Bu gün Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayır
27 SENTYABR
285

Bu gün Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayır

Bu gün Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayır. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

27-30 sentyabr tarixlərində keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

***

Festival bu gün şairin doğulduğu Şamaxı şəhərindən start götürür. Burada İmadəddin Nəsiminin qardaşı Şaxəndan, eləcə də görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığı, Qafqazın ən qədim məscidlərindən biri, 743-cü ildə inşa edilmiş Cümə Məscidi ziyarət olunacaq. Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi keçiriləcək, tədbirdə Xalq artisti Alim Qasımovun musiqi ifası təqdim olunacaq.

Eləcə də bu gün Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə, iki dildə - Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı var və ekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi-mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafik və numizmatika nümunələri nümayiş edilir. Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravürü hədiyyə etməsi muzey üçün əlamətdar hadisədir. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravürlər məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

Daha sonra Şamaxının Meysəri kəndində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqənin finalçılarının iştirakı ilə tədbir keçiriləcək. Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilir. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim edəcəklər. Münsiflər heyətinin qərarı ilə onlardan 17 nəfər final mərhələsinə qalıb.

Meysəri kəndində, həmçinin “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı olacaq. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edir. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentlərlə bəzədilmiş libaslar nümayiş etdiriləcək. Tədbirdə Azərbaycanın “Le Gardiens du Silence” (“Sükut keşikçiləri”) qrupu kamil mənəviyyata və özünüdərkə səsləyən musiqilər təqdim edəcək. Müxtəlif mədəniyyətlərin kəsişdiyi ruhi-meditativ musiqi milli və xarici musiqi alətlərində ifa olunacaq.

Festivalın ilk günü Bakıda akustik və elektron musiqi axşamı ilə başa çatacaq. Proqram media rəssamlar Orxan Məmmədov (Azərbaycan) və Maotikin (Fransa) hazırladığı vizual effektlərin müşayiəti ilə təqdim olunacaq. Proqramda Elemaun (İran), Görkem Şen (Türkiyə), Hanoi Duo–Nguen Le (Vyetnam/Fransa), Ngo Hong Quang (Vyetnam), İrşad Hüseyn (Azərbaycan), Rabih Beaini (Livan/Almaniya), Əbdül Kərim (Livan), Sahib Paşazadə (Azərbaycan), Sati Kazanova (Rusiya) və “Ar Bard” dueti (Fransa) çıxış edəcək. Konsertdə mənəvi rahatlıq və kamilliyə səsləyən musiqilər ifa olunacaq.

***

Türkdilli mistik poeziyanın və fəlsəfənin inkişafında Nəsiminin roluna dair müzakirə

Sentyabrın 28-də Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində ADA Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə keçiriləcək. “Türkdilli mistik poeziyanın və fəlsəfənin inkişafında Nəsiminin rolu» mövzusunda tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Rusiya, Türkiyəvə İrandan tanınmış tədqiqatçılar, türkoloqlar, nəsimişünaslar iştirak edəcək. Alimlər və tələbələr diskussiya şəraitində Nəsimi yaradıcılığı barədə müzakirə aparacaqlar.

***

Azərbaycan Xalça Muzeyində vətənə qaytarılan qədim xalçaların təqdimatı

Sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid “Naxçıvan” və XIX əsrə aid Qubanın “Hacıqayıb” xalçalarının təqdimatı keçiriləcək. Hər iki xalça Azərbaycan Xalça Muzeyinin “Nadir Azərbaycan xalça nümunələrinin tarixi vətəninə qaytarılması” layihəsi çərçivəsində muzeyə hədiyyə olunub.

XVII əsrə aid “Naxçıvan” xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib. Bu xalçanın ara sahəsi mücərrəd formalı “Çələbi” gölü və iri həcmli palmetta elementləri ilə bəzədilib. Naxışlarda ağ, qızılı, göy və digər rənglərin harmonik vəhdəti kompozisiyaya xüsusi gözəllik verir. Xalçanın iri ölçüsü, yüksək peşakarlıqla yaradılmış kompozisiyası və rənglərin harmoniyası onun böyük karxanalarda xüsusi sifarişlə toxunduğunu sübut edir.

Qeyd edək ki, bu sənət nümunəsi Heydər Əliyev Fondunun muzeyə hədiyyə etdiyi üçüncü eksponatdır. Fond bundan öncə muzeyə XVII əsrə aid Qarabağın “Xətai” xalçasını və XVIII əsrə aid tikmə hədiyyə edib.

Təqdimat mərasimində "Muğam və Ruh" qrupu və Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı da çıxış edəcək.

***

Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsimi dühası müasir kontekslərdə” mövzusunda mühazirəsi olacaq.

***

Sentyabrın 28-də Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açılış mərasimi keçiriləcək:

“Live Life”

“Live Life” (“Canlı həyat”) sərgisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Ekspozisiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan rəssamları Məryəm Ələkbərli, Ayləl Heydərova, Nailə Sultan, Rəhim Çopurov, Timur Özdəmirovun əsərləri daxildir və onlar sərginin təqdim olunduğu bütün şəhərlərdə nümayiş olunub. Bundan əlavə hər bir ölkədə keçirilmiş sərgidə iştirak etmək üçün yerli rəssamlar da dəvət olunmuşdu. Heydər Əliyev Mərkəzindəki sərgidə yerli rəssamlar Vasif Nəcəfzadə və Xəzər Nəbiyevin də əsərləri təqdim edilir. Suriyada anadan olmuş akademik rəssam Andreas Əl Çreiki, Devid “Dante” Mçedlişvili (Gürcüstan), Viktor Semyonov (Rusiya), Cennifer Uestcon (Fransa) və Sabina Burmester (Almaniya) də Bakı sərgisinə qoşulub.

***

“Hürufilik: incəsənət və identiklik”

“Hürufilik: incəsənət və identiklik” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun (Barjeel Art Foundation) kolleksiyası əsasında təqdim edilir. Sərgidə 30-dan çox rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələri nümayiş olunacaq. Eləcə də bir sıra ərəb ölkələrinin rəssamları Mədihə Ömər, Məhəmməd Xaddan, Kamal Bullata, Əhməd Mater və s. müəlliflərin əsərləri təqdim olunacaq. Ekspozisiyada, həmçinin Azərbaycanın Əməkdar rəssamı Tərlan Qorçunun bir neçə tablosu nümayiş etdiriləcək.

***

Brayn İno. “77 milyon rəsm əsəri”

“Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Heydər Əliyev Mərkəzində ambient musiqi janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayn İnonun “77 milyon rəsm” musiqi və video-art instalyasiyası təqdim ediləcək.

“77 milyon rəsm əsəri” İnonun yaratdığı vizual və səs elementlərinin saysız-hesabsız kombinasiyalarını özündə birləşdirir. “Rəsm əsərləri” tamaşaçının bilavasitə gözləri qarşısında alqoritmik şəkildə yaradılmaqla daim inkişaf etməkdə olan audio-vizual kaleydoskop tipli videoeffektləri formalaşdırır.

Bu əsər indiyədək Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun, Roma və digər şəhərlərdə nümayiş olunub.

Brayn İno (1970) britaniyalı musiqiçi, müğənni, musiqi nəzəriyyəçisi, səsyazma prodüseri və multimedia rəssamıdir. Müasir ambient musiqisinin banisi hesab olunur.

Brayn İno beynəlxalq aləmdə fə 1970-ci illərin əvvəllərində “Roxy Music” qrupunun yaradıcılarından biri kimi tanınıb. Qısa müddətdə onun birinci solo albomu işıq üzü görüb. O, prodüser kimi təxəyyül və bacarıqlarını “Talking Heads”, “Devo”, “Laurie Anderson”, “U2” və “Coldplay” qrupları vasitəsilə albomlarda reallaşdırıb.

İno eyni zamanda işıq və video ilə vizual eksperimentlər aparıb. O, öz işlərini Venesiya biennalesindən tutmuş, Sankt-Peterburq, Pekin və Sidneyədək dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib.

***

Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının rəsmi açılışı

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasimi sentyabrın 28-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirdə Nəsimi yaradıcılığından nümunələr təqdim olunacaq. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı" və İsmayıl Hacıbəyovun "Memorial" əsərlərindən parçalar təqdim ediləcək.

Açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı xüsusi layihə ilə çıxış edəcək. XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların yeni kompozisiyaları təqdim ediləcək.

Mərasimdə, həmçinin Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif çıxış edəcək.

Tədbir Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı ilə başa çatacaq.

***

“Cosmic Love” qrupunun çıxışı

Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Rusiyanın “Cosmic Love” qrupu Bakıda çıxış edəcək.

Kollektivin repertuarı ümumbəşəri sevği və mənəvi oyanış mövzularına həsr olunan mahnılardan ibarətdir.

***

“Silsilə”. Rain Sultanov və İsfar Sarabskinin təqdimatında

Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycanın əməkdar artistləri Rain Sultanov və İsfar Sarabski yeni musiqi layihəsi təqdim edəcək. “Silsilə” (“Cycle”) adlı layihə mənəviyyat və əbədi dəyərləri tərənnüm edir.

Bu layihədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edəcək. Kamilliyin zirvəsinə səsləyən musiqi ifaçıları pak və ali hislər rəmzinə çevrilmiş orqan alətinə müraciət etməyə yönəldib. Layihəni təşkil edən “Planet”, “Simbioz”, “Ruh qayıdışı”, “Sükut” və s. pyeslər fəlsəfi üfüqlərə işarət edir.

***

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində tanınmış yoqa ustası Nandan Qautam (Nandan Gautam) ilə yoqa sessiyası keçiriləcək. N. Qautamın keçirdiyi məşğələlər özünün müəllifi olduğu musiqilərlə müşaiyət olunur.

***

Azərbaycan Marionet Teatrında “UrbanNomadMixes” poeziya tamaşası

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Marionet Teatrında “UrbanNomadMixes” poeziya tamaşası təqdim olunacaq.

Vyanada yaşayan və mənşələri dünyanın müxtəlif ölkələrindən olan şairlər öz çıxışlarında mədəni müxtəlifliyi mənəviyyatın şərti kimi ifadə edirlər. Hollandiya, Hindistan, İran, Filippin, Sudan və Suriyadan olan şairlər bir araya gələrək tamaşada bütün insanları birləşdirən əbədi mövzulara müraciət ediblər.

 

***

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolatio” tamaşası

Sentyabrın 29-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolatio” teatr tamaşası təqdim olunacaq. Əsərin müəllifləri şairə Leyla Bəyim və kinorejissor, ssenarist Yefim Abramovdur. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Vaqif Əsədovdur.

Pyes eyni ildə doğulmuş, eyni vaxtda dünyanın müxtəlif nöqtələrində - Şərqdə və Qərbdə, Azərbaycanda və Çexiyada yaşamış iki böyük mütəfəkkirə həsr olunub. İmadəddin Nəsimi (1369-1417) və Yan Qus (1369-1415) oxşar baxışlara, ideyalara, doğma dilin qorunması və inkişafına bənzər münasibətlərə sahib olublar.

Tamaşa Azərbaycan və rus dillərində təqdim olunacaq.

***

Nəsimi şeiriyyəti Bakı Kitab Mərkəzində

Sentyabrın 29-da Bakı Kitab Mərkəzində görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş mühazirələr təşkil olunacaq. Nəsimişünas Səadət Şıxıyeva “İmadəddin Nəsiminin şerilərinə “nəzirələr”, ədəbiyyatşünas Rafael Hüseynov isə “Yaxın və Orta Şərq şeirində bənzətmə ənənəsi: bənzətmədə bənzərsizlik” mövzularında çıxış edəcək.

Bakı Kitab Mərkəzində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Xəzər” poeziya birliyinin iştirakı ilə Nəsimi Şeir Məclisi olacaq. Tədbirdə Nəsiminin qəzəllərinə yazılmış nəzirə və təxmislər səslənəcək.

***

Şirvanşahlar sarayında musiqi layihəsi

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim olunacaq. Görkəmli alman bəstəkar Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus deb sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək.

Qeyd edək ki, bəstəkar əsərdə bir not belə yazmadan, ifaçıları mənəvi cəhətdən ruhlandıran mətnlər tərtib edib. Musiqiçilər həmin mətnləri oxuyaraq sərbəst improvizələr edir və bu prosesdə onlar həm müəllifdən, həm də bir-birinin ifasından ilhamlanmış olurlar. Musiqiçilərin eyni məkanda deyil, saray kompleksinin bir-birindən aralı müxtəlif guşələrində yerləşdirilməsi sanki xəlvətlikdə, tənhalıqda həqiqəti dərketməni təcəssüm etdirir.

Layihədə fərqli mədəniyyət və üslubları təmsil edən musiqiçilər – Azərbaycandan əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyublu və digər ölkələrdən Kudsi Erguner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato (Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.

***

Bakı bulvarında “DanceAbility”

Sentyabrın 29-da Dənizkənarı Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs nümayiş olunacaq. “DanceAbility Azərbaycan” təşkilatının üçhəftəlik təlimləri nəticəsində ərsəyə gələn bu çıxış zamanı həm sağlam, həm fiziki imkanları məhdud şəxslər rəqs və hərəkətlə özlərini ifadə etmək sevincini paylaşacaq. Bu rəqslər Bakı bulvarına Nəsiminin insanda ali və kamil bir məxluq görmək fəlsəfəsinin ruhunu gətirəcək.

***

Sentyabrın 29-da Beynəlxalq Muğam Mərkəzi mərakeşli xanəndə Əbdürrəhim Əbdülmömin və onun «Tanjerli Əndəlüs musiqisi» qrupunun konserti olacaq.

***

Sentyabrın 29-da, həmçinin Daş Salnamə Muzeyində dünyaşöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi olacaq, ardınca isə sual-cavab sessiyası keçiriləcək.

***

Daş Salnamə Muzeyində “Bahariyyə”

Sentyabrın 29-da Daş Salnamə Muzeyində Nəsimi dühasından ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı musiqi layihəsi təqdim olunacaq.

Səhnədə beş muğam ifaçısı ilə yanaşı, elektron musiqi ifaçısı da çıxış edəcək; Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Şirzad Fətəliyev (zurna və balaban), Kamran Kərimov (nağara), Fərhad Fərzəliyev (elektron musiqi və səs dizaynı).

***

Nəsimi festivalı İçərişəhərdə

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində həyata keçirilən «Şövq məqamları” layihəsi sayəsində İçərişəhərin müxtəlif məkanlarında Nəsimi poeziyası ilə qarşılaşmaq olacaq. Bu məqsədlə müasir texnologiyanın imkanlarından istifadə olunur. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə – məsələn, divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında, hətta “QR kod” texnologiyası əsasında hər hansı bir mənzərə üzərində “canlandırılaraq” izləyicinin qarşısına çıxır.

İçərişəhərdə müxtəlif rəssamların əsərləri, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək.

Festival çərçivəsində sentyabrın 29-da İçərişəhərdə Fənər parkının açılışı olacaq. Parkı bəzəyən fənərləri finlandiyalı işıq dizayneri Miya Kivinenin rəhbərliyi altında yerli tələbələr hazırlayıb.

***

Sentyabrın 30-da Nizami Kino Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən Azərbaycan Kino Marafonu - qısametrajlı film müsabiqəsinin yekun baxışı və qaliblərin mükafatlandırılması keçiriləcək.

***

Qala qəsəbəsində “Açılan divar”

Sentyabrın 30-da Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsi təqdim olunacaq. Layihədə 8 yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamı iştirak edir. Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamlar binanın divarları üzərində əsərlər yaradıblar.

***

Paraqvay orkestri Qalada

Paraqvayın məşhur “Recycling” orkestri Bakının Qala qəsəbəsində konsert proqramı təqdim edib. Uşaq və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti onun tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir.

***

“Daşın nəğməsi”

Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” III beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində yaradılan əsərlərin təqdimatı olacaq.

Layihə Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşır.

Simpoziumda bu il 17 ölkədən 20 heykəltəraş iştirak edir. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, Suriya və Gürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. Heykəltəraşlar əsərlərini aqlay daşından Qala qəsəbəsində açıq səma altında yaradıblar.

***

“Tullantıdan sənətə”

Sentyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda eyni zamanda VII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq.

Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşır.

Sərgidə 12 ölkədən ­– Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bəhreyn, Oman, İran, Latviya, Bosniya və Hersoqovinadan olan 27 incəsənət nümayəndəsinin əsərləri təqdim olunacaq. Sənət nümunələri məişət tullantılarından istifadə olunaraq hazırlanıb.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

***

Sentyabrın 30-da Azərbaycanın Xalq artisti, bəstəkar Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” adlı musiqili tamaşası təqdim olunacaq.

***

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli bağlanış mərasimi Bakı Media Mərkəzində keçiriləcək. Burada “Mərhaba!” ədəbi-musiqili tamaşası təqdim olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri mükafatlandırılacaq.

***

Festivalda nasimifestival.live saytında əvvəlcədən qeydiyyatdan keçərək ziyarətçi kimi iştirak etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır