həddə olanlardır. 

Avropaya səyahət qiyməti dəyişmir

Avropaya səyahətlərin qiyməti isə isə dəyişmir. Turizm mövsümündə də, sentyabrda da getsəniz  1200 dollardan başlayan qiymətlərlə  turlar  təklif olunur. Avropa ölkələrindəki turist məkanları mövsümdən asılı olmayaraq daim maraq kəsb edir.

Ruslan Quliyevin fikrincə, yay mövsümündə insanlar istirahət üçün daha çox dənizə üz tutur, dəniz sahillərində yerləşən ölkələrə istirahət  etməyə  daha çox üstünlük verirlər. Sentyabrda isə daha çox müalicə, işgüzar səfərlər, dini ziyarətlər, şopinq, idman yarışlarına baxmaq və digər əyləncələr üçün gedirlər. Bu zaman Avropa, MDB ölkələrinə getməyə üstünlük verirlər. Ona görə də qiymət fərqi olmur.

Yayda temperatur həddən artıq yüksək oldugundan Dubaya səyahət məsləhət deyil. Buraya  səyahətlər əsasən noyabrdan sonra başlayır. Ona görə indi Dubay turları təxminən 50 faiz ucuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır