Ucuz qiymət və yüksək keyfiyyətin toqquşduğu ölkə – TÜRKİYƏ
16 AVQUST 2016
768

Ucuz qiymət və yüksək keyfiyyətin toqquşduğu ölkə – TÜRKİYƏ

 

 

Təkcə bu statistikaya nəzər yetirmək yetərlidir ki, illərdir dünyanın ən çox səyahət edilən ölkələrin TOP10 siyahısından düşməyən qonşu Türkiyənin turizm potensialını dərk edəsən. Demək olar ki, heç bir təbii sərvəti olmayan bu ölkə məhz turizm sektorunda illərdir öz liderliyini davam etdirir. Əsasən ucuz qiymət və yüksək xidmət mütənasibliyini illərdir qoruyan sözügedən ölkəyə 2014-cü il ərzində 42 milyon turist axını olub ki, bu da əsasən tarixi yerləri və ya dəniz (Egey və Aralıq) mövsümündə dincəlmək istəyən insanların payına düşüb. 2015-ci ildə Rusiya ilə siyasi məsələlərin gərginliyi fonunda baş vermiş terror hadisələrinin də artırdığı antireklam sayəsində bu say 36.2 miyona düşüb. Bəs maraqlıdır, bu il Türkiyədə vəziyyət necədir? Atalarımızın “yüz eşitməkdənsə, bir görmək yaxşıdır” misalını əldə bayraq tutaraq, yollanaq Türkiyəyə. 

Türkiyənin turizm paytaxtı – Antalya

Bodrum, Fəthiyyə, Marmaris, Quşadası, Çeşmə, Didim, Kəmər və Alanya kimi hər zaman təklikdə adını eşitməyə öyrəşdiyimiz bu məşhur vilayətlərin hər biri məhz Antalyada yerləşir. Ümumilikdə Türkiyənin turizm paytaxtı hesab edilən Antalya şəhəri əsasən yay istirahəti üçün uğurlu məkan axtaranlara daima qucaq açır. Daimi qonaqları üçün birbaşa ölkələrindən çarter reysi təklif edən Antalya hər kəsi elə aeroportundaca qarşılayır və qüsursuz təşkil edilən transfer xidmətilə, hətta ilk dəfə səfər etmiş istənilən bir şəxs üçün belə mükəmməl komfortu təşkil edə bilir. Aeroportdan çölə çıxan kimi sadəcə tur paketi aldığınız turizm şirkətinin loqosu yerləşdirilən məlumat lövhəsinə yaxınlaşmaq kifayət  edir ki, kondisionerli avtobusda sizi birbaşa ordan otelinizə sürətli və rahat şəkildə çatdırsınlar. Adətən Avropa turu etmiş insanlar müxtəlif ölkələrdə bilet alarkən əlavə xərcdən azad olmaq üçün transfer xidmətindən imtina edir, bunu mütləq şəkildə qeyd etməliyəm ki, Türkiyədə bunu etmək kökündən yalnışdır. Belə ki, bu ölkədə taksi xidmətinin dəyəri fantastik yüksəkdir. Bunu müəyyən mənada yanacaq qiymətilə əlaqələndirsələr də, bütün dünyada mövcud olan “turistdən bacardıqca çox qopartmaq” tendensiyası burada da öz işini ən yüksək səviyyədə görür. Aeroportdan otelə doğru olan 30-40 dəqiqəlik müddət ərzində (otelin yerləşməsindən asılı olaraq dəyişir) rusdilli tur bələdçisi imkan vermir ki, həmin o müddətdə də sizin vaxtınız (əsasən də onun vaxtı) boşa getsin. İstirahət müddətiniz boyunca səfər edə biləcəyiniz (oxu: pul xərcləyə biləcəyiniz) yerlər haqqında o ki, var danışır, izahatlar verir.  Və budur oteldəyik.

Nə qədər istəyirsənsə, o qədər də ye, onsuz da cəmi 1 mədəmiz var

Türkiyədə otellər əsasən 2 formada təklif edilir: Aİ (All İnclusive) – hər şəy daxil, UAİ (Ultra All İnclusive) – tam hər şey daxil. Belə ki, 1ci formada gün ərzində 3 dəfə (səhər -  07:00-10:00, günorta- 12:30-15:00, axşam: 18:30-21:00) yemək təklif edilirsə, UAİ formasında 24 saat limitsiz yeməkdən istifadə etmək mümkündür. Doğrusu, gecə saatlarında onsuz da mətbəxə daxil olsan belə, sənə sadəcə yüngül nələrsə təklif ediləcək, çünki yeməklərin təzəliyi baxımından, bir gün sonraya saxlanmır. Odur ki, tam hər şey daxil formasını seçmək əlavə pul itirməkdən başqa bir şey deyil. Bundan başqa otellərdə təşkil edilmiş amfiteatr formatında məkan axşam saat 21:00-dan gecə saatlarına qədər (oteldən asılı olaraq dəyişir) müxtəlif əyləncəli şou-proqramlar təşkil edir ki, bunun da əsas məqsədi əyləndirməklə yanaşı, bütün günü barın qabağından çəkilməyən qonaqların azacıq da olsa, başını qatmaq və içkilərin sərfiyyatına qənaət etmək üçün düşünülüb.

Anasına bax qızını al, ulduzuna bax...

Otellərin üzərində gördüyümüz ulduzların sayı müxtəlif kriteriya üzrə tələblərə uyğunluq dərəcəsinə görə verilir. Maksimal hesab edilən 5 ulduzdan biri məhz otelin dənizlə məsafəsinə görə təqdim edilir. Belə ki, Türkiyədə demək olar ki, ən ucuz otelin də daxilində hovuz var. Həvəskar üzənlər üçün əslində hovuz istirahətə tam yararlıdır. Amma əsl adrenalin yaşamaq istəyənlər, dərinlik sevərlər, duzlu su üçün darıxanlar mütləq dənizə baş vuracaqlar. Məhz buna görə də, dənizdən çox aralıda yerləşən otellər öz müştərilərinin rahatlığını təmin etmək üçün bəlli saatlarda dənizə transfer üçün xüsusi avtobuslar təşkil edirlər. Nisbətən yaxın otellərdə piyada getmək mümkündürsə, 5 ulduz otellərin hamısında otelin sərhədlərini tərk etmədən dənizə “kəllə vurub”, yenidən geri qayıtmaq mümkündür. Türkiyədə də dənizlərdə müəyyən sərhədləri görmək mümkündür, amma həmin sərhədləri bir və ya bir neçə otel birlikdə bələdiyyədən icazə alaraq (rəsmi rüsum ödəyərək) təyin edir və onun daxilində müxtəlif xidmətlər həyata keçirilir. Buna nümunə olaraq pulsuz çətirləri, uzanıb günəş şüası qəbul etmək üçün xüsusi avadanlıqları, və ən əsası dispenser suyunu təqdim edir. Digər bütün xidmətlər pullu həyata keçirilir. Amma mütləq bir neçə otelə aid dəniz hissəsindən dərhal onra “Xalq çimərliyi” adlanan pulsuz və sərhədsiz çimərliyə də rast gəlmək mümkündür.

Gün gələr dəmir qapının da, taxta qapıya işi düşər...

Türkiyə turizmi keçən il baş verən müxtəlif bəlli səbəblər üzündən çox zərər gördü. Həmin zərərin etkisi bu il də özünü göstərməkdədir. Otellər demək olar ki, boşdur. Ətrafdakı bir çox marketlər satış olmadığından bağlanıb. Yerdə qalan xırda-para dükanlar isə, bütün iqtisadi qanunlara (tələb-təklif) zidd hərəkət edərək, qiymətləri endirməkdən, əksinə qaldırıblar. Əsasən Rusiyadan gələn turistlər hesabına ayaqda qalan Antalya, Rusiya və Türkiyə ölkə başçılarının son razılaşmasından sonra, böyük ehtimal ki, bir az rahat nəfəs alacaq.

Yazıda bəzi faktların istifadəsi üçün mənbə olaraq –“Wikipedia”dan istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır