Azərbaycanda ilk dəfə Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək
13 DEKABR 2017
451

Azərbaycanda ilk dəfə Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Lənkəran şəhərində “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək. Turizm.fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib. Bildirilib ki, Lənkəran ŞİH-in təşkilatçılığı ilə təşkil olunan festival dekabrın 19-da, saat 11:00-da şəhərin Heydər Əliyev xatirə parkında başlayacaq və bu tədbir əsl “Məhsul bolluğu” bayramı olacaq.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək.

Bundan başqa, tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan haşimi, sədri, campo düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan, ləvəngidən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.

Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdiriləcək.

Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır