Hava limanında gömrük nəzarətindən keçmə qaydaları
19 APREL 2017
1883

Hava limanında gömrük nəzarətindən keçmə qaydaları

Səyahət edənlər uzaq məsafələrə əsasən təyyarə ilə gedirlər. Bütün sənədlər qaydasına salındıqdan və aviabilet alındıqdan sonra hava limanına gedirik. Lakin səyahətin əvvəlində keçməli olduğumuz proseslərdən biri də hava limanında gömrük nəzarətindən keçmə prosedurudur.

Bəs gömrük nəzarəti prosesini necə keçirlər? Bu barədə suallarınıza aydınlıq gətirmək üçün Turizm fins. az bəzi məqamları oxucularına çatdıracaq.

Təyyarənin salonuna daxil olmazdan əvvəl  hava limanının təhlükəsizlik xidməti sərnişini diqqətlə yoxlayır. Bu təhlükəsizlik tədbiri hər bir hava limanında məcburidir və sərnişinlər bu qaydalara ciddi surətdə riayət etməlidirlər.

Bir çox hava limanlarında turistləri hələ binaya girişdə yoxlayırlar: baqaj skanerdən, insanlar isə metal axtarıcı qurğudan keçir. Daha sonra gömrük və pasport nəzarəti həyata keçirilir.

Gömrük nəzarətindən keçməzdən əvvəl əl  baqajına hansı əşyaların qoyula biləcəyini, hansı əşyaların isə qadağan edildiyini  aydınlaşdırmaq lazımdır.  Mayeləri təyyarənin göyərtəsinə  tutumu 100 ml-dən artıq olmayan qablarda aparmaq,  yoxlama zamanı şəffaf paketdə təqdim etmək lazımdır. İstənilən kəsici və deşici əşyalar, eləcə də narkotik, partlayıcı maddələrin aparılması yolverilməzdir.

Gömrük nəzarətindən keçən zaman  kəməri açmaq, telefonu və istənilən digər metal əşyaları cibdən çıxarmaq lazımdır. Əgər təhlükəsizlik xidmətinin əməkdaşı ayaqqabını çıxarmağı xahiş edirsə, buna əməl etmək lazımdır. Bütün əşyalar xüsusi qutuya qoyulur və əl yükü ilə birlikdə  transportyor zolağının üzərinə qoyulur. Əşyalar skanerlə yoxlanana qədər siz özünüz  metal axtarıcı qurğudan keçirsiniz.

Baxış keçirilən zaman təhlükəsizlik xidmətinin əməkdaşlarının sizdə olan əşya və maddələrlə bağlı  suallarına “bu bombadır” və ya “bu narkotik maddədir” kimi zarafatlarla cavab vermək yolverilməzdir. 

Bu cür cavablara təhlükəli maddələrin və əşyaların olması haqqında  sərnişinin  bəyanatı kimi baxılır və  reysdən çıxarılmasına və sonrakı araşdırmanın aparılmasına və cinayət məsuliyyətinə cəlb edilməyə gətirib çıxara bilər.

Beynəlxalq reyslərdə qeydiyyatdan əvvəl bütün sərnişinlər gömrük nəzarətindən keçməlidirlər. Bu zaman siz 2 dəhliz görəcəksiniz: “qırmızı” və “yaşıl”.

“Yaşıl dəhliz” mütləq  yazılı şəkildə bəyan edilməli mallar aparmayan sərnişinlər üçün nəzərdə tutulmuşdur.

“Qırmızı dəhliz” –  mütləq  yazılı şəkildə bəyan edilməli mallar, yəni  gömrük rüsumu tutulan, qiymət və say məhdudiyyəti qoyulan mallar aparan sərnişinlər üçün nəzərdə tutulub.

Hansı malları ölkədən çıxarmaq olmaz?

Problemlərin qarşısını almaq üçün hansı malların bəyan edilməli olduğunu əvvəlcədən hava limanının saytında aydınlaşdırmaq lazımdır.

Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısını Kömrük Komitəsi açıqlayıb. Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilib:

1. Döyüş təyinatlı hərbi texnika.

2. Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.

3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.

4. Müdafiə, milli təhlükəsizlik, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.

5. Hərbi səfərbərlik təyinatlı əmlak.

6. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər.

7. Dövlət kəmiyyət vahidləri etalonları.

8. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.

9. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.

10. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.

11. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr və prekursorlar .

12. İnsan orqanı və (və ya) toxumaları.

13. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri.

14. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.

15. Dövlət arxiv fondunun sənədləri.

16. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları.

17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.

18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır