Azərbaycandan Britaniyaya səyahət - UCUZLAŞDI
24 İYUN 2016
585

Azərbaycandan Britaniyaya səyahət - UCUZLAŞDI

Böyük Britaniyada Avropa İttifaqından çıxmaqla bağlı referendum qərarından sonra ölkənin milli valyutası xeyli dəyər itirdi. Fins.az xəbər verir ki, bu gün Britaniya funt sterlinqinin dollara qarşı məzənnəsi 11 faiz ucuzlaşaraq 1.35-ə enib.

Eyni zamanda funtun digər valyutalara nisbətdə də xeyli dəyər itirməsi müşahidə edilir. Əgər dünənə qədər 1 funt sterlinq 2.21 manata dəyişdirildisə, bu gün bu nisbət 2,01-ə enib.

Britaniya valyutasının ucuzlaşması Azərbaycandan bu ölkəyə təşkil edilən turizm turlarının qiymətlərin enməsinə səbəb olub. Mütəxəssislər hesab edirlər ki, belə vəziyyətdə Britaniyaya səfər edən turistlərin sayı artacaq.

Turizm.az şirkətinin filial rəhbəri Ülfanə Mahmudova bildirdi ki, Britaniya funtunun ucuzlaşması turizm turlarının qiymətlərini 8 faiz azaldıb. Aradakı fərq manatın da son günlər dəyər itirməsi ilə bağlıdır.

Ü.Mahmudovanın sözlərinə görə, hazırda azərbaycanlılar əsasən Böyük Britaniyanın paytaxtına turist səfərlərinə gedirlər. Ona görə də, şirkət əsasən 2 tur- London və London-Edenburq turlarını təşkil edir. Ü.Mahmudova bildirdi ki, bu gün qısamüddətli (4 gecə 5 gün) London turlarını 1500 manata təklif edirlər.

Bir həftəlik London turu isə 1700 manata başa gələcək. Buraya otel, transfer, 2 ekskursiya xidmətləri daxildir. Bir həftəlik London-Edenburq turlarının qiyməti isə 2100 manata düşüb. Tur paketə otel, transfer, ekskursiyalar daxildir. Şirkət təmsilçisi digər bahalı turların qiymətlərində də ucuzlaşmanın olduğunu bildirdi. 10 günlük İngiltərə-Şotlandiya-Uels turunun qiyməti 2700-2800 manata düşüb. İrlandiya adalarına turist səfəri isə indi 2500-3000 manatla mümkün olacaq.

Ü.Mahmudovanın sözlərinə görə, qiymətlərin ucuzlaşması Böyük Britaniyaya gedən turistlərin artmasına səbəb olacaq. “Manatın devalvasiyasından sonra ölkədə yaranan böhranla bağlı Britaniyaya gedənlərin sayı da azalmışdı. Funtun bu günkü ucuzlaşmasından sonra tutıarın qiyməti də azalıb. Ona görə də bu ölkəyə səfər edəcək turistlərin sayının artacağını gözləyirik ”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır