Azərbaycanda "TAX Free" qüvvəyə mindi-ƏLEYHİNƏ ÇIXANLAR DA VAR
24 İYUN 2016
686

Azərbaycanda "TAX Free" qüvvəyə mindi-ƏLEYHİNƏ ÇIXANLAR DA VAR

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədikləri əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması (TAX Free) ilə bağlı dəyişiklik qüvvəyə mindi. Fins.az xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edilib. 

Dəyişikliyə əsasən, "TAX Free" ilə  bağlı vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verilir. Müvafiq olaraq vergi orqanlarının vəzifələri sırasına isə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmaq, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etmək, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük-sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etmək əlavə edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onların ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi daşıyır. "TAX Free"nin tətbiqi ilə Azərbaycanda əmtəə dövriyyəsinin artmasına kömək edəcək. 

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc onun  qəbuluna qarşı çıxıb və Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının da "TAX Free" tətbiqinin gündəmdən düşdüyünü göstərdiyini qeyd edib.

Spiker Oqtay Əsədov isə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının bu məsələyə dəxli olmadığını vurğulayıb: “Tax Free Azərbaycanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq”.

Z. Orucu mövzu üzrə danışmağa çağıran spiker Oktay Əsədov onun ünvanına sərt ifadələr işlədib. Eyni zamanda deputatın davranışlarının İntazam Komissiyasında qiymətləndirilməsini tələb edib. 

Komissiyanın  münasibəti də özünü çox gözlətmədi. Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev "APA"ya bildirib ki, Z.Orucun məsələsinə bu həftə baxılacaq: 

“Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər. Ancaq  Milli Məclis üzvünün parlamentin sədri ilə söz güləşdirməsi qəbuledilməzdir”.

A. Abıyev bildirib ki, Milli Məclis sədrini Milli Məclisin üzvləri seçib: “Spikerin vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir.  Sədr deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə bilər. Oktay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi”.

A. Abıyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatıdırıb: “Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarış belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır