“Baku Summer Jazz Days” festivalının açılışı olub
05 İYUN
271

“Baku Summer Jazz Days” festivalının açılışı olub

İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Premier Art Managment” prodüser agentliyinin dəstəyi ilə “Baku Summer Jazz Days” festivalının açılışı olub.

turizm.fins.az-ın məlumatına görə, festivalın açılışında çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda növbəti möhtəşəm caz festivalının keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Diplomat bu axşam tanınmış israilli musiqiçi Avişay Koenin öz kvarteti ilə cazsevərlərin qarşısında çıxış edəcəyini diqqətə çatdırıb və festivalın bütün iştirakçılarına uğurlar arzulayıb.

Sonra tamaşaçılar Avişay Koen və qrupunun ifasını dinləyiblər.

Qeyd edək ki, “Baku Summer Jazz Days” festivalı iyunun 8-dək davam edəcək. Bütün bu günlər ərzində paytaxt sakinləri və qonaqlarını populyar musiqiçilərin maraqlı çıxışları gözləyir.

Bu gün beynəlxalq caz layihəsi və eyni zamanda uğurlu əməkdaşlığın göstəricisi olaraq pianoçu Elçin Şirinov və Andras Des (percussion), Marton Fenyvesi (electric &acoustic guitar), Matyas Szandai (Double bass) triosunun ifası olacaq. Bu layihə dəfələrlə beynəlxalq festivallarda nümayiş olunub, albomu buraxılıb və nəhayət, onun premyerası Bakıda keçiriləcək.

"Lenny Kravitz yubkada" kimi tanınan Amerikalı funk bass gitaraçı və müğənni Nik West öz ansamblı ilə birlikdə iyun ayının 7-si çıxış edəcək. Onun performansı özü kimi enerji dolu və rəngarəngdir.

8 iyun tarixində izləyicilərimizi Fransanın tanınmış musiqiçiləri ilə unudulmaz bir görüş gözləyir - bu Jacky Terrasson (Piano) və Stephane Belmondo (Trumpet) duetinin yeni TERRAMONDO (Mother) layihəsidir.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır