12 saat Bakıda olan turistlərin – SƏFƏR QEYDLƏRİ
23 FEVRAL 2017
1167

12 saat Bakıda olan turistlərin – SƏFƏR QEYDLƏRİ

Turizm.fins.az Bakının qonağı olan Rumıniyalı Miriam Tepes, Serbiyalı Milan Stankoviçin  və  Tereza Ciupkovanın paytaxtımız haqqında  fikirlərini təqdim edir.

Siz Bakıda bir gün keçirmək qərarına gəldiyiniz üçün peşman olmayacağınıza əmin ola bilərsiniz. Lakin şəhər mərkəzi çox böyük olduğundan, mümkün qədər çox kəşflər etmək üçün öncədən plan qurmağınız şərtdir.

Günə Bakının tarixi irsinin mərkəzində - İçəri Şəhərdə sağlam bir səhər yeməyi ilə başlamaqdan daha yaxşı nə ola bilər? Bunun üçün, sadəcə olaraq, “İçəri Şəhər” metrostansiyasına gəlib, Şirvanşahlar Sarayı Kompleksində xüsusi samovar çayı və istəyinizə görə səhər yeməyi sifariş etmək lazımdır.

Yeməkdən sonra siz dünyanın ən kiçik kitabını görmək və ya öz ölkənizdən olan kitabları tapmaq üçün yalnız bir neçə dəqiqəlik məsafədə yerləşən Miniatür Kitab Muzeyini ziyarət edə bilərsiniz.

Təkcə Şirvanşahlar Sarayının ətrafında tam tur üçün 1 saat sərf etməli olacaqsınız. Bunun üçün bələdçi tutmağınız tövsiyə olunur. Bələdçi turun daha qısa keçməsinə kömək etməklə yanaşı, sizə sarayın otaqları, məscidi, minarəsi və Şirvanşahlar sülaləsi ilə bağlı daha ətraflı məlumat verəcək.

Yaxınlıqda Bakının digər simvolu olan Qız Qalası yerləşir. Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə, Qız Qalası “YUNESKO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısı”-na aid edilib.

İçəri Şəhərin küçələrində milli attributlar, suvenirlər və Azərbaycana məxsus xalçalar satılan kiçik dükanlara rast gələcəksiniz. Ətrafda gəzintiyə çıxın, İçəri Şəhərin memarlığı sizi keçmiş zamanlara aparacaq.

Bu qədimi şəhərdə milli mətbəxin ləzzətli təamlarını dada biləcəyiniz restoranlar tapmaq heç də çətin deyil. Məsələn, “Sehirli Təndir”də siz uyğun qiymətlərlə dolma, qutab, kabab və bir çox digər milli yeməklərin dadına baxa bilərsiniz.

Bakıda ziyarət etməli olduğunuz yerlərdən biri də Xalça Muzeyidir. Xalça toxunuşunun ənənəvi üsulları və müxtəlif göz oxşayan modellər muzeyin müasir binasında qorunur. Giriş üçün 3 manatınızdan keçməli olsanız da, narahat olmayın, peşman olmazsınız.

Muzey gəzintisindən dərhal sonra 124 nömrəli avtobusa minərək Bibi-Heybət Məscidini ziyarət etmək üçün yola düşməlisiniz. Bakının bir çox yerində gördüyünüz kimi, burada da ənənəvi və müasirliyin vəhdətinin şahidi olacaqsınız. Liman tikintisi və köhnə qəbiristanlıqla əhatə olunmuş bu məscidi kəşf etməyə dəyər.

Məscidi ziyarət etdikdən sonra mərkəzə qayıtmaq üçün avtobusa minib, İçəri Şəhər metrostansiyası yaxınlığında dayanacaqda düşürsünüz. Sərinləmək üçün metronun sağındakı küçədən dondurma ala bilərsiniz. Yox, əgər İçəri Şəhərdə sərinləmək istəsəniz, metronun arxasında, qala divarlarının qarşısında kafe var. Orada həm qiymətlər çox baha deyil, həm də İçəri Şəhər divarlarının kölgəsində çox gözəl zaman keçirə bilərsiniz.

Nəhayət, aclığınızı yatırdıqdan sonra, soyuq pivə və ya dondurma alıb dostlarınızla dəniz kənarında gənc musiqiçilərin gitarda ifa etməsindən və Bakının möhtəşəm gecə mənzərəsindən həzz ala bilərsiniz.

Blogger
MƏSLƏHƏTÇİ:
Blogger
Blogger
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır