Bu həftə iki premyera baş tutacaq – QİYMƏTLƏR
17 İYUL
447

Bu həftə iki premyera baş tutacaq – QİYMƏTLƏR

Bu həftə Park Cinema kinoteatrlar şəbəkəsində 2 filmin premyerası baş tutacaq. Şirkətdən Turizm.fins.az-a verilən məlumata görə, nümayiş olunacaq filmlərdən birinin adı “Dunkirk”dir.

Ekran əsərinin müəllifi tanınmış rejissor Kristofer Nolandır. Filmdə baş rolları Tom Hardi, Killian Mörfi, Aneyrin Barnard və Mark Raylens ifa ediblər. Kino həvəskarları 20 iyuldan etibarən IMAX 3D, 3D və 2D formatlarında filmi izləyə bilərlər.

Film İkinci Dünya müharibəsinin başlanğıcında aparılmış Dunkirk əməliyyatı zamanı 300 mindən çox əsgərin möcüzəvi şəkildə xilas olmasından bəsh edir. Hadisələr yüz minlərlə britaniya və müttəfiq qoşunların düşmən tərəfindən əhatəyə alınması ilə başlayır. Tələyə düşən əsgərlər həll edilməsi  çətin olan vəziyyətlə qarşı-qarşıya qalırlar. Düşmənlərin məngənəsi isə daha da yaxınlaşır.

Bu həftə premyerası baş tutacaq digər bir film “Ot”dur. Ekran işinin rejissorları Burak Donay və Metin Yüclindir.

Filmin baş qəhramanı 1999-cu ildə Anadoluda ailəsi ilə birlikdə kasıb həyat yaşayır. Həyat yoldaşı əzələ əriməsi xəstəliyindən əziyyət çəkir, bacardığı tək iş – dağlardan ot yığaraq 3 uşağını oxutmaqdan ibarətdir. Ancaq bu işdə qarşısına müxtəlif maneələr çıxır.

Dram janrında olan filmdə baş qəhrəman ailəsinə yaxşı baxmaq üçün özünü atəşə atacaq. 20 iyuldan filmi Park Cinema Metropark və Masallıda izləyə bilərsiz.

Filmə biletlər həftəiçi 3D formatında axşam 6-dan sonra 7.80 manatdır. Axşam 5-ə qədər isə adıçəkilən filmlərə biletlər 5.80 manatdır.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır