“Avropa Şəhərciyi 2016” festivalı keçirəcək
10 AVQUST 2016
117

“Avropa Şəhərciyi 2016” festivalı keçirəcək

Bu il oktyabrın 1-də Bakının Milli Dənizkənarı Parkında (Bulvarda) “Avropa Şəhərciyi 2016” festivalı keçirəcək. Tədbiri Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə həyata keçirir. 

Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri - Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər. Bunlardan biri 2013-cü ildən etibarən ardıcıl olaraq İçəri Şəhərdə keçirilən “Avropa Şəhərciyi” tədbiridir.

“Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Bir gün davam edəcək bu festivala heç kəs laqeyd qala bilməyəcək. Belə ki, “Avropa Şəhərciyi 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaqdır. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir! Festivala gələn qonaqlar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu yaxından izləyə biləcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır