Qəbələ və Qubadan geri qalmayan bu bölgədə istirahət neçəyədir? – QAX-İLİSU
15 İYUL
3572

Qəbələ və Qubadan geri qalmayan bu bölgədə istirahət neçəyədir? – QAX-İLİSU

Son illər ölkəmizdə turizm infrastrukturunun inkişafı xarici turistlərlə yanaşı ölkə vətəndaşlarının da bu istiqamətlərə səfər etməsinə böyük maraq yaradıb. Hətta bir çoxları xarici ölkədə gedib istirahət etməkdənsə yerli istirahət məkanlarında istirahət etməyi üstün tuturlar. Elə bu səbəbdən də əvvəllər yalnız Qəbələ Quba kimi istirahət mərkəzlərində istirahətə vərdiş edənlər indi daha bir istiqamətə üz tuturlar. Belə bölgələrdən biri də Qax-İlisuda yerləşən istirahət məkanlarıdır.

Turizm.fins.az-a yerli turizm şirkətlərindən verilən məlumata görə yay mövsümü başlayar başlamaz adı çəkilən bölgənin hotelləri istər yerli istərsə də xarici turistlərlə dolub. İnturist travel turizm şirkətinin meneceri Lətifə Əliyeva Turizm.fins.az-a müsahibəsində bildirib ki, bu bölgənin otellərində doluluq 70-80 % təşkil edir. Bəs görəsən qonaq sayının çox olması qiymət artımına səbəb olmayıb? Lətifə Əliyevanın sözlərinə görə qonaqların çox olmasına baxmayaraq hotellər otaq qiymətlərini qaldırmayıblar. Qiymət artımı yalnız otellərdə təklif olunan yeməklərdə müşahidə olunur.

Belə ki, Lətifə Əliyevanın sözlərinə görə əvvəllər buradakı hotellər günorta və axşam yeməyini 21.50 manata təklif edirdisə də indi bu rəqəm 25 manat təşkil edir. Bəzi hotellərdə isə bu qiymət 30 manatdır. Məlumat üçün bildirək ki, Qax-İlisuda ən ucuz istirahət kənd evləri və kotteclərdə qonaqlayarkən olur. Belə ki, kənd evində qonaqlayarkən 4 nəfərlik otaqda adambaşına 30 manat ödəmək lazım olur. Bundan başqa bu qiymətə kotteclərdə də qalmaq olar bu zaman səhər yeməyi pulsuz verilir. Qax-İlisuda ən baha qiymət isə 188 manatdır. Bir gün üçün bu qiyməti ödəməklə iki nəfər hoteldə həm qonaqlaya bilər həm də gün ərzində 3 dəfə yemək əldə edə bilərlər. Bundan başqa bu qiymətə spa xidmətlərdən istifadə də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır