Azərbaycanda bu restoranda müştərilər üçün… zindan var – FOTO
24 AVQUST 2016
4100

Azərbaycanda bu restoranda müştərilər üçün… zindan var – FOTO

Şəmkir şəhərindən Yeni Həyat kəndinə gedəndə yolun sağında qeyri-adi restoran var -  “Qala” İstirahət Mərkəzi. Elə girişindən bəlli olur ki, bura qeyri-adi , oxşarı olmayan bir məkandır. Bu ailəvi restorana daxil olarkən sanki birdən-birə nağıllar aləminə düşürsən. Bura başdan-başa Azərbaycanın tarixini özündə əks etdirən mükəmməl bir kompozisiyadır.
 
 Müştərilər üçün otaqların hər birinin öz adı var – “Keşikçi qülləsi”, “Çoban alaçığı”, “Nəzarətçi otağı”, “Dülgər otağı”,  “Şahın ziyafət salonu”, “Qərargah”... və zindan. Divarları nadir çay daşları ilə işlənmiş yeraltı mağaraya düşürsən, qapını açırsan və... zindan hücrəsinə, yəni çağdaş deyimlə, həbsxana kamerasına girirsən. Amma burada sən dustaq deyilsən, müştərisən və öz işini gözəl bilən gənc ofisiantlar yemək-içməklə bağlı buyruqlarını - sifarişləri can-başla  yerinə yetirirlər.
 
“Qala”nın sahibi, gənc iş adamı Tural Zeynalov bizimyol.info-nun əməkdaşını  restoranla şəxsən tanış edərkən “Zindan hücrələri”ndən birinin girişində divardan bir daşı çevirir, orda düyməni basır, yuxarıdan su sırnağı tökülür. Həmin hücrənin yanında nisbətən kiçik – başqa bir hücrə də var. Otaqlarda masalar və kürsülər qədimi üslubda zövqlə işlənib. Sonra “Keşikçi qülləsi”nə qalxırıq. Ordan həm gözəl mənzərəyə tamaşa etmək, həm yüngül mehdən sərinlənmək, həm də iştahla nahar, şam etmək insana başqa bir həzz verir. Tural Zeynalov  deyir ki, bu istirahət mərkəzini qurmaq üçün çox əmək verib – çayları gəzərək daşları bir-bir seçib toplayıb, meşələri dolaşıb gərəkli ağacları tapıb gətiriblər. Şənbə və bazar günləri canlı musiqi var. Mərkəzin yuxarı hissəsində qayadan tökülən şəlalə buraya gözəllik və sərinlik verir. Hər tərəfdə mini “çay”lar, “göl”lər, çəmənlik, yaşıllıq var. “Qala” təkcə tarixmizin özəlliklərini deyil, təbiətimizin də  gözəlliklərini özündə cəmləşdirib. Bir yanda tarixi klassikanın əzəmətli və sehrli aurası, o biri yandan da romantik ortam var burda. İnsan həyatının özəl günlərini – evlilik təklifi partisi,  doğum günü ziyafəti, nişan, toy məclisləri, yubiley şənlikləri, başqa şadyanalıq mərasimlərini burada zövqlə və könül rahatlığı ilə keçirmək üçün ağlınıza gələn və gəlməyən hər cür şərait var. .
 
İş adamı deyir ki, şərait olarsa, Bakıda və Azərbaycanın başqa şəhərlərində də belə istirahət mərkəzləri açmaqla  ölkəyə turist axını yaratmaq olar. Çünki bura daxil olan hər bir turist Azərbaycanın tarixi ilə bağlı məlumatları sözün bütün mənalarında öz gözü ilə görəcək.
 
Mənbə: Bizimyol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır