Oktyabrın 1-i Bulvarda pulsuz festival keçiriləcək
23 SENTYABR 2016
1269

Oktyabrın 1-i Bulvarda pulsuz festival keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə “Avropa Şəhərciyi 2016” festivalı keçirəcəkdir. Tədbir bu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (Bulvarda) təşkil olunacaq. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Fins.az-a bildirdilər ki,tədbirdə iştirak pulsuzdur. Festival saat 14:00-dan 23:00-a kimi davam edəcəkdir.
Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri - Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər. Tədbirlərdən biri 2013-cü ildən etibarən ardıcıl olaraq İçəri Şəhərdə keçirilən “Avropa Şəhərciyi” adlanır.
“Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.
“Avropa Şəhərciyi 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaqdır. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir. Festivala gələn qonaqlar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı pizza xəmirinin aşpaz tərəfindən havada fırladılması şousunu izləyə biləcəklər.
Tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq, həmçinin “Səs” (Azərbaycan) layihəsinin iştirakçıları öz ifaları ilə tədbiri davam etdirəcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır