Kaliforniyada Fikrət Əmirov və Niyazinin əsərlərindən ibarət konsert keçirildi - FOTO
07 NOYABR
123

Kaliforniyada Fikrət Əmirov və Niyazinin əsərlərindən ibarət konsert keçirildi - FOTO

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyasının dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərindən ibarət konsert proqramı keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan  verilən məlumata görə, Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən və 1000-dək amerikalının qatıldığı konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər. Konsert proqramında Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.

Konsertdən öncə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu cür möhtəşəm konsertin Kaliforniyanın paytaxtında keçirilməsinin əlamətdar və tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. 

Konsert proqramı F.Əmirovun “Azərbaycan Kapriççiosu” ilə təntənəli şəkildə yekunlaşıb. 

Konsertdən sonra qonaqlara Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin hazırladığı zəngin Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır