Türkiyədə universitetlər və yataqxanalar neçəyədir? – QİYMƏTLƏR
01 NOYABR

Türkiyədə universitetlər və yataqxanalar neçəyədir? – QİYMƏTLƏR

“Təhsil Cəmiyyəti”nin  təşkilatçılığı və “Akademi Group”Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda Türkiyə universitetlərinin təhsil imkanları nümayiş olunub.  Sərgidə İstanbul Aydın, Bahçeşehir, İstanbul Kültür, Üsküdar, Çankaya, İstanbul Kemer Burgaz Universiteti, Karvam Peşə Akademiyası, 9 Beykent Universiteti və Doğuş Universiteti iştirak edib.

"Akademi Group Təhsil Mərkəzi"nin layihə meneceri Razi Vəliyev fisn.az-a bildirib ki, ötən illərlə müqayisədə bu ilki sərgidə iştirak edən universitetlərin sayı azalıb. Bunun səbəbi Türkiyədə baş verən hadisələrdən sonra bir çox universitetin bağlanmasıdır.

R. Vəliyev hər il ortalama 2 500 azərbaycanlı tələbənin Türkiyəyə getdiyini deyib. Onun sözlərinə görə, Türkiyədə oxuyan tələbələrə iş tapmaqda da köməklik edirlər. İxtisas seçiminə gəlincə isə azərbaycanlı tələbələrin Türkiyədə ən çox tibbi və iqtisadi təhsili seçdiklərini bildirib.

Qeyd edək ki, sərgidə Türkiyənin dövlət və özəl universitetləri təmsil olunurdu. Digər ölkələrdə olduğu kimi Türkiyədə də dövlət universitetlərində təhsil haqqı özəllərlə müqayisədə daha ucuz olur.

İstanbul Kültür Universiteti – özəl universitetdir 1997 ci ildə yaradılıb.

Bakalavr – 6900 dollar ( illik)

Peşə məktəbi, kollec – 4000 dollar ( illik)

Magistratura – 6000 dollar (illik)

Atatürk Dövlət Universiteti

Bakalavr pilləsində illik təhsil haqqı - 800 – 900 dollar (qiyabi)

Magistratura pilləsində illik təhsil haqqı - 1 614 dollar (5 000 TL) (qiyabi)

Atatürk Universitetində magistratura pilləsinə qəbul ildə iki dəfə aparılır. Bakalavr pilləsinə attestatla, magistraturaya isə  ali təhsil haqqında diplomla qəbul edilir.  Atatürk Universitetinə qəbul olmaqda tələbələrə köməklik göstərən “Delta Education” Universitetin qiyabi şöbəsinda təhsil almaqla bağlı köməklik göstərir.

Qəbul qaydaları

Türkiyə universitetlərinə bir neçə formada qəbul aparılır.

1. Attestatla. Yəni, universitetlərin bəziləri orta məktəbləri bitirmək haqqında sənədi və məktəb müəllimlərinin verdiyi qiymətlərlə tələbə qəbul edir.

2. YÖS imtahanı ilə. Bu riyaziyyat və məntiq biliklərini qiymətləndirən sistemdir. Universitet özü də bu imtahanı keçirə bilər və ya başqa bir universitetin keçirdiyi YÖS imtahanının nəticələrini də qəbul edə bilər.

3. Beynəlxalq imtahanlarla. Bir çox universitetlər SAT, İB imtahanlarının nəticələrinə əsasən tələbə qəbul edir.

Qeyd edək ki, bakalavr pilləsinə əsasən YÖS-lə qəbul aparılır. Bu zaman tələbə 100 sualdan 76 düzgün cavab verməlidir. Magistratura pilləsinə qəbul olmaq üçün İELTS imtahanı  verməlidir.

Bölgə universitetlərində  keçid balları aşağı olur. Hətta 51 balla da imtahanı uğurla başa vurmaq olar. Son zamanlar isə ümumiyyətlə Türkiyənin bölgələrində yerləşən ali təhsil ocaqları qəbulu attestatla aparır.

Qəbul qaydalarına görə,  gələcək tələbənin sənədləri Türkiyənin Təhsil müşavirliyində təsdiqlənir və Türkiyəyə göndərilir.

Türkiyədə yataqxanalar neçəyədir?

Xaricdə təhsil almaq istəyənlər üçün əsas məsələlərdən biri tələbənin düzgün yataqxana seçimi etməsidir. Türkiyədə özəl universitetlərin təhsil haqqı kimi yataqxanalarının da aylıq ödənişi yüksəkdir.  “Akademi Group”Xaricdə Təhsil Mərkəzinin PR meneceri Şahnaz Əhmədova Türkiyədə özəl və dövlət yataqxanalarının olduğunu bildirib.  Əlavə  edib ki, dövlət yataqxanalarına tez müraciət etmək lazımdır. Çünki bu yataqxanalarda qiymətlər çox ucuz olduğundan yerlər tez tutulur.

Qeyd edək ki, dövlət yataqxanalarında 6 -8 bəzən isə daha çox tələbə bir otaqda qalır. Belə yataqxanalarda adətən qızlar ayrı, oğlan tələbələr isə ayrı yataqxanalarda qalırlar.  Türkiyədə yataqxanaların qiyməti yerləşdiyi yerə görə dəyişir. Adətən, bölgələrdə yataqxanalar ucuz olur. Özəl yataqxanaların qiyməti çox baha olur. Bəziləri hətta 5 ulduzlu oteli xatırladır. Belə yataqxanaların hovuzu, idman zalı və digər istirahət yerləri olur.

Dövlət yataqxanaları – 60 manat – 80 manat ( 1 aylıq)

Özəl yataqxanalar – 600 – 800 manat ( 1 aylıq)

European Uniuversity of Lefke - özəl yataqxana

1 nəfər 1 illik – 1700 dollar (yeməksiz)

1 nəfər 1 illik yeməklə - 4500 dollar

Özəl yataqxanalarda maksimum 3 nəfər bir yerdə yaşayır. Ancaq bu halda da qiymətlərdə bir o qədər fərq olmur. Yataqxanalar düşərgə formasında olur və adətən, universitetlərə yaxın ərazilərdə yerləşir. 

Qeyd edək ki, iri şəhərlərdən kənarda olan yataqxanalarda qiymətlər ucuz olur. Yeməklərin qiymətlərinə gəlincə isə Ş.Əhmədova bir yerdə qalan tələbələrin adətən həftə sonu təşkil olunan yarmarkalardan bazarlıq edərək evdə yemək hazırladıqlarını bildirdi. Çünki restoranlarda qidalanmaq çox baha başa gəlir. Tələbələrin aylıq xərcləri isə 700 -1000 (210 -526 manat) lirə arası olur.  Konya, Antalya, Kahramanmaraş, kimi şəhərlərdə isə tələbələrin aylıq xərci 500 lirə (263 manat) təşkil edir.  

Nəqliyyat xərclərinə gəlincə isə Türkiyədə tələbələrə “akpil kartları” verilir. Bu kartlarla güzəştli gediş mümkün olur.

Almaniyada ali təhsil pulsuzdur

Sərgidə həmçinin, Almaniyada təhsil almaq şansı yarada bilən kurs da təmsil olunurdu. Kursun nümayəndəsi İsmayıl Qədimli Almaniyada Bakalavr təhsili almaq üçün 13 illik orta təhsilin tələb olunduğunu  vurğulayıb. Məsələn, əgər siz 11 illik məktəbi bitirmisizsə o zaman iki il ya Azərbaycan universitetlərində təhsil almalı və ya iki il Almaniya kollecində təhsil almalısız. Yalnız bundan sonra Almaniya universitetlərində təhsil almaq şansı qazana bilərsiz.

Şirkət nümayəndəsi Azərbaycanlı tələbələrin əsasən, Almaniyada biznes ixtisasını seçdiklərini bildirdi.

Azərbaycanlı tələbələr, əsasən,  Almaniyanın dövlət universitetlərində təhsil almaq istəyirlər. Çünki onların demək olar ki, hamısı pulsuzdur. Bəzi dövlət universitetlərində maksimum təhsil haqqı 400 avrodur.

Alman universitetlərinə bakalavr pilləsinə qəbul olmaq üçün  13 illik təhsil, həmçinin alman dili və ya ingilis dili biliyi lazımdır. Amma yaxşı olar ki, Alman dilini biləsiz. Çünki Almaniya universitetləri əsasən Alman dilini bilən tələbələrə üstünlük verirlər.

Magistratura səviyyəsinə qəbul olmaq üçün bakalavr sənədiniz və Alman dilini bildiyinizi sübut edən sənəd olmalıdır. Almaniyada dövlət kollecləri pulsuzdur. Özəl kolleclər yoxdur, əvəzində  özəl gimnaziyalar  var. Bu gimnaziyalara xarici vətəndaşların qəbulu adətən aparılmır. Hər universitetin öz kolleci var , kolleclər universitetin yanında olur.

Ucuz yataqxananı harda tapmaq olar? 

Yataqxana üçün tələbələr özləri müraciət edirlər. Yataqxanalarda yer olmayanda “Akademi Group”un nümayəndəlikləri  tələbələrə kirayə evlər tapmaqda köməklik göstərir.   Adətən qızların bir yerdə qalmasına şərait yaradılır.

Almaniyada ən ucuz yataqxanaların aylıq ödənişi  150 -250 avrodur. Yataqxanaların qiyməti yerləşdiyi yerdən asılı olur. Şəhər kənarında olan yataqxanalar adətən ucuz olur. Otaqlarda maksimum 2 və ya 4 nəfər qala bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır