Bu hotellər şəhid ailələri və veteranlara endirim edir – SİYAHI
03 İYUN 2016
730

Bu hotellər şəhid ailələri və veteranlara endirim edir – SİYAHI

Yay mövsümünün gəlməsi ilə bəziləri  istirahət etmək üçün bölgələrə üz tutur, bəziləri məzuniyyət vaxtını gözləyir, bəziləri isə artıq istirahətə start verib. Amma heç də hamı istirahət etmək üçün yetərli maddi imkana sahib deyil. Məsələn,  əhalinin  maddi imkanı daha zəif olan şəhid ailələri,  Qarabağ əlilləri və müharibə veteranlarını aid etmək olar. Fins.az-ın məlumatına görə, Azərbaycanın bölgələrində yerləşən hotellər bunu nəzərə alaraq xüsusi endirim kampaniyaları həyata keçirirlər. 

“Duyma Hotel” müharibə veteranlarına 15 %-ə qədər endirim edir 

Qəbələdə yerləşən “Duyma Hotel” Qarabağ əlilləri və müharibə veteranları  üçün nömrləri 10-15%  ucuz təklif edir. Hotelin rəhbəri Ramazan Əhmədov  fins.az-a bildirib ki, 3 nəfərlik otağı sifariş etmək adi qaydada 90 manata başa gəlirsə, hotel  bu nömrəni  belə müştərilərinə 70 manata təklif edir. Amma burada bir şərt var. Belə ki, endirimdən yararlanmaq istəyən müharibə veteranları onun  veteran olduğunu təsdiq edən hər hansı bir sənədi hotelə təqdim etməlidirlər. Ramazan Əhmədov bildirib ki,  ötən il bir müharibə veteranı bununla bağlı müraciət edib və  veteran kitabçasını təqdim edib. Ona güzəştli şərtlərlə hoteldə qalmağa şərait yaradılıb.

«Biz 20-60% endirim edirik» 

Lənkəranda  yerləşən “Palıdlı Sahil” hotelindən isə bildirirlər ki, müharibə veteranları və şəhid ailələri üçün endirim kampaniyası ilboyu davam edir. Ən böyük endirim may ayında olur  60 %. Hotelin nümayəndəsi İmran Məmmədov bildirib ki, ub ilin may ayında 270 nəfər şəhid ailəsi, müharibə veteranı və Qarabağ əlilinə hoteldə xidmət göstərilib.  2 nəfərlik nömrələr 50 manata deyil, 20 manata  təklif edilib. İlin digər dövrlərində isə bu təbəqəyə 20% endirim edilir.    

50 manatlıq nömrəni 40 manata təklif edir

“Malibu İstirahət Mərkəzi” isə  Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranlarına mövsümdən aslı olmayaraq 25 % endirim edir. Bu barədə fins.az-a mərkəzin rəhbəri Rövşən Ağayev bildirib. Bunun üçün müvafiq sənəd təqdim edilməlidir. Məsələn, adi qaydada iki nəfərlik otaq 50 manata təklif edilirsə,  belə müştərilərə  eyni nömrə 38-40 manata təklif edilir.  Endirim sadəcə hoteldə gecələmə qiymətlərinə aid edilir. 

10% endirim və səhər yeməyi

Qarabağ əlillləri və şəhid ailələri Qaxın İlisu kəndində də endirimli qiymətlərdən yararlana bilərlər.Belə ki, burada  yerləşən “Uludağ” hoteli  müharibə veteranları, Qarabağ əlilləri və şəhid ailələrinə  qiymətlərdə 10 % endirim edir. Hotelin rəhbəri Zabit Əhmədov fins.az-a bildirib ki, adi qaydada səhər yeməyi daxil  2 nəfərlik otaqlar 60 manata təklif edilir. Veteranlar 50 manat ödəməklə bu nömrəni sifariş edə bilərlər. Bu qiymətə səhər yeməyi də daxildir. 

15-50% endirim, kater və katamaran

Mingəçevirdə Kürçayının kənarında yerləşən “RIVERSIDE HOTEL” də belə müştərilər üçün xüsusi təkliflər edir. Hotelin nümayəndəsi Elşən Muradov fins.az-a bildirib ki, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri üçün korporativ müştərilərə təqdim edilən qiymətlər təklif edilir. Yəni, nörmələr 15-50 % ucuz təklif edilir. Məsələn, 70 manata olan 2 nəfərlik nömrələri 60 manata, 120 manatlıq 3 nəfərlik nömrələri isə 80 manata sifariş etmək olar.  Bundan əlavə hotelin restoranında istifadə edən belə müştərilər kater və katamarandan pulsuz istifadə edə bilərlər. Bütün bu güzəştləri əldə etmək istəyən müharibə veteranları bunun üçün hotelə şəxsiyyət vəsiqəsini və onların veteran və əlil olduğunu təsdiqləyən sənədi təqdim etməlidirlər.

Şəkidəki hoteldən 10 manat endirim

“Şəki Palace” hoteli ayrıca şəhid ailələri və veteranlar üçün olmasa da, ümumilikdə hər nömrə üzrə 10 manat endirim edir. Hotelin nümayəndəsi Şahin Məmmədli fins.az-a bildirib ki, 1 nəfərlik nömrələr 90 manatddan 75 manata, 2 nəfərlik nömrələr 90 manatdan 80 manata, 3 nəfərlik nömrələr isə 100 manatdan 90 manata kimi ucuzlaşıb.

Bu hotellərdə endirim edilmir 

Bölgələrdə müraciət etdiyimiz bəzi hotellər isə müharibə veteranları və şəhid ailələri üçün endirim edilmir.  Nabranda yerləşən “Palma”, “Caspian Sea Resort Hotel”,  Şamaxıda “Sakit göl Şamaxı”, Şəkidə isə “İssam Hotel”dən fins.az-a belə bir endirimin  və ya hər hansı bir güzəşt kampaniyasının olmadığını deyiblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır