Xaricdə təhsil almaq istəyənlərin nəzərinə: Macəralar ölkəsi– Meksika
03 SENTYABR
297

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə: Macəralar ölkəsi– Meksika

Rəsmi olaraq Birləşmiş Meksika Ştatları adlanan bu ölkə Şimali Amerika qitəsində yerləşir. Paytaxtı Mexiko şəhəridir. Siyasi cəhətdən demokratik, federal, 32 ştatdan ibarət (31 ştat və 1 federal paytaxt) və dini təşkilatlardan asılı olmayan bir ölkədir. Ərazi baxımdan dünyada 13-cü, Latın Amerikasında isə 3-cü yeri tutur. Meksikanın özünəməxsus tarixi və görməli yerləri vardır. Bu cəhət turistlərin bura daha çox gəlməsinə səbəb olur.

Turizm.fins.az xəbər verir ki, 2018-ci ildə Meksika 42 milyon ziyarətçi qəbul edərək dünyanın 6-cı istiqaməti olub və turizm ölkəyə 22,4 milyard dollar gəlir gətirib.

Bu ölkəni başqa yerlərdən bir çox cəhətlər fərqləndirir. Buranın selva meşələrində yaquara rast gəlmək olar. Meksika mifologiyasına görə arada bir ilanlar da gözə dəyir. Dünyanın ən balaca iti məhz Chihuahua ştatındadır və adı da belə adlanır. Ölkədə ilk dəfə nəşriyyat binası 1539-cu ildə Mexiko şəhərində tikilib. “Meksika Milli Universiteti” ispaniyalı V Karlos tərəfindən 1551-ci ildə tikilib və bu universitet Şimali Amerikanın ən qədim təhsil ocağıdır. Mexiko şəhəri böyük Aztek şəhərinin xarabalıqları üzərində tikilib. 126 milyon əhalisi ilə Meksika dünyada doqquzuncu yeri tutur. Meksika dünyaya şokolad, acı bibər və qarğıdalı kimi yeniliklər gətirib. Meksika dünyada “vulkan dovşanı”nın yaşadığı yeganə məkandır. Meksika olmek, zapatek, toltek, maya, aztek kimi qədim sivilizasiyaların məskənidir. “Çiçen İtza piramidasın”da yerləşən “Kukulkan” ibadətgahı dünyanın yeddi möcüzəsindən biridir.

Şimal ştatlarının təbiətinə xas olan səhralarından tutmuş ölkənin cənubundakı gözəl çimərliklərə qədər macəra, istirahət axtaran şəxslər məhz bu məkanı seçirlər.

Meksikanın mədəni həyatı tükənməzdir. Bura gələn qonaqlar muzey, teatr və dünyanın ən böyük piramidası olan “Cholula” kimi tarixi abidələri ziyarət etdikdən sonra vətənlərinə zəngin təəssüratlarla qayıdırlar. Turistlər şəlalələrdən tullanmaq, vulkanlara qalxmaq, dağlardan çay boyu qayıqlarla enmək, səhrada səndbord, yaxud Karib dənizində sörfinq sürmək və sualtı həyatı yaşamaq imkanlarını qaçırmırlar. Meksikanın tarixi İspaniya ilə bağlı olduğuna baxmayaraq buranın milli musiqisi fərqli bir janrdır. Başlarında sombrero 3-4 nəfərdən ibarət olan “mariaçi”lər əllərində gitara tutaraq sizə yaxınlaşsalar təəccüblənməyin.

İspaniya, Fransa, Afrika, Orta Şərq və Asiya kimi ölkələr Meksikanın mətbəxinə təsir göstərib. Ancaq bunla belə bir çox təamlar ispanların bura gəlişindən əvvəl, hindu qəbilələrində yaranıb. İndi buranın mətbəxi öz dadı ilə başqa xalqların diqqətini çəkir. Meksikalılar mətbəxində əsasən qarğıdalı, lobya, çile (çox acı bibər), buranın təbiətinə xas olan pomidor, aquakate, keçmişdə allahların qidası sayılan kakao, kakauate, amarant və digər tərəvəzlərdən istifadə edirlər.

Meksikanın hər bir ştatı bişirdikləri yeməklərin sirrini qoruyub saxlayır. Siz Duranqoda “kaldiyo dunanqense”, Yukatanda “koçinita pibil”, Koahuila ştatında isə keçi ətindən və qarğıdalıdan hazırlanmış “posole” və “el kabrito” kimi təamların dadına baxa bilərsiniz.

Azərbaycanda Meksika səfirliyinin açılmasından sonra Meksikada azərbaycanlı turistlərin sayı artıb. Son beş ildə bu artım 20 faizdən çox olub. 2018-ci ildə Meksikanı ziyarət edən azərbaycanlı turistlər əsasən ölkəyə Kankun və Mexiko şəhərləri vasitəsilə daxil olublar.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır