Azərbaycanda yeni miniatür park – FOTOLAR
01 SENTYABR 2016
830

Azərbaycanda yeni miniatür park – FOTOLAR

İsmini unutduğum bir şair necə də gözəl deyib: "Bir az Azərbaycan qalıb içimdə". Günü-gündən adiləşən və maddiləşən, çirkaba bulaşan, vətənpərvərliyin və təəssübkeşliyin gözdən salındığı dünyada gözdən-könüldən iraq — içində tərtəmiz bir Azərbaycan yaşatmaq necə də gözəl hisdir.

Vətən insanın düşüncəsindən başlayır. Hər kəsin beyni onun vətənidir. Yaş artdıqca, ömür uzandıqca insanın fikirləri dəyişir, vətəni böyüyür. Və bir də heç vaxt uşaqlığındakı vətəninə qayıda bilmir, eləcə yuxularında görüb ölənə kimi o günlərin həsrətini çəkir. Bir gün o dünyadan köçünü sürəndə vətəni də ölür, vətəninin sərhədində yaşayan insanlar da.

Bu gün Ağstafa rayonunun mərkəzində vətənin hər qarışını özündə birləşdirən bir Azərbaycan yaşayır — "Azərbaycan parkı". Ölkənin ürəyi şərqli-qərbli, şimallı-cənublu 2,5 hektar ərazini əhatə edən parkda döyünür. İşğalda olan iyirmi faiz də daxil.

"Azərbaycan parkı" adlandırılan Tarixi və Müasir Abidələr parkında bu gün öz inkişaf dövrünü yaşayan Azərbaycanın coğrafi mövqeyi, tarixi abidələri sərgilənir. Tikintisinə 2012-ci ilin noyabrında başlanılıb. 2013-cü ildə ölkə başçısının bölgəyə səfəri zamanı sakinlərin, yerli və xarici turistlərin ixtiyarına verilib.

Bu miniatür park Azərbaycanı əhatə edən dağ silsilələrini, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks etdirir. Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidələr, saray və qala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələri yaradılıb.

Kür və Araz çaylarının, Göygöl və Batabat göllərinin, əsas avtomobil və dəmir yollarının, yol qovşağı və körpülərin əks olunduğu parkın ərazisində Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən məqbərə və türbələr, dini-tarixi memarlıq abidələri, məscid və sarayların, Böyük və Kiçik Qafqaz sıra dağlarının, Naxçıvanın məşhur dağ, qala və ziyarətgahlarının və digər infrastruktur obyektlərinin maketləri quraşdırılıb.

Parkın ətrafında uzunluğu 160 metr, eni 10 metr olmaqla Xəzər dənizinin təsviri yaradılıb. Məlumat lövhəsində hər bir eksponat haqqında Azərbaycan və ingilis dilində informasiya yazılıb. Gecələr hər bir eksponatın ayrıca işıqlandırılması təmin edilib.

Pul-paranın kasad vaxtında gün ərzində insanlar buranı övladları və nəvə-nəticələri ilə ziyarət edir, bir saat ərzində ölkənin — əyani şəkildə gəzib görməyə imkanları çatmayan — "bütün bölgələri"ni gəzir, tarixi abidələri və şəxsiyyətləri haqqında məlumat verir, balacaların hələ tam formalaşmamış beynində Azərbaycan barədə ilkin təsəvvür yaradırlar.



Mənbə: Sputnik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır