Xaricdə ən ucuz qiymətə təhsil almaq üçün universitetlər - SİYAHI
26 İYUL
354

Xaricdə ən ucuz qiymətə təhsil almaq üçün universitetlər - SİYAHI

Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyən gənclərimiz kifayət qədərdir. Əsasən,  öz ixtisası üzrə seçilən, mütəxəssis olmaq istəyən gəncləri xaricdəki yüksək səviyyəli universitetlər cəlb edir.  Əgər əvvəllər tələbələr dövlət xətti ilə xaricə təhsil almağa gedə bilirdilərsə, indi öz hesabına və ya təqaüd proqramları vasitəsilə xarici ölkələrə üz tutanları müşahidə edirik.

Ümumiyyətlə, xaricdə  təhsil almaq bir çox tələbələr üçün əhəmiyyətli nüanslardan biridir.

Bəs hansı ölkələrin universitetlərində təhsil haqqı ucuzdur?

AzEdu.az bununla bağlı xaricdə təhsil üzrə mütəxəssislərin fikrini öyrənib

“Təhsil almaq üçün ən ucuz ölkələr  Türkiyə, Ukrayna, Almaniya, Polşa, Litvadır”

Bu sözləri AzEdu.az-a Gəncliyin Elmi-Mədəni İnkişaf  Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu deyib.

O, bildirib ki, təhsil haqqının ucuz olması həmin universitetin verdiyi təhsillə eynilik təşkil etmir:

“Türkiyə universitetlərində təhsil haqqı  200 dollar, Ukraynada 700 dollar, Litvada isə 1500 dollardan başlayır. Həmçinin, Polşa və Almaniya universitetlərində 500 dollardan başlayan qiymətlərlə təhsil almaq mümkündür. Təbii ki, təhsil haqqının ucuz olması həmin universitetin verdiyi təhsillə eynilik təşkil etmir.

Ümumiyyətlə, hər bir ölkənin təhsil haqqı ilə bağlı qiymət siyasəti olur. Universitetlərdə olan tədrisin keyfiyyəti təhsil haqqının ucuz və ya baha olmasıyla bağlı deyil.  Almaniya universitetlərində magistr dərəcəsi üzrə təhsil haqqı 500 manatdır. Amma bu o demək deyil ki, təhsil keyfiyyəti də aşağıdır.  Təhsil haqqının  ucuz olması sadəcə simvolik rəqəmdir.

Xarici ölkələr universitetlərdəki təhsil haqqını ucuz etməklə əcnəbiləri özlərinə cəlb etmək istəyirlər”.

 Xaricdə təhsil üzrə ekspert  Nəzərbəy Hacıağayev isə Ukrayna və digər Şərqi Avropa ölkələrinin universitetlərində təhsil haqqının ucuz olmasını vurğulayıb:

“Ukrayna universitetlərində təhsil haqqı 700-1500 dollar arasındadır. Xaricdə təhsildə vətəndaşlarımız daha çox dövlət universitetlərinə üstünlük verirlər. Amma dünyanın digər ölkələrinin vətəndaşları daha çox özəl universitetlərdə təhsil almağı hədəfləyirlər. Onu da bildirim ki, Belarus və Gürcüstan universitetlərində də təhsil haqqı ucuzdur. Amma Qərbi Avropa ölkələrinin universitetlərində təhsil haqqı bahadır. Qərbi Avropa  ölkələrində təhsil haqqı baha olduğu kimi qəbul şərtləri də çətindir. Almaniyada təhsil haqqısı 300-500 avro civarında olan universitetlər də tapmaq mümkündür. Amma həmin universitetlərdə təhsil almaq üçün alman dilini mükəmməl səviyyədə bilmək lazımdır. Digər Avropa ölkələri ilə müqayisədə Belçika universitetlərində təhsil haqqı ucuzdur. Amma Belçika universitetlərində ingilis dilli proqramlara daxil olmaq üçün IELTS 7 bal olmalıdır. Həmçinin, Belçika universitetlərinə qəbul üçün fransız dilini isə  B1, B2 səviyyədə bilmək lazımdır. Şərqi Avropa ölkələrin universitetlərində təhsil haqqı aşağı olmaqla bərabər həm də qəbul şərtləri də asandır.

 Təhsil haqqının baha olması həmin universitetin verdiyi təhsillə eynilik təşkil edir. Ümumiyyətlə, xarici universitetlərin təhsil haqqı bahadırsa, tədrisin keyfiyyəti də yüksəkdir. Məsələn, ABŞ, İngiltərənin nüfuzlu universitetlərində  təhsil haqqı çox yüksəkdir. Amma bu o demək deyil ki, hər imkanı olan şəxs həmin universitetlərdə təhsil ala bilər.  Oxford və  Kembric Universitetlərində  təhsil haqqı baha olsa da, tələbələrdən də yüksək bilik tələb olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır