Çörəyimizi yeyən səfirlər: “Dadlıdır” – BAKIDA “ÇÖRƏK FESTİVALI”
20 OKTYABR

Çörəyimizi yeyən səfirlər: “Dadlıdır” – BAKIDA “ÇÖRƏK FESTİVALI”

Bu gün Bakıda ilk dəfə “Çörək festivalı”keçirilib. «Sərin» şadlıq sarayında təşkil olunan Festivalda Azərbayan da daxil olmaqla 4 ölkədən 150-yə yaxın çörək növü nümayiş etdirilib.

Beynəlxalq Kulinariya Günü münasibətilə təşkil edilən festivalda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, millət vəkili Qənirə Paşayeva, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov,  Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlar iştirak ediblər.

Eləcə də bax: Bakıda Beynəlxalq “Çörək festivalı” keçirilib – FOTOLAR

Festivalda Azərbaycanın 24 rayon və şəhərindən 150-yə yaxın çörək növü gətirilib. Tədbirdə Qırğızıstan, Özbəkistan və Türkiyənin də çörək növləri təmsil olunub.

Gəncə çörəkləri

Festivalda Gəncənin çoxsaylı çörək növləri nümayiş etdirilib. Onlar arasında ən qədimi daş üzərində bişən Səngə çörəyidir. Həmçinin sacda bişən Sac əppəyi çörəyi də festivala qatılanlar tərəfindən maraqla qarşılandı. Bundan başqa təndirin qara növü də festivalda təmsil olunub. Qoyun quyruğu ilə hazırlanan  cızdağlı çörək də Gəncə çörəkləri arasında yer almışdı. 

Qobustan çörəyi

Qobustan, çörəkləri ilə yanaşı  yuxa, kələm qutabı, göy qutabı , fəsəli, bozdama, piçi,  kürə çörəyi, və  şirin çörəklərlə  təmsil olunurdu

İsmayıllı çörəkləri

İsmayıllı 18 növ çörəklə təmsil olunurdu. Bundan əlavə ət qutabı, göy qutabı və qarın qutabları da festivalda nümayiş olunurdu. Festivalın ən ağır çəkili çörəyi isə İvanovka kəndindən gəlmişdi – bu çörəyi ağırlığı azı 3 kiloqram idi. 

Festivalda işğal altında olan bölgələrin nümayəndəlikləri də təmsil olunurdular. Laçın və Şuşa təmsilçiləri bu bölgənin çörəklərinə xüsusi marağın olduğunu bildirdilər.

Laçın

Laçın rayonu festivalda 25 növ çörəklə təmsil olunurdu. Hələ 17-ci əsrdən bişirilən səd çörəyi arpa və qarğıdalı unundan hazırlanır. Qozlu-zirincli çörək isə şəkər xəstəsi olan və qan təzyiqi olan insanlar üçün faydalıdır. Həmçinin festivalda Kəmbə daşı üzərində bişirilən  Kömbə çörəyi də yer almışdı. Bişi çörəyi isə unla qaynadılmış yağla hazırlanır. Laçınlıların bişirdiyi çörəklərdən biri də  qoyun quyruğu ilə bişirilən yağlı fətirdir. 

Festivalda iştirak edənlər arasında xarici ölkələrin səfirləri də yer almışdı. Əcnəbi qonaqlar milli çörəklərimiz barədə öz fikirlərini bildirdilər.

Niderland səfiri – Onno Kerversi

«Çox keyfiyyətli çörək bişirirsiz.  Amma  daha çox Qəbələ və Qobustanın çörəkləri xoşuma gəldi».

Azərbaycan çörəklərini bəyənən xaricilər arasında C.Koreyanın ölkəmizdəki səfiri Kim Çan Kyu da  var idi. O daha çox Abşeron və Sumqayıt çörəklərini xoşlsmışdı: “Həmçinin Gəncənin  və Şəkinin çörəkləri də çox dadlıdır. Astara çörəkləri isə çox fərqlidir. Koreya mədəniyyətində çörək çox yeyilmir. Biz  çörəyi qaynadılmış düyü ilə əvəz edirik. Amma gənc nəslimiz son zamanlar çörəyə üstünlük verməyə başlayıb. Çörəklərimiz arasında fərqə gəlincə, bizim çörək sizinkilərdən bir qədər şirin olur». 

Festivalda ən maraqlı çörək növləri Özbəkistanın 4 şəhərində bişən çörəklər nümayiş olunurdu. Bunlar Daşkənt , Səmərqənd və  Fərqanə əyalətində və Əndicanda bişirilən çörəklər. Bundan başqa Manqan və Fərqanə adlı  çörəklərimiz var. Həmçinin undan hazırlanan çuçvara və samsadı  da festivala gətirmişik. Bundan əlavə balla hazırlanan çak-çak şirniyatı da təqdim olunur. Özbəkistan çörəyinin Azərbaycan çörəyindən fərqi ondadır ki, Özbək çörəyini çox saxlamaq olur. Məsələn Səmərqənd çörəyi hətta 3 ay saxlananda da korlanmır.

Tədbir zamanı münsiflər tərəfindən çörəklərin dadına baxılıb. Festivalın sonunda isə xarici qonaq və yerli çörəkçilərə diplomlar verilib. Qeyd edək ki, festivalın iştirakçıları çörəklərin dadına da baxa bilirdilər. Qonaqların çoxu bu imkanı əldən buraxmadılar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır