Telman İsmayılova məxsus otel su qiymətinə satılıb
22 APREL 2016
844

Telman İsmayılova məxsus otel su qiymətinə satılıb

Borclar üzündən icra yolu ilə “Halq Bankı”na satılan “Mərdan Palace” otelinin kasasiya məhkəməsi təxirə salınıb. Antalyanın Aksu bölgəsində yerləşən bu otelin hərraca çıxması ilə bağlı baş tutan Antalya 5-ci İcra Hüquq Məhkəməsində AST şirkəti adına vəkil Murad Türkal,  Halq Bankın vəkili İsmayıl Çalım, Zəmanət Bankın vəkili Əli Azad Yeşiltepe iştirak edib.

AST” şirkəti otelin çox aşağı qiymətə satıldığını iddia edir.

AST şirkətinin vəkili Murad Türkal bu daşınmaz əmlakın 2014-cü il qeydlərinə görə, 39 min kvadratmetr sahəsi olduğunu bildirib. Çıxışı zamanı otelinin satış qiymətinin 250 milyon lirə olduğuna işarə verən Murat Türkal deyib:

“Sözügedən daşınmaz əmlak qeyd olunan daşınmaz əmlakdan təxminən iki dəfə böyüklükdür. Həm də qiymət təqdirində müəyyən olunan dəyər nəzərə alındıqda, onun olduqca aşağı olduğu ortaya çıxır. Odur ki, araşdırma tələb edirik”.

Halq Bankın  vəkili İsmayıl Çalım deyilənlərlə razı olduğunu bildirib. Amma Zəmanət Bankın vəkili Əli Azad Yeşiltepe isə Murat Türkalla razılaşmadığını bildirərək, iddianın rəddini tələb edib. O, qiymətin artıq müəyyən olunduğunu da vurğulayıb.

Azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mərdan Palace” oteli ötən ilin noyabr ayında Halk Banka satılıb. Halk Bank  ilk olaraq otelin borclu olduğu Garanti Bankı ilə hesablaşıb və 207 milyon lirə  onun hesabına keçirib.

Bu ilin fevral ayında isə Azərbaycanlı milyarderdən alınan dünyanın ən lüks otellərindən biri hesab edilən “Mardan Palace” yenidən satışa çıxarılıb. Ancaq hərracın ləğvi üçün “Mardan Palace”in nəzdində olduğu AST İnşaat şirkəti məhkəməyə müraciət edib.

Azərbaycanlı milyarderin oteli “Mardan Palace” 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.

İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.

Mənbə: Anspress

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır