Bakının qeyri-adi kafe və restoranları - ARAŞDIRMA
04 YANVAR
656

Bakının qeyri-adi kafe və restoranları - ARAŞDIRMA

Paytaxtda standartdan kənar istirahət sevənlərin gedəcəyi məkanlar

Paytaxt Bakıda son illər çox sayda restoran və kafelər açılıb. Onlardan bəziləri dəbdəbəsi, xidməti ilə öyünsələr də, bəziləri də var ki, qeyri-standart xüsusiyyətləri ilə diqqət cəlb edirlər. Bu məkanlardan bəziləri şəhər sakinləri arasında çox populyardır, həmçinin buraları çox sayda turist də ziyarət edir. Turizm.fins.az Bakucity.az-a istinadən paytaxt Bakının qeyri-standart kafe və restoranları haqqında araşdırmanı təqdim edir.  

Qeyri-standart yanaşma?

“Apartment 9” anti-kafesinin kifayət qədər maraqlı konsepsiyası var. Kafenin inzibatçısının sözlərinə görə, qonaqlar öz yeməkləriylə müəssisəyə gələ və oturduqları müddətin pulunu ödəməklə, istədikləri qədər istirahətdən həzz ala bilərlər. Məkanda qiymət adambaşına 4 manatdan başlayır, sonra hər saat üçün 2 manat əlavə pul vermək lazımdır. Ziyarətçilər kafedə çay, qəhvə və şirniyyat sifariş edə bilərlər. İnzibatçının sözlərinə görə, onlar həmçinin müştərilərə müxtəlif stolüstü oyunlar, “playstation” və  karaoke də təklif edirlər. 

 

“Boho Ted Room”un inzibatçısı Aygün Salehova saytımıza açıqlamasında bildirib ki, kafeyə əsasən çay və şərab həvəskarları gəlirlər.  Bu müəssidə Almaniya istehsalı olan Althaus çayının 40 növünü tapmaq olar. Məkanda bir şüşə şərabın qiyməti 12 manatdan başlayır. “Boho Ted Room”un bənzərsiz interyeri var, tavanlarda əllə hazırlanmış müxtəlif ölçülü və formalı, məsələn çaydan görünüşlü abajurlar  asılıb. Kafenin daha bir fərqi - qapalı kiçik bağçasıdır. “Boho Ted Room”un əməkdaşının sözlərinə görə, müştərilər bağçada ilin istənilən mövsümündə oturmağı sevirlər.

“Old School" - cafe and shop” kafesinin da çox qeyri-standart yanaşması var. İnzibatçının sözlərinə görə, retro üslubundakı kafedə müştərilər nostalji ab-havadan zövq ala bilərlər. Kafe qeyri-adi retro əşyalarla zəngindir. Burada çay və qəhvə ilə yanaşı, maraqlı əntiq əşyalar da almaq olar.

“Yuka Kaiten Sushi” restoranından bizə bildirdilər ki, bu məkanda başqa heç bir yerdə dadmayacağınız özəl suşilər və təamlar var. Suşi təqdim olunan bar da qeyri-standartdır: belə ki, burada təamlar suda üzən taxta gəmilərdə verilir.

Paytaxtın ən qeyri-standart restoranlardan biri kimi "Partizan"ın da adını çəkmək olar. Məkanın əsas fərqi restoran-muzey olmasıdır. Burada  İkinci Dünya müharibəsi dövrünə aid çoxlu eksponat görmək olar: qəzetlər, plakatlar, Stalinin portretləri, hətta avtomatlar və s. Menyu da həmin dövrün təamlarından  ibarətdir, ancaq bura düşmək asan məsələ deyil! Restoranın qapısı ağzında sizi “silahlı” əsgər qarşılayır, əgər parolu deməsəniz, sizi içəri buraxmırlar. Yeri gəlmişkən, şifrəni əldə etmək o qədər də çətin deyil: masa sifariş etmək üçün zəng vurmağınız kifayətdir,  sizə şifrəni zəng zamanı deyirlər.

 
 

“Hollywood Cinema Club” restoranından öyrəndik ki, məkanın hər birinin öz tematik dizaynı olan 5 şöbəsi var: ABŞ ştatları şöbəsi  və müxtəlif ölkələrin paytaxtları, avtomobillər, güllərlə bəzədilmiş daha 2 şöbə mövcuddur. Bu müəsisədə böyük ekranda müxtəlif filmlərə də baxmaq olar.

“90-lar” kafesində 90-ci illərin ab-havası yaradılıb. Məkanın mebelləri, müxtəlif interyer əşyaları qonaqları həqiqətən də 90-cı illərə aparır. Burada ziyarətçilər domino oynaya və təamlardan həzz ala bilərlər. 

Zirvədəki restoranlar

Paytaxtımızda böyük panoramalı pəncərəli yüksək mərtəbələrdə yerləşən maraqlı restoranlar da mövcuddur. Onlardan biri də “360 Bar”dır (Hilton Baku). Yerli sakinlər və turistlər arasında məşhur olan bu bar panoramalı pəncərələrə malikdir və  öz oxu ətrafında 360 dərəcə fırlanır.

 
 

Oxşar konsepsiya televiziya qülləsinin zirvəsində olan "Teleqüllə"də də mövcuddur. Bu restoran paytaxt üzərində 340 metr yüksəklikdə fırlanır.  Retoranın  geniş dəhlizindən içəri giriş üslubu da maraqlıdır. 

“Gate 25” restoranının inzibatçısı Elnur Heybətov Bakucity.az-a açıqlamasında  onların müəssisəsinin  25-ci mərtəbədə yerləşdiyinə görə fərqləndiyini bildirib. Bu isə paytaxtın mənzərəsini seyr etməkdən zövq almağa imkan verir. Bundan başqa, restoran təbii bitki və ağaclarla zəngindir ki, bu da parkda olduğunuz ovqatını  yaradır.

Bakucity.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI