Bakıda Shopping Festival keçirilə bilər - TƏKLİF
04 MAY 2016
653

Bakıda Shopping Festival keçirilə bilər - TƏKLİF

Hotellər və Restoranlar Assosiasiyası paytaxtda Baku Shopping Festivalın (Bakı Ticarət Festivalı) keçirilməsi təşəbbüsü ilə çıxış edib. Assosiasiyadan fins.az-a verilən məlumata görə, son illər ölkədə turizmin inkişafı ilə bağlı işlər aparılır, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi turistlərin sayını artırır, eləcə də Azərbaycana gələn turistlərin artırılması kimi məsələlər prezident İlham Əliyev tərəfindən dəfələrlə xüsusi vurğulanıb. 

Bundan başqa, son illər Bakı şəhərində bir sıra ticarət mərkəzləri, tanınmış brendlərin dükanları, eyni zamanda əyləncə infrastrukturu xeyli genişlənib. Paytaxtın turizm və qonaqpərvərlik infrastrukturu minlərlə turistə xidmət göstərməyə qadirdir. Bu biliklər və beynəlxalq təcrübədən irəli gələn məlumatlar əsasında Hotellər və Restoranlar Assosiasiyası tərəfindən Baku Shopping Festival© ın keçirilməsi ideyası irəli sürülüb. 

Assosiasiyada inanırlar ki, geniş miqyasda təbliğ edilmiş belə bir tədbirin Bakı şəhərində keçirilməsi ölkəyə gələn turistlərin sayını artırar, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və sair sahələrin inkişafına yardımçı olar. Baku Shopping Festival© kimi iri miqyaslı və rezonanslı tədbirin keçirilməsi üçün bir sıra şirkətlər və qurumlar bir araya gəlməlidirlər. Bunlar sırasında hava və şəhər nəqliyyatı şirkətləri, ticarət mərkəzlərı, dünya şöhrətli geyim, məişət avadanlığı, mebel və sair brendlərin təmsilçiləri, əyləncə infrastrukturu, hotellər, içtimai iaşə müəsissələri, turizm agentlikləri və sairləri sadalanmışdırlar. Hotellər və Restoranlar Assosiasiyası ticarət festivallarının keçirilməsində xarici təcrübəni oyrənərək nəticə çıxarıb ki,  bu növ tədbirlər adətən 30-40 gün davam edir. Assosiasiyanın ekspertləri hesab edirlər ki, festhivalın “aşağı mövsümdə” keçirilməsi daha məqsədəuyğundur, çünki tədbirə əlavə qonaqlar gələrək turizm, qonaqpərvərlik və ticarət infrastrukturunun dövriyyəsini artırırlar. Bu isə sənayenin “aşağı mövsümdə” dəstəklənməsi üçün vacib olan amildir. Ticarətin daha intensiv çalışması ilə yanaşı Festivallar adətən müxtəlif əyləncə xarakterli tədbirlərlə də müşahidə olunurlar. Konsertlər, premyeralar, lotoreyalar kimi xüsusi tədbirlər Festivalların həqiqi bir “bayrama” çevirilməsi üçün şərait yaradır. 

Onu da qeyd etmək lazımdır ki, hava nəqliyyatı şirkətləri, hotellər, restoranlar, muzeylər, turizm agentlikləri Festival üçün xüsusi tur paketləri hazırlayaraq onları seçilmiş xarici bazarlarda əhaliyə təklif etməlidirlər: «Bu iş kollektiv səylər tələb edir. Festivalı uğurla realizə etmək və onun hər il keçirilməsini ənənəyə çevrilməsi üçün bir sıra şirkət və qurumların birgə səyləri zəruridirlər. Ölkəyə verilən vizalar, hava nəqliyyatının qiymətləri, ölkədaxilində təklif edilən xidmətlərin çeşidi və qiymətləri, brend mağazaların, ticarət mərkəzlərinin təklif etdikləri endirimlər, əyləncə tədbirləri, tanıtım, marketinq və reklam konsepsiyası və bir sıra digər məsələlər ciddi şəkildə işlənməli və koordinasiya edilməlidirlər»-deyə Assosiasiyada bildirilir. 

Hotellər və Restioranlar Assosiasiyası Baku Shopping Festival© ın keçirilməsi təşəbbüsü ilə çıxış edərək bildirir ki, tədbirlə əlaqədar bütün inzibati və təşkilatı işləri öz üzərinə götürməyə hazırdır. Assosiasiya əldə etdiyi beynəlxalq təcrübədən və ölkənin turizm, qonaqpərvərlik və ticarət sektorlarında illər ərzində topladığı tərəfdaşlar şəbəkəsindən istifadə edərək bu işi layiqincə görə bildiyini bəyan edib. 

Assosiasiyanın İdarə Heyəti artıq bir sıra təşkilatlara müraciətlər yollayaraq və təşəbbüsün realizə edilmə imkanlarını müzakirəyə çıxarıb.

Assosiasiyanın rəhbərliyi güman edir ki, bir neçə ay öncə Assosiasiya tərəfindən “low cost” avia şirkətlərin ölkədə işləməsi, vizaların asanlaşması, ekskursiya xidmətlərinin inkişafı, gəlmə turizm üçün əlverişli qiymətlərin formalaşması, xarici ölkələrdə turizm təmsilçiliklərinin təsis edilməsi və digər mövzular əsnasında elan edilmiş təşəbbüslər kimi, bu təklif də cavabsız qalmayacaq. 

Hotellər və Restoranlar Assosiasiyası bütün maraqlı təşkilatları, dövlət və özəl qurumları eyni zamanda hər bir turizm, qonaqpərvərlik, ticarət, əyləncə sektorlarının peşəkarlarını Baku Shopping Festival© ın keçirilmə təşəbbüsünün dəstəklənməsinə çağırıb: «Assosiasiyanın ekspertləri hər bir kəsin bu sahədə təkliflərinə, dəstəyinə və eyni zamanda topladıqları təcrübənin onlarla bölüşməsinə şad olardılar. Ölkədə keçirilən tədbirlərin artması və turizm baxımından inkişaf etmiş bazarlara xas olan texnologiyaların tətbiqi Azərbaycan turizm sənayesinin inkişafına təkan verir, onun gələcək perspektivlərini müəyyən etməyə xidmət göstərir». 

Qeyd edək ki, Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycan turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin formalaşmasında yardımçı olmaq, müasir turizm və xidmət texnologiyalarından istifadə edərək sənayenin inkişafına təkan vermək, turizm və qonaqpərvərlik sənayesinin hər bir iştirakçısının maraq və mənafeələrini üstün tutaraq ölkə iqtisadiyyatının davamlı inkişaf proseslərində fəal iştirak etməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır