Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
05 AVQUST 2016
571

Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Artıq həftə sonu üçün plan qurmağın vaxtıdır. İstirahət üçün Bakıda və ətraf rayonlarda xeyli maraqlı məkanlar var. Sizlərə bunlardan bəzilərini təqdim edirik. 

İlk növbədə kinoya gedə bilərsiniz. 

Kinosevərlər - PREMYERA

6 avqust - Şənbə günü 

“İntiharçılar Dəstəsi” filminin Azərbaycan premyera günləri başladı. Bu filmin zövqlərə oxşayacağı söz verilir. Kinonun təqdimatına belə şərh qoyulub: Hökümət canilər komandasına günahlarını yumaq üçün şans yaradır və onları xüsusi missiyaya göndərir. Amma bu işin bir hiyləsi var: canilər bu missiyadan çox ehtimal ki heç qayıtmayacaq...” Baxarıq, görərik

Film ölkə kinoteatrlarında nümayış olunur. Biletin qiyməti 4-25 manat. 

7 avqust - Bazar günü

Bakıdakı açıq səma altında olan yeganə kinoteatr bu şənbə ilk dəfə "Star Trek: Infinite", "Genius" kimi filmələri seyr etməyə dəvət edir. Biletlərin qiyməti 5-10 manatdır. 

Ekstrimsevərlər 

6 avqust - Şənbə günü 

Aktiv istirahətə üstünlük verirsiniz? Azərbaycanda unikal bir layihə! "Bizon jump Fest by A.C.E. group" sizə təqdim edirik!

Adrenalin həvəskarları bu tədbiri buraxmamalıdırlar!

"Bizon jump Fest by A.C.E. group"u ekstrim, təbiət, göldə çimmək,aktiv əylənmək və əlbətdə ki, yaxşı musiqi həvəskarları bəyənəcək! Sizi 20-30 metrdən gölə ekstremal tullanma gozləyir! Biletin qiyməti 50 AZN! 

7 avqust - Bazar günü 

“Bubble Soccer Festival”

Futbol artıq hər kəs üçündür. Hətta çox daha əyləncəli şəkildə. Ekstremal futbol növü olan “Bubble Soccer” bu dəfə tam yeni formatla qarşınızdadır. Saatlarla davam edəcək Festival-da hər guşədə ayrı bir həyəcan, fərqli bir tutqu olacaq.

 

“Bubble Soccer Festival” 2016 programına daxildir:

-Festival havasında Bubble Soccer Çempionatı,

-Dj performansı,

-Coffee Break

-Stolüstü oyunlar

-Giant Bubble Show

-Yamac Paraşütü

-Velo təlim.

Festival mövzusunda Brand Wall - Tunak, Yallı və digər toplu rəqslər.

Məkan - Sərhədçi İdman Olimpiya Kompleksi

Bilet- 12 AZN 

Mədəniyyətsevərlər - MUZEY 

6 avqust - Şənbə günü

Həsənbəy Zərdabi adına təbiət tarixi muzeyində olmusunuz? Yox?  Onda sizin xəbəriniz yoxdur ki Bakıda Paleontologiya bölməsində bu qədər maraqlı ekspozisiyaları olan muzey var. Səbəb onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir. Binəqədi Qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları ekzpozisiya şəklində nümayiş olunur. Muzey ondan başqa zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar). Muzeyə giriş pulsuzdur.

7 avqust - Bazar günü

YAY Qalereyası Sizi, rəssam Aida Mahmudovanın "UMWELT" adlı fərdi sərgisinə dəvət edir. “Umwelt” (alm. çevrə, mühit) – 1909-cu ildə, tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən daxil edilmiş bir anlayışdır. Bu terminlə o, eyni yaşayış mühitində (ekosistemdə) olan müxtəlif canlıların (o cümlədən insanın), müxtəlif xarici siqnallara fərqli reaksiya verməsi faktını izah etməyə çalışıb.

Belə ki, iti eşitmə və görmə qabiliyyətinə malik canlılar, son dərəcə həssas iybilmə duyğusu olan, yaxud, xarici mühitlə ultrasəs dalğaları və elektrik sahələrinin köməyi ilə qarşılıqlı təmasda olan canlılara nisbətən dünyanı fərqli, özünəməxsus şəkildə qəbul edirlər. Yeni terminin başlıca məqsədi, insanlara da xas olan ətraf aləm müxtəlifliyini təsvir etməkdir. 

6-7 avqust 

Piknik həvəskarları üçün – “Qobulənd”

Həftə sonunu hər cəhətdən səmərəli keçirmək istəyənlər isə Bakı ətrafındakı ən yaxşı piknik zonasına üz tuta bilərlər. Bakı-Şamaxı  yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən piknik zonası “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərir. Bura ailəvi və qrup formasında istirahəti sevənlər üçün ən yaxşı variantdır.

Piknikin ərazisində  2 restoran və göl var. Amma istirahət zonasının əsas xüsusiyyəti və başqalarınan fərqi burada  “özü bişirib özü yeyənlər” üçün də şəraitin olmasıdır. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər. Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar.

Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər ləvazimatlar kirayə verilir.  3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir.

Piknik zonasında lazımı ərzaq və ət məhsulları da təklif edilir. Şamaxıdan gətirilən  quş əti və digər ət məhsulları şəhər qiymətləri ilə müqayisədə 1-2 manat ucuz təklif edilir. Bundan əlavə müştərilər göldən balığı özləri də tuta bilər

Bundan əlavə piknik zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş  etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır. Kartinqdən  10 dəqiqəlik istifadə 8 manat, yarım saatlıq qolf maşınları  sürmək isə   10 manata başa gəlir. Piknik zonasında şeytan çarxı və eletrik avtmobilləri də var. Bu əyləncələrdən istifadə isə 1 manatdır. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar.

«Qobulənd» istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrupp şəklində istirahət etməyi sevənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə Bakıdan avtobuslarla gələ bilərlər.

Gəzintisevərlər - Park 

6 avqust - Şənbə günü 

Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində fəaliyyət göstərən “Aida Park” uşaqlar və onların valideynlərini üçün gözəl vaxt keçirməyə sərfəli yerdir. Bütün növ atraksionlar, sərfəli qiymətlərlə olan kafe və restoranlar sizin  qulluğunuzdadır. Kafe, restoranların mövcud olmağına baxmayaraq, burda piknik etmək, özünüzlə gətirdiyiniz gözəl təamları dadmaq üçün rahat besedkalar var.

Parka giriş 50 qəpikdir.

6-7 avqust - Bazar günü

180 yaşı olan Filarmoniya bağı İçərişəhər hələ iki divar əhatəsində olan vaxt salınıb, uzun müddət Bakının ilk və yeganə bağı olub. Bakı komendantı R.R.Xovenin Lənkəran və İrandan gələn bütün gəmi sahiblərinin qarşısına bir şərt qoyubmuş ki, getdiyiniz yerlərdən bir neçə çuval qara torpaq gətirməlisiniz! Torpaq gətirməyənlər isə cərimələnirdilər. Sahibkarlar tərəfindən Lənkəran və İrandan gətirilən torpaqların sayəsində bağda əvvəlcə meyvə ağacları yetişir, sonra bəzək kolları.

Kasıb camaatın bağda dincəlməsinə həftədə bir dəfə icazə verilirdi. Varlıların isə istirahəti limitsiz idi, ürəkləri istədikləri vaxt bağa girib-çıxa bilərdilər. Hətta bağın girişinə xüsusi elan da vurulubmuş: “Əsgərlərin və itlərin daxil olması qadağandır!”.

Filarmoniya bağının bu günə qədər müxtəlif adları olub. İlk vaxtlar “Qorodskoy sad” – “şəhər bağı” kimi tanınan ərazi sonralar çar I Nikolayın qardaşı Mixailin şərəfinə “Mixaylovski bağı” adlandırılır. Lakin Bakının general-qubernatoru şəhərin varlılarından olan Hacı Nemətulla Seyidovun bağın kənarında yerləşən evini (o ev sökülüb və yerində “Four Seasons” oteli tikilib) kirayəyə götürdüyü üçün buranı şəhər əhli “Qubernator bağı” adlandırmağa başlayıb. Parkı İtaliya və Şərq memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağı bir-birindən gözəl dekorativ ağaclar, güllər, daşlar , fəvvarələr, saatlar bəzəyir.

Giriş - pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır