Bakıda şopinq festival necə olacaq? – SUAL CAVABDAN ÇOXDUR
20 OKTYABR

Bakıda şopinq festival necə olacaq? – SUAL CAVABDAN ÇOXDUR

Prezident İlham Əliyevin «Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında» sərəncamının verilməsindən ay yarım keçir. Onun bəndələrindən biri Azərbaycanda şopinq festival keçirilməsi ilə bağlıdır.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılır ki, Bakı ŞİH ilə birlikdə hər il Bakıda şopinq festival təşkil etsin. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük Komitəsi festival zamanı pərakəndə ticarətdə tətbiq ediləcək güzəşt və təşviqlər üzrə təkliflər verməlidir.

Sənəd imzalanandan çox müddət keçsə də, müvafiq orqanların festivalın keçirlməsi ilə bağlı təklifləri haqda anlaşıqlı informasiya yoxdur.

Maliyyə Nazirliyində Turan-ın sorğusuna cavab veriblər ki, vergi güzəştləri və təşviqlərlə bağlı müzakirələr başa çatmaq üzrədir.

«Eyni zamanda xarici təcrübəni öyrənirik», deyə nazirlikdə bildiriblər.

Suallar iki həftə əvvəl göndərilsə də, Vergilər Nazirliyi material hazırlanana kimi cavab göndərməyib.

Rəsmi şəxslərdən şopinq festivalla bağlı mədəniyyət və turizm naziri Ə.Qarayev danışıb. Sentyabrın sonunda o deyib ki, nazirlik təkliflər hazırlayaraq hökumətə təqdim edib.

«Baku Shopping Festivalın keçiriləcəyi tarix dəqiq məlum deyil. Biz 2017-ci ildə hərəsi 10-15 gün olmaqla iki  festival keçirməyi planlaşdırırıq», deyə o bildirib.

Nazir qeyd edib ki, bu cür festivalların keçirilməsi turizm potensialının təbliği və eləcə də ölkə daxilində maliyyə dövriyyəsi və xaricdən maliyyə idxalı üçün ciddi alətdir.

Ə.Qarayevin sözlərinə görə, festival ticarətlə məhdudlaşmayacaq. Buraya mədəni tədbirlər də əlavə ediləcək.

Festival barədə Otel və Restoranlar Assosiasiyasının İH sədri Samir Dübəndi daha konkret danışıb. «We & World Economics» jurnalına müsahibəsində o deyib ki, bütün məsələləri əlaqələndirən və layihə üçün məsuliyyət daşıyan təcrübəli operator seçilməlidir.

S. Dübəndi hesab edir ki, ilk festivalı başqa hadisələrlə, məsələn, hər il keçirilən “Formula 1” yarışları ilə uyğunlaşdırmaq olar. Onun fikrincə, beləliklə, aviauçuşlarda qiymətlərin ucuzlaşması hesabına (“Formula 1” vaxtı tətbiq edilir) bayram xarakterli bir sıra tədbirlərdə qənaət edilər və s.

«Aviauçuşlarda qiymətlərin ucuzlaşması və otellərdə qalmağa gəlincə, turistləri cəlb etmək üçün müxtəlif mexanizmlər var. Təcrübədən demək olar ki, dövlət vergi, rüsum və başqa yığımları azaltmaqla, ticarət və iaşənin artan dövriyyəsindən mənfəət əldə etmək istəyir. Ona görə əminəm ki, bu tədbirlər özünü doğruldacaq», deyə o bildirib.

S.Dübəndi şopinq festival keçirilməsini vacib sayır. Onun sözlərinə görə, şopinq turistlər arasında populyardır. Turistlərin xərclərinin 35%-i buna gedir.

«Belə festival keçirilən ölkələr əlavə fayda əldə etmək imkanını unutmur və unikal ticari və turizm təklifləri edir. Bunlar bu və ya digər turizm istiqamətinin cəlbediciliyini artırır. Fikrimizcə, festivalı mövsümdən asılı olaraq ölkənin müxtəlif regionlarına qısamüddətli səfərlərlə birləşdirmək olar», deyə S.Dübəndi qeyd edib.

Bizsə qeyd edək ki, dünyada uğurlu şopinq festival praktikaları var.

Ən populyar şopinq festivalların biri İstanbulda keçirilir.

İstanbul Shopping Fest hər il yazın sonu və ya yayda başlayır. Təxminən bir ay İstanbul dünyanın alış-veriş və əyləncə mərkəzinə çevrilir. Festivalı ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə İxracatçılar Birliyi və İstanbul meriyası və s keçirir. Festival zamanı şəhərin iri ticarət mərkəzləri, məsələn, «Qapalı Çarşı» və  «Mısır Çarşısı», gecə-gündüz işləyir. Bu günlər çox ucuz qiymətə mal almaq üçün çox gözəl imkandır; xarici turistlərin bəxti daha çox gətirir – Türkiyədən çıxanda mala görə ödənilən vergini də geri almaq olar.

Şopinq iştirakçıları üçün çoxsaylı aksiyalar, uduşlar, müsabiqələr, əyləncə proqramları, moda göstərişi, əyləncə gecəsi təşkil edilir.

Dubay praktikası da var. Dubay Ticarət Festivalı (DSF) artıq 22 ildir keçirilir və şopinq dünyasının ən böyük hadisəsidir. Hər il yanvarda keçirilən DSF bu tipdən ən çox davam edən festivaldır. Dubay Ticarət Festivalı təkcə əlverişli güzəştlər və aksiyalar təklif etmir. Festival çərçivəsində məşhur adamların çıxışı və əmirliyin sevimli hobbilərinə həsr edilmiş çoxlu tədbirlər olur. DSF festivalı modalı flaşmobdan tutmuş lotereya oyunlarına kimi hər cür zövq üçün əyləncələr təklif edir. Uduşlar arasında pul ilə yanaşı avtomobil də olur. 

Mənbə: Turan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır