Olimpiya Festivalının açılışı Bakının hansı kompleksində keçiriləcək?
25 YANVAR
454

Olimpiya Festivalının açılışı Bakının hansı kompleksində keçiriləcək?

21-27 iyul tarixlərində Bakıda Avropa Gənclər Olimpiya Festivalının açılış və bağlanış mərasiminin keçiriləcəyi məkan bəlli olub.

Turizm.fins.az Media.Az-a istinadən xəbər verir ki, Avropa Gənclər Olimpiya Festivalının açılış və bağlanış mərasimi “Baku Crystall Hall”da baş tutacaq.

Bu məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Xatırladaq ki, 2015-ci ildə ilk Avropa oyunlarının açılış və bağlanış mərasimləri, habelə dördüncü İslam Həmrəyliyi Oyunları (2017) Bakının Olimpiya Stadionunda keçirilmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın qarşıdakı Oyunları keçirmək üçün hazırlıq səviyyəsini qiymətləndirən Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası serbiyalı Corc Visakinin başçılığı altında Bakıya iki günlük işgüzar səfər edib. Səfərin yekunlarına əsasən, komissiya “Bakı-2019” təşkilat komitəsinin Avropa Gənclər Olimpiya Festivalını yüksək səiyyədə keçirməyə hazır olduğunu vurğulayıb.

Xüsusilə bütün təşkilati sahələrdə, o cümlədən, idman proqramı, keçirilmə yeri, nəqliyyat, qeydiyyat müddəti və qiymətləri, akkreditasiya ilə bağlı irəliləyiş qeydə alınıb. “Bakı-2019” əməliyyat komitəsinin rəhbəri və Azərbaycan Gənclər və İdman Nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Nikki Efendinin sözlərinə görə, Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası ilə görüş məhsuldar keçib.

“Bizim operativ planlaşdırmadan tutmuş nəqliyyata kimi bir sıra məsələləri həll etmək imkanımız olub. Avropa Olimpiya Komitəsinə məmnunluqla çoxlu suallar verdik və bu suallara cavablar aldıq. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarına uğurlu şəkildə ev sahibliyi etdikdən sonra Avropanın əlli ölkəsinin nümayəndəsi ilə görüşü səbirsizliklə gözləyirik”, – deyə Nikki Efendi bildirib.

Görüşdə qeyd olunduğu kimi, 12 idman kompleksində 10 idman növü üzrə yarışlar keçiriləcək. Bundan başqa, Avropa Festivalının təşkilatçıları yarışlar ərəfəsində həyata keçiriləcək tədris və mədəni proqramla bağlı məlumat verib.

Həmçinin, Avropa Olimpiya Komitəsinin gənc idmançı səfirlər proqramı gerçəkləşəcək. Proqramın məqsədi idmançıları öz həmyaşıdları ilə ünsiyyətə girməyə həvəsləndirməkdir. Həmçinin, idman liderləri proqramının və “Gənc idmançılara səsin verilməsi” adı altında dopinq-nəzarət monitorinqi proqramının gerçəkləşdirilməsi planlaşdırılır. 

Bu proqram Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsüdür və idmançıların idmanda dopinqdən istifadənin fəsadları və karyeralarında üzləşdikləri təzyiqlərin öhdəsindən gəlməyin yolları ilə bağlı məlumatlandırılmasına yönəlib.

Avropa Gənclər Olimpiya Festivalında 3600 idmançı və rəsmi nümayəndənin iştirakı gözlənilir. Əlli Avropa ölkəsindən olan nümayəndə heyəti rəhbərlərinin seminarı 5-7 may tarixlərində keçiriləcək. Rəhbər şəxslər Bakıda yarışların keçirilməsi üçün yaradılan şəraitlə tanış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır