Formula 1-in biletlərinə nə daxildir? – QİYMƏTLƏR
28 APREL 2016
1306

Formula 1-in biletlərinə nə daxildir? – QİYMƏTLƏR

Bakıda Formula 1 yarışlarına hazırlıq hələ də davam edir. Artıq yarışın başlamasına iki aydan da az vaxt qalıb. İyun ayının 17-si  19-u aralığında keçiriləcək beynəlxalq Qran Prini izləmək istəyənlər üçün biletlərin qiymətləri də məlumdur.Fins.az-ın məlumatına görə,  yarış trekinin izlənmə yerindən və xidmətlərdən aslı olaraq qiymətlər 19 dollardan 472 dollara kimi dəyişir. Bəs bu qiymətə nə daxildir? 

Hökumət Evinin qarşısı - 472 dollar

Yarış trekinin ən əsas izlənmə yeri  Hökumət Evinin qarşısı hesab edilir. Bu hisssədə, yəni A, B,C, D və E sektorlarında Formula 1-i izləmək üçün 472 dollarlıq biletləri almaq lazımdır. Baku Grand Prix şirkətinin mətbuat katibi Nigar Arpadarai fins.az-a bildirib ki, bu hissədə komandaların avtoqarajları və əsas Abşeron tribunası yerləşir. Yarış həvəskarları  buradan Pit Yolu, start düzülüşü və FİNİŞ xəttini yaxından izləyə biləcəklər. Tamaşaçılar həmçinin yarışın bitdiyini işarə edən FİNİŞ bayrağının dalğalanmasına və Podium mərasiminə yaxından tamaşa edə biləcəklər.Əsas tribunaya bilet alanlar  bütün yarış  trekinə pulsuz daxil ola bilərlər. 

Məşhurların 3 günlük konserti

Bu sektorun tamaşaçıları 3 gün ərzində dünya musiqisinin ən məşhur ulduzları– Kris Braun, Enrike İqlesias və Farel Vilyamsın  2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq  konsertə də pulsuz  iştirak edə biləcəklər.

Gənc pilotların GP 2 yarışı

Bundan əlavə,  Formula 1 Avropa Qran Prisinə dəstək məqsədilə keçirilən gənc pilotların GP2  yarışını izləmə imkanı qazanırlar. Bulvar ərazisində yerləşən Formula 1 Şəhərciyində isə bütün əyləncə növlərindən istifadə etmək pulsuzdur. 

89 -472 dollarlıq biletlərə bütün xidmətlər daxildir 

Yarış həvəskarları İçəri  şəhər və Azneft Meydanından yarışı izləmək üçün 294 dollara olan biletləri əldə edə bilərlər. Kukla Teatrının qarşısındakı Muğam , Sahil tribunasından  yarışı izləmək, konsert və əyləncələrdən istifadə etmək 245 dollara başa gəlir. Formula 1-i Qız Qalası və Filarmoniya bağından izləmək istəyənlər 189 dollara, Dənizkənarı parkın Muzey Mərkəzi və Xəzər tribunasından yarışı izləmək isə 120 dollara başa gəlir.  Yarışı 3 günlük ayaqüstü izləmək  üçün biletlər 89 dollara satılır. Nigar Arpadarainin sözlərinə görə,  89-472 dollara satılan 3 günlük bütün biletlərə sadalanan xidmətlər daxildir. Fərq  yalnız yarışının izlənmə yeri ilə bağlıdır. 

19 dollara  Formula 1 və Kris Braun konserti 

Formula 1 yarışı ilə bağlı satılan ən ucuz bilet isə 19 dollardır. Bu qiymətə yalnız cümə gününə olan ayaqüstü yerlər daxildir. Yarış həvəskarları trek boyunca gəzərək və ya istədikləri hissədə dayanaraq Formula 1-i izləyə bilərlər. bununla yanaşı  bir gün ərzində  Bulvarda bütün əyləncə növlərindən pulsuz istifadə edə bilərlər.Və ən əsası Kriz Braunun konsertində də iştirak etmə şanı qazanırlar.

C sektorunda yerlər dolub 

Qiymətlərə baxıb yer axtaranlar üçün qeyd edək ki, hazırda hər sektor üzrə bilet satışı davam edir. Biletləri onlayn qaydada da sifariş etmək olar. Hazırda yalnız əsas tribunada  mərkəzi C sektoruna aid yerlər dolub. Digər sektorlar üzrə bilet satışı davam edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır