Xurma Festivalı keçirilib
06 NOYABR
226

Xurma Festivalı keçirilib

Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. Noyabrın 4-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Beynəlxalq xurma festivalı” keçirilib. Balakən Rayon İcra Hakimiyyəti, “Balkhoorma” şirkəti, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, həmçinin digər qonaqlar və rayon sakinləri iştirak ediblər. 

Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyiblər. 

Tədbir zamanı bildirilib ki, xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hazırda rayonda 850 hektara yaxın barverən xurma bağları var. Ötən il bu bağlardan 14 min tondan çox xurma məhsulu əldə olunub. Cari ildə isə istehsalın 16 min tondan çox olacağı gözlənilir. Vurğulanıb ki, xurma həm də ixrac potensialı yüksək olan məhsullardan biridir. Hazırda Balakəndə xurma ixracatı ilə məşğul olan onlarla sahibkar fəaliyyət göstərir. Məhsul əsasən, Rusiya və Ukraynaya ixrac olunur, həmçinin yerli bazarlarda da satışa çıxarılır. Diqqətə çatdırılıb ki, Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsində bu mövsümdən xurmanın quru və yarımquru emalı həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır