Ərəblər Azərbaycana olan axından özləri məəttəl qalıb
06 OKTYABR 2016
1791

Ərəblər Azərbaycana olan axından özləri məəttəl qalıb

Geniş daxili və xarici oxucular auditoriyasına malik BƏƏ-nin "Əl-İttihad" hökumət qəzetində bu ölkənin Bakıdakı səfirliyinə istinadən "Azərbaycan BƏƏ-liləri cəlb edir... 6 ay ərzində 530 turistdən 10 min turistədək sıçrayış" sərlövhəli məqalə dərc olunub.

Bu barədə səfirlikdən məlumat verilib.

Məqalədə 2015-ci illə müqayisədə 2016-cı ilin altı ayında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının 530-dan 10086-ya qədər yüksəldiyi xüsusilə qeyd edilərək, səfirliyin BƏƏ-li turistləri ölkəyə cəlb etmək istiqamətində səylər göstərdiyi və bu xüsusda, Azərbaycanda əmin-amanlığın, sabitliyin, eləcə də füsnkar təbiətin mövcud olduğu, iki ölkə arasında uçuş məsafəsinin cəmi 2 saat 30 dəqiqə təşkil etdiyi və sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində BƏƏ vətəndaşlarının 20 ABŞ dolları müqabilində hava limanında giriş vizasını almaq hüququna malik olduğu oxucuların diqqətinə çatdırılıb.

Eyni zamanda, paytaxt Bakının yaşıl şəhər və küçələrinin səliqəli olduğu, orada dünya şöhrətli mehmanxanaların fəaliyyət göstərdiyi, Azərbaycan mətbəxinin ərəb mətbəxinə yaxın olduğu Səfirlik tərəfindən vurğulanıb. Məqalədə, həmçinin Qəbələ, Quba kimi ecazkar təbiətə, uzanan yaşıl meşələrə, təbii göllərə və şəlalərə malik rayonlarımızın adı çəkilir, qış turizminin da inkişaf etdiyi qeyd edilir.

Sonra məqalədə ikitərəfli əlaqələrə diqqət yetirilir. Azərbaycan və BƏƏ tərəfinin yüksək səviyyədə səfər mübadilələri vasitəsilə əlaqələri daha da gücləndirməyə çalışdıqları, cari ilin noyabr ayında Əbu-Dabi şəhərində Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclasının keçirilməsinin gözlənildiyi qeyd edilir.

Məqalədə həmçinin, azərbaycanlı iş adamlarının Ərəb Əmirliklərində investisiya və kommersiya fəaliyyətləri ilə məşğul olduqları, BƏƏ-nin Azərbaycana sərmayə yatırdığı, Ələtdə Azad Ticarət Zonasının inkişafı məqsədilə Azərbaycan İqtisadiyyat Nazirliyi və Dubay "DP World" şirkəti arasında əməkdaşlıq haqqında sazişin imzalandığı oxucuların nəzərinə çatdırılır.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır