Fərqinə Var!
22 MAY
457

Fərqinə Var!

30 May 2019-cu il Nizami Kino Mərkəzində Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin “Fərqinə Var!” adlı yeni sosial layihəsinin təqdimatı keçiriləcək. Layihə rəhbərləri Orxan Əşrəfli, Namidə İsayeva və Dilşad Musa Xəbər24-ə layihənin məqsədi və istiqamətləri haqqında qısa məlumat veriblər:

«Fərqinə Var!» sosial layihəsinin əsas məqsədi yanlış mühakiməyə məruz qalan daun sindromlu və fiziki məhdudiyyəti olan uşaq və gəncləri cəmiyyətin nəzərinə çatdırmaq, cəmiyyətlə məhdudiyyətli fərdlər arasında mövcud olan maneələri aradan qaldırmağa dəstək olmaqdan ibarətdir. «Fərqinə Var!» deməklə Biz sosial mesaj olaraq cəmiyyətə demək istəyirik ki, qadir olduqları bacarıqları əksər insanlar tərəfindən bilinməyən daun sindromlu və fiziki məhdudiyyəti olan yeniyetmə və gənclərin fərqliliyini əksiklik kimi qəbul etmələri tamamilə yalnışdır və bu kimi düşüncələr düzgün olmamaqla yanaşı, eyni zamanda onların iş potensialını məhdudlaşdırmağa da gətirib çıxarır. Bu səbəbdən biz layihəmizlə daun sindromlu və fiziki məhdudiyyəti olan yeniyetmə və gənclərdə ruh yüksəkliyi yaratmaq, özgüvənlərini artırmaq, onlara uyğun iş sahələrinin yaradılmasına vəsilə olmaq və bunlarla yanaşı valideynlərinə onları gizlətmək əvəzinə cəmiyyətə qazandırmaqlarının mümkün oduğunu izah edərək «Fərqinə Var!» deyirik.

Ümumi 30 nəfər daun sindromlu, “Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” İctimai Birliyinin fəal üzvləri və Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin uşaqlarına birgə 3 həftədir ki, təlim verilir. Tədbirin açılış mərasimində millət vəkilləri, səfirlər, icra hakimləri, iş adamları, idmançılar, QHT rəhbərləri və sənət adamları iştirak edəcək. Daha sonra təlim verilən uşaqlar xüsusi ssenari ilə hazırladıqları səhnəciyi nümayiş etdirəcəklər.

Eyni zamanda müəyyən olunmuş hissədə xüsusi guşə yaradılacaq. Guşədə uşaqları da əyləndəricək və maarifləndirəcək bir sıra proqramlar nəzərdə tutulub. Məsələn, 3 masa və üzərində rəngli qələm və albomlar, uşaqların diaqnostikasını aparacaq psixoloqlar əyləşəcək. Uşaqlar daha da həvəslənsin deyə üz bəzəmələrdən istifadə edə biləcəklər. Sulu boya ilə öz xəyal dünyalarındakı cizgiləri ağ banner üzərində iz qoyacaqlar. Sonda isə konsert proqramı ilə tədbir yekunlaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır