Bulvarda Avropa şəhərciyi – FESTİVAL - FOTOLAR
03 OKTYABR 2016
756

Bulvarda Avropa şəhərciyi – FESTİVAL - FOTOLAR

Oktyabrın 1-də Dənizkənarı Bulvarda «Avropa şəhərciyi» festivalı keçirilib. Festivalda Avropanın 21 ölkəsi ziyarətçiləri öz tarixi, mədəniyyəti, mətbəxi və turizm imkanları, eləcə də Avropada təhsil imkanları ilə tanış ediblər.

Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bildirir ki, festivalın məqsədi azərbaycanlı gəncləri Avropa xalqalrının mədəniyyəti ilə tanış etmək, Avropa ilə Azərbaycan arasındakı münasibətləri inkişaf etdirməkdir.

Avropa ölkələrinin stendlərində hədiyyə və təqdimatlarla yanaşı uşaqlar və böyüklər üçün müsabiqə və viktorinalar keçirilib. Milli rəqs və mahnılar ifa olunub. Həmçinin festival iştirakçıları üçün Avropa ölkələrinə virtual səfər çıxmaq, karaoke oxumaq,  feys-art etmək kimi müxtəlif əyləncələrdən yararlanıblar. Bundan başqa festivalın qonaqları Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousunu izləyiblər.

Festivalda fransız dəbindən tutmuş Holland pendiri və yunan zeytunlarına qədər Avropanın simvolları nümayiş olunub.

Fransa səfirinin nümayəndəsi Yohan Çetari bildirib ki, Fransa festivalda 3 sahə üzrə təmsil olunub. Bura Fransada təhsil, Fransa dəbi və Fransada turizm sahəsidir: «Təkcə ötən il Fransaya 80 milyon turist gəlib, bu bütün dünyada rekord göstəricidir. Sizin ölkə də çox tolerant ölkədir, həmçinin gözəl təbiətiniz və qədim şəhərləriniz var. Bir neçə ay əvvəl Fransadan 70-ə yaxın turizm şirkəti Azərbaycana gəlib. Hazırda ölkələrimiz arasında turizmin inkişafı üçün işlər aparılır».

Yunanıstan səfiri Dimitrias Çunqas da festivalda Yunanıstana olan maraqdan razı qalıb: «Dəniz ölkəsi olduğumuzdan stendimizdə gəmi maketləri və əsl Yunan zeytunları nümayiş etdiririk. 500-dən çox bayraq paylamışıq».

Festival dünyaca məşhur fransız Di-Cey Devid Vendetta və skripka ifaçısı maestro Misahın konserti ilə başa çatıb.

Qeyd edək ki, festival təkcə Bakıda keçirilmir. May ayında oxşar tədbir Gəncədə də keçirilib və bura 10 min nəfər qatılıb. Gələcəkdə «Avropa şəhərciyi»nin digər bölgələrdə də keçirilməsi gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır