Narsız başa çatan NAR FESTİVALI
07 NOYABR

Narsız başa çatan NAR FESTİVALI

Turizm sektorunda mühüm tədbirlərdən sayılan festivalların təşkili xüsusi əhəmiyyət kəsb edir. Turistləri cəlb etmək, beləliklə, yaxşı pul qazanmaq  baxımından bu cür tədbirlərə xüsusi diqqət yetirmək lazımdır. Amma çox təəssüf ki, həftəsonu Göyçayda keçirilən Nar bayramı yenə də qarışıqlıq, antisanitariya, pərakəndəlik, xüsusəndə festivalsız başa çatan “nar alveri” ilə yadda qaldı. 

15 min turisti qarşılayan Göyçay    

Əslində şəhərdə festivalın olduğunu göstərən yollara asılmış rəngarəng kağızlar idi. Bir də avtomobil bolluğunda yol polisləri aktiv idi. Fins.az  xəbər verir ki, festivala Bakıdan və digər regionlardan, eləcə də xarici ölkələrdən gələn 15 mindən artıq turist qatılmışdı. Onlar əsasən, turizm şirkətlərinin təşkil etdiyi turlar vasitəsilə Göyçaya getmişdilər. 

Əvvəlcədən festivalın səhər saat 11-də başlayacağı elan edilmişdi. Lakin yolda olarkən bizə bildiridilər ki, “hava şəraiti ilə əlaqədar olaraq” (?) bayramın vaxtı və yeri dəyişdirilib. Öncə şəhərin mərkəzində hazırlıqları gedən Nar bayramı sonradan Göyçay Mərkəzi Stadionuna daşınıb. Təbii ki, bu da xeyli vaxt tələb edirdi. 

Ancaq turistlər üçün bu vaxtı dəyərləndirmək əməlli-başlı problem idi. Uzaq məsafəni qət edərək özünü həmin saatda Göyşaya çatdıran qonaqlar təxminən 4 saatlıq zamanı harda və necə keçirəcəklərini düşünürdülər. Yol boyu ictimai ayaqyoluların vəziyyətini deməyə isə söz çatmaz, zibil qutusu belə tapmaq olmurdu, salfeti isə yerli-dibli yox idi.  

 3 sonradan 5 oldu   

Qış vaxtı olduğundan harasa qısamüddətli səyahət etmək maraqlı və sərfəli deyildi. Turistlərin gedə biləcəyi tək məkan Göyçayın Çərəkə kəndindəki göl idi. Ətrafda heç bir xidmət və istirahət üçün məkan olmasa da turistlər gölü seyr etməklə kifayətləndilər. Qalan vaxtı isə ancaq restoranda yemək sifarişi və naharla keçirdilər. Təbii ki, hamı narazı halda.  

Nəhayət, saat 3-ə yaxın  turistlər festivalın təşkil olunduğu stadiona yola düşdülər. Girişə xeyli məsafə qalanda artıq yollar bağlanmışdı. Rəsmi qonaqların (xüsusən də icra hakimiyyətinin) gəlişi ilə bağlı stadionun əsas giriş qapısı da bağlı idi. Bu isə stadiona daxil olmaq istəyən qonaqlar və rayon sakinləri üçün ciddi problem yaradırdı. Həm stadiondan çıxan, həm də daxil olanlar kiçik bir qapıdan keçməli idilər. Xeyli narazılıqlardan sonra giriş qapısı qonaqların üzünə açıldı. 

Gedin, alver edin

Surprizlər elə girişdəcə turistləri yaxaladı. Qonaqlar təbdirin keçiriləcəyi əsas meydana buraxılmadı. Ona görə məcbur qalıb arxa hissədə öz məhsullarını satışa çıxaran kənd adamları üçün ayrılan məkana daxil oldular. Burada isə xeyli qarışıqlıq, nizamsız bazar təşkil olunmuşdu. Çox böyük həvəslə Göyçay narı almağa tələsən turistlər qiymətləri eşidəndə heyrətə gəlirdilər. 

Festivala çıxarılan narın 1 kiloqramı ən yaxşı halda 2 manata satılırdı. 3 manat və daha  baha satılan narlar isə daha çox idi. Bu il narşərab, nar şirəsi və digər məhsulların qiyməti də bahalaşıb. 800 qramlıq bankada təklif edilən narşərab 4 manata satılırdı. 3 kq-lıq bankası isə 17-20 manat idi. Nar şirəsinin 1 stəkanı  1 manat və daha baha satılırdı.  

Turistlərin stul növbəsi 

Ən pisi isə odur ki, satış təşkil olunan ərazidə ciddi antisanitariya hökm sürürdü. Ətrafda satıcıların, dönərçilərin, kakabçıların və turistlərin istifadə etdikləri ərzaqların qalıqları, qabları, tüstüsündən addım atmaq mümkün deyil. 

Oturmaq üçün yer tapmaq isə ayrıca bir problem oldu. Çay təklif edən tək-tək insanlar bir neçə  stol təşkil etsə də, turistlərin əksəriyyəti dincəlmək üçün oturmağa yer tapmırdı. Kimsə oturmağa yer tapanda isə ona xidmət edən olmurdu. Stolların üstü çirkli vəziyyətdə qalırdı. Ancaq satılan məhsulların qiyməti xidmətin səviyyəsinə tərs mütənasib idi. Bu da turistlərin  ciddi narazılığına səbəb oldu. 

Nar bayramına tamaşa etmək, orada nümayiş olunan məhsulları seyr etmək isə ayrıca bir problem oldu. Stadionun mərkəzində stendlərdə qoyulan və  turistlər, qonaqlar üçün nəzərdə tutulan məhsulları şərkət təmsilçiləri çox xəsisliklə verirdilər. İcra hakimiyyətinin ziyarətindən sonra stendlərdəki məhsullar dərhal yığışdırılırdı. Uşaqların əylənməsi üçün isə hər hansı xüsusi proqram və ya əyləncə nəzərdə tutulmamışdı.

Festivalsız festival  

Saat 3-də açılışı olan tədbir 2-3 nömrədən sonra yarımçıq saxlanıldı. Bayramın axşam saat 5-dən (?!) sonra davam etdiriləcəyi elan olundu. Uzaq yol gələn və artıq hava qaralmağa başladığından geri qayıtmalı olan turistlərin onu izləmək imkanı qalmadı. Ona görə də  qonaqlar festivalı yarımçıq və narazı halda Göyçayı tərk etdilər. 

Bütün bunlar turizmin inkişafına cəhd edən ölkə və ya region üçün ciddi siqnallardır. Xüsusilə, xaricdən Azərbaycana gələn və böyük maraqla, ümidlərlə festivala qatılan turistlərin bu cür xidmətsizliyi görməsi ölkə üçün çox mənfi haldır. 

Turisti qəbul etmək təkcə pul qazanmaq üçün deyil. Pulu qazanmaq üçün öncə müəyyən miqdarda  vəsait sərf edib yaxşı xidmət təşkil olunmalıdır. Təəssüf ki, iş adamları hələ də  bu məntiqi qəbul etməyiblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır