Türkiyədə istirahət ucuzlaşıb – İSTİQAMƏTLƏR VƏ QİYMƏTLƏR
16 MAY 2016
3405

Türkiyədə istirahət ucuzlaşıb – İSTİQAMƏTLƏR VƏ QİYMƏTLƏR

Azərbaycandan Türkiyəyə turlar ucuzlaşır. Turizm şirkətlərindən fins.az-a verilən məlumata görə, terror aktları, Rusiyada gələn turistlərin kəskin azalması hotellərdə doluluğu azaldıb. Antalya və ətraf bölgələrdə hotellərə üz tutanların azalması da qiymətlərə təsir edib. Belə ki, türk hotelləri qiymətləri 15-20 % aşağı salıb. Nəticədə, Türkiyəyə təşkil edilən turlar da ötən illə müqayisədə 15-20 % ucuzlaşıb.   

Manatın ucuzlaşması da turistləri azaldıb 

Turizm şirkətlərindən  verilən məlumata görə, Türkiyədə baş verən hadisələrlə yanaşı, manatın ucuzlaşması da Türkiyəyə səfər edənlərin sayını azaldıb. Bu ilin ilk 4 ay ərzində Türkiyəyə tur sifariş edənlər 20-25 % azalıb. Amma istirahət üçün Türkiyəni seçənlər hələ də var. Azərbaycanlı turistlər ənənəvi olaraq yenə də Antaliya, Quş adası,Bodrum və  Kəmər  kimi istirahət zonalarını seçirlər. 

Türkiyəyə turlar  25 % ucuzlaşıb 

Turizm şirkətlərindən verilən məlumata görə, Türkiyə turizmində yaranan böhran hotellərin qiymətlərinin aşağı düşməsinə səbəb olub. Məsələn, iyun ayında Bodrum və ya Antaliyada  iyun ayında bir gecə qalmaq ötən il 120 dollar idisə, indi 110 dollara düşüb. Müştəri bir həftə qalırsa, bu 70 dollar endirim deməkdir. Nəticədə Türkiyəyə təşkil edilən turlar da ucuzlaşıb. M.Nağıyevanın sözlərinə görə,  iyun ayının 5-dən bir həftəlik  2 nəfərlik Antaliyadakı 4 ulduzlu “Club Hotel Faykon”da qalmaqla tur sifariş etmək 1000 dollardır. Halbuki, eyni tur paketi ötən il sifariş etmək 1250 dollara başa gəlirdi. 

Türk hotellərinin ən ucuz və ən baha qiymətləri 

Antaliyada  ən ucuz və ən baha hotellərin də  bir həftəlik qiymətləri məlum olub. “R and R Travel” şirkətinin rəhbəri Rüstəm Əhmədov fins.az-a bildirib ki,  iyun ayında ən ucuz hotellərin  bir həftə üçün orta qiyməti 317 dollar təşkil edir. Bu qiymətə xidmətləri 3 ulduzlu hotellər göstərir. Ən baha qiymətlər isə  5 ulduzlu “Mərdan Palace” hotelindədir. Burada royal suitin bir həftəlik rezervasiyası  31 434 dollar təşkil edir. İyun ayı üzrə ən ucuz hotel qiymətləri 399 dollar təşkil edir. Bir həftə üçün 35 297 dollarla ən baha hotel “Regnum Carya Golf and Spa Resort”dur. Türkiyədə hotellərin ən yüksək qiymətləri avqsut ayına təsadüf edir. Belə ki, avqust ayında ən ucuz hotelin bir həftəlik qiyməti  412  dollar təşkil edir. “Mərdan Palace” royal suiti isə  daha baha 37 647 dollara təklif edilir.  

Yerli turistlərin 60 % Bələki seçir 

«Regea travel» şirkətinin  nümayəndəsi Maya Nağıyeva fins.az-a bildirib ki, azərbaycanlı turistlərin 60%-i əsasən Bələkdə istirahət etməyə üstünlük verirlər. Birincisi  digər turizm zonalarında dəniz sahilləri daşlı çınqıllıdır. Yeganə qumlu sahillər Bələkdədir.Azərbaycanlı turistlər qumlu sahilli dənizkənarı hotelləri seçirlər. 

VİP xidmət, yemək və ailəvi istirahət 

Digər tərəfdən, VİP xidmətlər də əsasən bu bölgədə təklif edilir. Azərbaycanlı turistlərin daha çox sevdiyi xüsusiyyətlərdən biri də hotellərin ərazisinin geniş olmasıdır. Bələkdəki hotellərin də ərazisi digərlərinə nisbətən xeyli genişdir. M.Nağıyevanın sözlərinə görə, yerli turistlərin ən çox önəm verdiyi məsələlərdən biri də yeməkdir. Belə ki, turistlər yemək çeşidlərinin, xüsusilə ət yeməkləri və şirniyyatların çox olmasını istəyirlər. Bu baxımdan da Bələk daha uyğundur. Məsələn, Kəmər bölgəsində hotellər 12-14 çeşiddə yemək təklif edirsə, Bələkdə 18 növdə yemək təklif edilir. Bundan əlavə, Bələk ailəvi istirahəti sevənlər üçün daha uyğundur. Bütün bu sadalananlar bu regionu azərbaycanlı turistlərin sevimlisinə çevirib. 

Əyləncə həvəskarlı buranı seçir 

Əyləncə həvəskarları və gənclər isə daha çox Alanya və Kəmər bölgəsini seçirlər. Belə ki, burada diskoteka və barlar daha çoxdur. Əyləncə məkanı olduğu üçün  yemək çeşidləri də digərlərinə nisbətən azdır. 

Uşaqların sevimli istirahət zonası 

M.Nağıyevanın sözlərinə görə, uşaqların istirahəti üçün isə Bələklə yanaşı,Side və Lara bölgələri daha uyğundur. Bu bölgələrdə uşaqlar əyləncələri, attraksionlar, hovuzlar daha çoxdur.

Bodruma  astma və ürək xəstələri gəlir

Asma və ürək xəstəliklərindən əziyyət çəkənlər  daha çox Bodruma üstünlük verirlər.  M.Nağıyeva bildirir ki, Antaliyada hava çox isti olur. Bodrum isə daha sərin havası, ekzotik görünüşü və ağ binaları ilə seçilir. Ona görə də, xüsusilə də istidən əziyyət çəkən daha sərin istirahət zonası axtaranlara bu bölgə məsləhət görülür. 

Kapadokiya dəbdə deyil 

M.Nağıyeva bildirib ki, azərbaycanlı turistlər çox nadir hallarda yemək və dənizdən fərqli bir istirahət sifariş edirlər. Məsələn, yalnız bəzi hallarda tur sifariş edənlər 7 günlük istirahətin 2-3 gününü Kapadokiyada keçirmək istəyirlər. Bunlar isə əsasən bal ayını qeyri-adi istirahətlə keçirmək istəyənlərdir. Amma ora gedənlər bir də getmək istəmir. Məsələ burasındadır ki, Kapadokiyada həm xidmətlərin çeşidi azdır, həm də baha başa gəlir. Məsələn, Antaliyaya bir həftəlik 2 nəfərlik tur gündə 3 dəfə yemək və bütün əyləncələr daxil 1875 manata başa gəlir. Amma eyni tur paketi Kapadokiyaya sifariş etmək təkcə səhər yeməyi daxil 2500 manata başa gəlir. Üstəgəl  müştəri əlavə bir günlük yeməyə görə 25 avro xərcləməli olur. Bu yerli  turistlərə sərfəli olmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır