İlk dəfə Praqada: nə gördüm, nə qədər pul xərclədim?
28 MART 2017
847

İlk dəfə Praqada: nə gördüm, nə qədər pul xərclədim?

Bu yazıda Praqada gördüyüm yerlər, qiymətlər, nəqliyyat, yemək və otellər haqqında qısa və detallı şəkildə yazmağa çalışacam.

Əvvəlcə Praqa haqqında qısa məlumat: Praqa Çexiyanın paytaxtı, eyni zamanda da ən böyük şəhəridir. Əhalisi 1,3 milyon civarında olan Praqanı “Avropanın ürəyi” adlandırırlar. Şəhərin adı çex dilində “Praha” yazılır. 

Təyyarə bileti – Praqaya Bakıdan 4, 30 saatlıq, Tiflisdən isə 3 saatlıq yoldur. Mən Tiflisdən getməyə üstünlük verdim və iyulun 30-da (2015) yola düşdüm. Təyyarə bileti almaqla bağlı o qədər də təcrübəm yox idi, amma axtarıb ən ucuzunu tapmağa çalışdım nəticədə biletimi “Pegasus Hava Yolları”ndan almalı oldum -165 dollar. Daha ucuz bilet tapmaq olardı, amma bileti bir az gec almışdım, bundan başqa mənim durumum bir az fərqli idi, belə ki, qayıtmaq üçün bilet almadım. Bundan başqa Praqaya gedişimin məqsədi sırf səyahət olmadığı üçün bileti birbaşa aldım, yoxsa fərqli variantlar da düşünmək olardı. Məsələn, bileti Wizz Air-dən alıb Kutaisidən (Gürcüstan) Avropanın Praqaya yaxın hər hansı şəhərinə uçub oranı gəzib, sonra Praqaya getmək olardı və s. Bir də gediş-qayıdış biletini birlikdə alanda daha ucuz olur. 200-250 dollara uyğun gediş-qayıdış bileti tapmaq mümkün idi.

Niyə Tiflisdən uçdum? 

Ümumiyyətlə Gürcüstanda təyyarə biletləri Azərbaycandakından qat-qat ucuzdur. Çox səyahət edən əksər azərbaycanlılar  bunu yaxşı bilirlər və Gürcüstan aeroportunda da kifayət qədər xaricə gedən azərbaycanlı görmək olar. Bakıdan Tiflisə avtobus bileti 12 manatdır, təyyarə biletini Tiflisdən alıb bəzən 100-150 dollar qabağa düşmək olar.

Pul vahidi – Çexiyada pul vahidi korunadır (crown). 1 dollar 20-30 koruna arasında dəyişir. 

Praqada transport – Praqada əsas ictimai nəqliyyat metro və tramvaydır. İctimai nəqliyyatdan istifadə üçün bilet almaq lazımdır. Yarım saatlıq bilet 24 korunadır, yəni 1 dollar. 90 dəqiqəliq 32 koruna. Turist olaraq gedənlər üçün uzun müddətli kart yox, yarım saatlıq bilet daha sərfəlidir. Bir də metroya girəndə heç kimdən kart yaxud bilet tələb etmirlər, buna arxayın olub biletsiz keçsəniz, içəridə nəzarətçi başınızın üstünü kəsdirəndə təəccüblənməyin, cərimələnəcəksiniz. Qeyd edim ki, aeroportdan şəhərə metro və avtobuslar işləyir, taksi dərdi çəkməyə məcbur olmayacaqsınız.

Qalınacaq yer – gecəsi 17-18 dollara yaxşı vəziyyətdə hostel tapmaq mümkündür, amma bu qiymət yalnız ümumi otaqlara aiddir. Xüsusi otaqlara gəlincə qiymət təbii ki, dəyişə bilir. Hostellər haqqında maraqlı və diqqət edilməli bir şeyi qeyd etməliyəm: gününə uyğun olaraq qiymətlər dəyişə bilir. Məsələn, Tiflisdə bütün hostellərin qiyməti sabitdir, qiymət 10 dollardırsa, hər gün 10 dollardır, yəni gününə görə qiymət dəyişmir. Amma mənim Praqada yaxınlaşdığım hostellərdə qiymət bu gün bir cür, səhəri gün üçün isə fərqli idi, təyyarə biletləri kimi.

Praqada qiymətlər – bizim standartlarımıza görə çox ucuzdur. Bu yaxınlarda Zaur Qurbanlı Meydan TV üçün “Praqada qiymətlər” adlı bir yazı yazmışdı. Qiymətləri olduğu kimi xatırlamadığım üçün o yazıdan bir hissəni burada paylaşıram: “Qiymətləri dövlət tənzimləmir. Eyni şeyi bir marketdə ucuz, o birində baha tapa bilərsiniz. Burada həmçinin çoxlu vyetnamlı (vyetnamlılar sovet dövründə gəliblər və indi yerli kimi bir şeydirlər) var ki, mini-market işlədir, bu marketlərdə də qiymətlər bəzən daha ucuz olur. Mən yalnız bir super-marketdə olan qiymətləri yazıram. Xatırladım ki, hər gün hansısa mallara endirim olur, insanlar da məhz endirim olan malları alırlar adətən.

Un – 0,36-0,80 dollar
Kartof – 0,52 dollar
Soğan – 0,64 dollar
Alma – 1,6 dollar
Armud – 1,12 dollar
Mal əti – 3,96-5,96 dollar
Toyuq əti – 3,20 dollar
Kolbasa – 0,80-3,92 dollar
Adi sosiska – 0,84-1,48 dollar
Siqaret – 3,2-4 dollar
Çips – 1,04-1,60 dollar
Təbii şirə – 1-1,60 dollar
Coca-cola (2 litr) – 1 dollar
Pivə – 0,44-0,92 dollar
Çaxır – 3,20-12,03 dollar
Araq (0,5 litr) – 5,77 dollar
Qazsız su (1,5 litr) – 0,28 dollar”

Praqda yemək – bura qeyd etmək üçün xüsusi yemək siyahım yoxdur, çünki dadına baxdıqlarımın hamısı standart yeməklər idi. Sevmədim demək düzgün ifadə olmazdı, amma dad baxımdan fərqli və xüsusi heç nə xatırlamıram. Amma küçədə çörəyin arasında satılan bu sosiska və çex pivəsinin dadına baxmamış qayıtmayın. Qiymətləri də çox münasibdir, məsələn bu sosiskaların qiyməti 35-40 krone arası dəyişir. 

Praqada gördüyüm yerlər

Görüləcək yerlər yazmıram, çünki bilet alıb girdiyim muzey və galareyaların arasında heç sevmədiklərim də oldu. Normal büdcəsi olan bir turist üçün Praqada muzeylər elə də baha deyil, qiymətlər təxminən 8-10 dollar arası dəyişir. Amma çox pulunuz yoxdursa, kədərlənməyə dəyməz, çünki şəhər özü açıq muzeydir.

Karl körpüsü – Praqanın az qala simvollarından biri hesab olunan bu körpü Vltava çayının üzərində yerləşir. Körpünün üstündə hər iki tərəfdə sıralanmış 30 heykəl var. Hər axşam saat 10-a qədər körpüdə musiqiçilər ifa edirlər, özü də bunlar sıradan musiqiçilər deyillər, həqiqətən çox gözəl və peşəkar ifa edirlər. 

Praqa qalası – şəhərin qədim hissəsi. Ginnesin Rekordlar Kitabına görə, Praqa qalası dünyanın ən böyük antik qəsridir. Burada müxtəlif dövlət idarələri yerləşir, Çexiyanın prezident iqamətgahı da buradadır.

Sant Vitus kilsəsi – Praqanın qədim hissəsində yerləşir. Qot üslubundan tikilən kilsə ölkənin ən böyük və vacib kilsəsidir. Turistlər üçün giriş pulsuzdur. 

Kafka muzeyi – haqqında təəssüratım elə də parlaq deyil. Kafkanın havasına getmişdim, amma gözlədiyim effekti ala bilmədim. Kafkanın bir-iki əlyazması, qaranlıq otaqlar, bir də bolluca işıq və səs effektləri. Muzeyə giriş 200 kronadır, təxminən 8-9 dollar. Kafkanın məzarı da yazarın oxucuları tərəfindən Praqada ziyarət olunan önəmli yerlərdən biridir. Bu haqda yarıca yazacam. 

Mirror Maze – gördüyüm ən maraqlı və əyləncəli yerlərdən biri idi. Muzeyin hər tərəfi güzgüdür, mən ilk dəfə idi ki, belə bir yerdə olurdum, ona görə də nə hiss etdiyimi başa düşmək üçün eyni yeri iki dəfə gəzdim. Daha çox uşaqlar, yeniyetmələr ya da bir az əylənib kefini açmaq istəyən hər kəs üçün maraqlı yerdir. Muzeyə giriş 200 kronadır, təxminən 8 dollar.

Astronomiya muzeyi – muzeydə astronomiya ilə bağlı tarixi əşyalar, teleskoplar və müxtəlif səma daşları var. Mənə muzeyin özündən çox, necə deyərlər, böyrü-başı maraqlı gəldi. Muzeyin ətrafında olduqca gözəl bir park var və buradan şəhərin hər yerini görmək mümkündür. Muzeyə giriş pulsuzdur.

Strahov Galareyası – galareyada əsasən 18-ci əsrə aid rəsm əsərləri toplanıb. Qalareyaya giriş 200 kronadır.

Lennon divarı – getdiyim gün, günortadan sonra çatmışdım, axşamüstü şəhəri ilk dəfə elə-belə gəzirdim, qarşıma rəngli bir divar çıxdı, üstündə John Lennonun şəkilləri, necə sevindimsə qabağında durub şəkil də çəkdirdim, sonradan öyrəndim ki, bu divarın adı “Lennon” imiş.

Mənbə: Samrastravel

Samrastravel
MƏSLƏHƏTÇİ:
Samrastravel
blogger
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır