25 ildir Azərbaycana uçuşlar həyata keçirir
04 İYUN 2016
230

25 ildir Azərbaycana uçuşlar həyata keçirir

İyunun 3-də Bakıda “Türk Hava Yolları”nın (THY) Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib ki, ilk dəfə 1991-ci il martın 25-də İstanbul-Trabzon-Bakı xətti ilə Azərbaycana uçuşlara başlayan THY hazırda Azərbaycana gün ərzində 5 dəfə uçuş həyata keçirir. Bundan əlavə, THY-nin Naxçıvana və Gəncəyə də uçuşları olur. 

“Biz Azərbaycanda fəaliyyətimizdən məmnunuq və ölkələrimiz arasında qardaşlıq münasibətləri yaşadıqca biz də burada fəaliyyət göstərəcəyik”, - deyə o əlavə edib.

Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Əhməd Arslan bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq və dostluq münasibətləri hər iki ölkənin əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verir. Nazir qeyd edib ki, “Türk Hava Yolları” 289 istiqamətdə uçuşlar həyata keçirir. THY ilə “Azərbaycan Hava Yolları”nın fəaliyyəti, həmçinin iqtisadiyyatın inkişafına təkan verir, ölkələrimizi dünyada tanıdır. Türkiyə və Azərbaycanın inkişafı da öz növbəsində THY və “Azərbaycan Hava Yolları”nın inkişafına gətirib çıxarır.

“Azərbaycanla Türkiyə bir sıra layihələrdə əməkdaşlıq edir. Bu layihələr hər iki ölkəni necə yaxınlaşdırırsa TANAP layihəsi də bu münasibətləri o cür yaxınlaşdırır. Ümid edirəm ki, THY və AZAL-ın əməkdaşlığı daha da inkişaf edəcək”, - deyə Ə.Arslan vurğulayıb.

Daha sonra tədbirdə “Türk Hava Yolları”nın Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır