Diesel ilə ortaq kolleksiya çıxararaq dünyanın bəhs etdiyi Berlinli Dönərçi Mustafa bəy
10 SENTYABR
332

Diesel ilə ortaq kolleksiya çıxararaq dünyanın bəhs etdiyi Berlinli Dönərçi Mustafa bəy

Almaniyaya getdikdə mütləq hər kəsin dadına baxdığı yeməklərdən biri də türk dönəridir. Dönər dedikdə Almaniyada ağıllara gələn ən məşhur şəxs Mustafa's Gemüsedir.  Yaxşı kimdir bu Mustafa? 

Mustafa's Gemüse Kabab Berlinin kiçik Türkiyə adlanan Kreuzberg bölgəsində səyyar bir dönərçidir. Səyyar dedikdə, yəni Mustafa bəyin bir-neçə metrdən və az sayda işçidən ibarət butiki mövcuddur. Menyusu çeşidli deyil, butikində oturacaq yeri belə yoxdur. Amma bu ərazinin Berlində bu qədər tanınmasının səbəbi, ən yaxşı dönərlərdən biri olan xususi dönərin orada hazırlanmasıdır. 

Almanlar tərəvəzə gemüse deyirlər. Amma bu dönər sırf səbzəli dönər deyil. Belə ki, Mustafa bəyin butikində ancaq toyuq dönəri olur, amma bu dönər 3 müxtəlif formada təqdim edilir, yəni souslu, qızarmış tərəvəzlər, göyərti və ağ pendir şəklində. Bu məşhur dönəri dürməklə və ya sandviç şəklində ala bilərsiniz. 

Bu butikin insanların diqqətini çəkməsinin bir səbəbi də mövcud sıradır. Belə ki, burada insanlar dönər sifariş etmək üçün bir saat bu sırada gözləyirlər. Təbii ki, dönər çox dadlı olduğundan insanlar sıraya daxil olanda mütləq əlüstü nəsə yeyirlər. Amma çox insanın fikrincə bu ərazinin bu qədər uğur qazanmasının səbəbi sırf sıradır, yəni işçilər ləng işləyərək belə bir sıra yaradırlar ki, ətrafdakı insanlar bu sıranı görüb onlar da qoşulsunlar. Beləliklə, insanların diqqətini çəkərək öz satışlarını artırırlar. Bizdə belə hal olsaydı, həmin butik 1 həftədən sonra müştəri şikayətlərindən yəqin bağlanardı :)

Maraqlısı odur ki, bu ərazi məşhur insanların da diqqətini çəkib. Hətta dəli kimi tanınan dahi adlandırdığımız Elon Musk da öz dönərini bu ərazidən alıb. Yəni sözü gedən marketinq fəndi butikin uğur hekayəsinə çevrilib desək yanılmarıq. 

Hazırda isə Mustafa bəy bambaşqa bir işə maraq salacaq: Modaya. Belə ki, Diesel markası yeni məhsullarının adını DieselXMustafa adı ilə bazara çıxaracaq. Bu məhsullar 4 fərqli T-shirtdən, 2 sweatshirtdən və bir papaqdan ibarətdir. Məhsullar artıq beş gündür ki, yəni sentyabrın 3-də satışa buraxılıb və məhdud saydadır, bitdikdən sonra yenisi buraxılmayacaq.

 

 

Mustafa bəyin Diesel ilə tanışması isə fərqli olub, belə ki Diesel şirkəti Mustafa bəyə ilk zəng etdikdə türkiyədə olduğu üçün cavab verə bilməyib. Özü nömrəni yenidən yığıb və italyan markası şirkətinin təklifini eşitdikdə şok olub. Birinci inanmayıb, özünün adi bir kababçı olduğunu deyib. Amma Diesel şirkətinin nümayəndəsi onunla əməkdaşlıq etmək istədiyini deyib. 

Mustafa bəy gənc yaşlarında diesel markasının tez-tez istifadə etdiyini deyir, həm də öz dönər markasının dünyada tanınacağı üçün çox həyəcanlıdır. Biz də mus-mus deyincə Mustafa bəyə uğurlar arzulayırıq. 

©Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır