Hər kəsin görə biləcəyi ekzotika – ŞARM ƏŞ-ŞEYX
07 APREL 2017
571

Hər kəsin görə biləcəyi ekzotika – ŞARM ƏŞ-ŞEYX

Şarm əş-Şeyx dünyada kurort istirahətinin ən populyar istiqamətlərindən biridir. Misirin bu kiçik şəhərinə hər il bütün dünyadan 1 milyondan 1,5 milyona qədər turist axışır. Burada səyyahları maqnit kimi özünə çəkən isti və təmiz dəniz, “hər şey daxil” prinsipi ilə işləyən müxtəlif dərəcəli mehmanxanalar, hər zövqə uyğun saysız-hesabsız əyləncələr və kurort istirahəti ilə başqa şəhərlərə və ölkələrə ekskursiyaları kombinə etmək imkanı var.

Biz sizi Şarm əş-Şeyxdə istirahətin özəllikləri barədə məlumatlandırmağa davam edirik və sizə batiskaf qayığında ekskursiyaya çıxmağı, səhrada kvadrosikl sürməyi, Köhnə şəhərin bazarına gəzintiyə yollanmağı və s. əyləncələri təklif edirik.

Səhrada forsaj və bədəvi səadəti

Biz hadisələrlə zəngin həyatın çağladığı ucsuz-bucaqsız ərazilərdə çoxsaylı otel komplekslərinin Şarm əş-Şeyxdə necə mühüm rol oynadığını artıq qeyd etmişik. Otellər “hər şey daxil” sistemi və müxtəlif əyləncələr sayəsində müsafirlərin darıxmasına imkan vermirlər. 

Şarm əş-Şeyxdə növbəti otelimiz - “Domina Coral Bay” hər baxımdan mükəmməl idi. Bu otel ilk növbədə Şarm əş-Şeyxin ən böyük otel kompleksidir, Yaxın Şərqdə isə ən böyük komplekslərdən biri sayılır. Onun təqribən 1 milyon kvadratmetr ərazisində 7 beşulduzlu otel, 13 restoran və 120 mağaza yerləşir. Kompleks elə genişdir ki, onun yollarında marşrut avtobusları şütüyərək müsafirləri otellərdən restoranlara, SPA mərkəzlərinə, çimərliklərə və mağazalara daşıyır. Qırmızı dənizin sahili boyunca 1,8 kilometr uzanan “Domina Coral Bay” eyni zamanda 4500-ə qədər müsafir qəbul edir. Yaşıllığa qərq olmuş otelin ərazisində hətta portağal meşəsi var, çimərlikləri isə dayvinq və snorklinqə uyğunlaşdırılıb. Yeri gəlmişkən, otelin ponton adlanan üzən körpülərindən biri bütün sahilboyu ərazidə ən böyük körpü sayılır.

Otelin ərazisində həm ruhu, həm də cismi oxşayan maraqlı məşğuliyyət tapmaq – hər dəfə yeni restoranda yemək, “Arena” konsert kompleksində axşam şoularına getmək, SPA hovuzlarında istirahətin kefini çıxarmaq və ya mərcan riflərini tədqiq etmək olar.

Biz də bir yerdə otura bilmir, Şarm əş-Şeyxdə fəal istirahətin geniş imkanlarından bəhrələnirdik. Burada onlarca agentlik müxtəlif ekskursiyalar təşkil edir. Bu ekskursiyalar barədə məlumatı otellərin dəhlizində yerləşdirilən elanlardan və bukletlərdən öyrənmək olar. Səfərimizi təşkil edən “Nefer Tours” şirkəti bizə səhrada kvadrosikllərlə safarini sınaqdan keçirməyi məsləhət gördü və biz də sevinə-sevinə razılaşdıq. Axı belə əyləncə bahalı deyildir, cəmi 30 dollardır.

Gündüz təyin edilmiş vaxtda ekskursiyaya yazılmış turistlər üçün mikroavtobus gəldi və bizi qaraja apardı. Burada yanacaqla dolu bakları ilə cərgəyə düzülmüş və hər an yerindən qopmağa hazır olan kvadrosikllər artıq bizi gözləyirdi. Təlimatçılar ekspedisiya iştirakçılarının hər birinə ənənəvi ərəb şalı bağışladılar və onları düzgün bağlamağa kömək etdilər. Əsrlərin sınağından çıxmış bu geyim aksessuarı insanı səhranın yandırıcı günəşindən, qum və tozdan etibarlı qoruyur.

Beləliklə, start üçün hər şey hazırdır və uğuldayan kvadrosikllər karvanı yola düşür. Kvadrosikli idarə etmək çox asandır: sizdən yalnız sükanın dəstəyində yerləşən qaz və əyləc rıçaqlarına basmaq tələb olunur. Kvadrosikl karvanının qarşısında bələdçi gedir, sürəti tənzimləyir və marşrutu göstərir. Karvan maraqlı şəkillər çəkmək və yolda təsadüf etdiyimiz bu və ya digər görməli yer barədə təlimatçının söhbətini dinləmək üçün vaxtaşırı dayanır. Mənzərəli dağ silsilələrinin birinin yanında iştirakçılardan kvadrosikllərdən düşməyi, qrup şəklində toplaşmağı və hər hansı sözü hamılıqla ucadan deməyi xahiş etdilər. Çığırtımız dərhal təpələrə çırpılıb səhraya yayılaraq, çoxsaylı əks-səda şəklində geri qayıtdı!

Kim bilir haradan peyda olmuş bədəvi qadın fürsətdən istifadə edib, turistlərə yaxınlaşdı və müxtəlif xırdavat – qolbaqlar, sırğalar, toxunma bilərziklər və əl işi olan suvenirlər təklif etməyə başladı. Bələdçimiz bizə izah etdi ki, səhrada məskunlaşan bədəvilər çox vaxt turistləri maraqlandıran xırdavat alveri edirlər. Bir qədər sonra bədəvi kəndində daha bir planlaşdırılmış dayanacağımız oldu. Əslində, bura kənd demək də olmur: cəmi iki ev və talvar. Kənddə bizi çaya qonaq etdilər və kölgəlikdə yumşaq yastıqlara söykənib istirahət etməyə icazə verdilər. Arzu edənlər isə əlavə haqq müqabilində dəvə belində gəzdilər.

Bir azdan günəş üfüqdə gizlənməyə başladı. Odur ki, karvan geri dönməyə hazırlaşdı. Safari ümumən iki saat çəkir. Bu iki saat hiss edilmədən ötüb keçir, amma ekzotikliyi və qeyri-adi görüşləri sayəsində unudulmaz olur.

Mərcan rifinə pəncərə

Şarm əş-Şeyxin harasında olursunuzsa-olun, hansı işlə məşğul olursunuzsa-olun, Sinay günəşinin nəvazişli ilıq şüalarında bərq vuran tünd mavi rəngli dəniz sizi hər yerdə özünə çəkir. Siz hər gün Qırmızı dənizin təmiz sularında çimib, dayvinq və snorklinqlə məşğul ola, yaxud mərcan rifləri qoruqlarına gəzintiyə çıxıb katerin illüminatorundan dəniz sakinlərinin həyatını müşahidə edə bilərsiniz. Şarm əş-Şeyxdə belə əyləncə növü sualtı qayıqda və ya batiskafda ekskursiya adlanır və 45 dollara başa gəlir. Əslində, sualtı qayıq xüsusi katerdir. Onun aşağı göyərtəsinin perimetri boyu böyük pəncərələr yerləşir və buradan dəniz mənzərələri açılır. 

Kater üzən zaman ekskursantlar gəminin yuxarı açıq göyərtəsində sərin sahil küləyindən zövq alır, turun qiymətinə daxil olan sərinləşdirici içkilərin dadına baxırlar. Belə katerlərin hamısı tünd sarı rəngə boyanıb. Bu rəng lacivərd dənizlə gözəl kontrast təşkil edir və fotosessiya üçün effektiv fona çevrilir. Kater mərcan riflərinə yan alan kimi, sərnişinlərdən aşağı göyərtəyə düşməyi xahiş edirlər. Burada hər bir pəncərənin qabağında cərgə ilə oturacaqlar düzülüb. Odur ki, yerinizi rahatlayıb, valehedici tropik flora və fauna mənzərələrindən zövq alın. Sualtı mərcan qayaları aləmi çox zəngindir. Elə hey yaxınlıqdan üzüb keçən skatları, tısbağaları və ya xəlvəti yerindən boylanan səkkizayaqlı ilbizləri görən kimi sevinclə bağırasan böyüklərin və uşaqların səsləri eşidilir. Belə attraksion daha çox hadisələrin 360 dərəcə radiusda cərəyan etdiyi mənzərəli videoya son illərin dəbi olan virtual reallıq dəbilqələrində tamaşa etmək təəssüratını xatırladır. Bircə fərq budur ki, bu, film deyildir və siz nəhayətsiz forma və rəng müxtəlifliyi ilə seçilən gerçək mərcan rifinin mərkəzindəsiniz. Belə ekskursiya akvalanqla suya dalmaq istəməyən, amma dalğıclara xas güclü həyəcan hissi keçirmək arzusunda olanlar üçün əla seçimdir. Effekt də, demək olar, eynidir!

Yolqabağı bazarlıq

Şarm əş-Şeyxdə ekskursiyaların çoxu, xüsusən dəniz əyləncələri ilə bağlı olanlar gündüz saatlarına təsadüf edir. Amma bu o demək deyil ki, axşamlar maraqlı əyləncələr yoxdur. Qaş qaralan kimi, cəsarətlə şəhərə yollanıb, onun baxmalı-görməli yerlərindən zövq ala bilərsiniz, çünki qaranlıq düşəndə bu yerlər çox gözəl işiqlandırılır. Belə vaxt bazarlıq üçün də münasibdir. Naama və Habq buxtaları, Köhnə şəhər, Hadabə rayonları, Soxo meydanı (burada artıq olmuşuq) və digərləri arxayın gəzişmək üçün ən münasib rayonlardır. Naama buxtası bir sıra iri ticarət mərkəzləri, restoranları, gecə klubları, habelə sahilboyu piyada gəzintiləri ilə məşhurdur. Amma bizi Şarm əş-Şeyxin Köhnə şəhər adlanan hissəsi daha çox maraqlandırırdı. Köhnə şəhər və onun bazarı kurortun özü ilə bir vaxtda – ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. 

Köhnə şəhərdə gözə dəyən ilk tikili tünd qırmızımtıl–qəhvəyi daşdan inşa edilmiş böyük məsciddir. Bu yaxınlarda inşası başa çatmış əl-Səhabə məscidi Şarm əş-Şeyx məscidləri arasında ən böyüyüdür. Məscid Misirdə islam tikililərinə xas olan çox nəfis və qeyri-adi arxitekturası ilə seçilir. Şəhərin digər məşhur məscidi - Delta Şarm rayonunda yerləşən əl-Mustafa məscididir. Bu məscid də mükəmməl formaları və üzlüyündə tünd və ağ rəngli mərmərin növbələşməsi ilə heyrətləndirir. Şarm əş-Şeyxdə qibtilərin pravoslav kilsəsi də yerləşir. Statistikaya görə, Misir əhalisinin təqribən 10 faizi xristiandır.

Turistlər Köhnə şəhərə əsasən çoxsaylı mağazalarına görə gedirlər. Burada ənənəvi Misir şirniyyatı, ədviyyat, yağlar, meyvələr, suvenirlər və s. almaq olar. Əslində, Şarm əş-Şeyxin otel komplekslərinin, demək olar, hamısının ərazisində bu məhsulların satıldığı dükanlar var. Amma hesab edilir ki, Köhnə şəhərdə qiymətlər daha münasibdir.

Köhnə şəhərdən bazarlıq etmədən qayıtmaq çətindir. Turistlər əsasən məkkəgülü çiçəklərindən karkade və ya qırmızı çay alırlar. Bu çayın 100 qramının qiyməti 1-3 dollardır. Helba və ya güldəfnə toxumları kimi məşhur olan sarı çaya (bir kiloqramı 1,5-2 dollardır) və səhranın ətirli otlarından ibarət bədəvi çayına da böyük tələbat var. Qara zirə yağı və digər yağlar, təbii kosmetika, Şərq şirniyyatı, Yaxın Şərq ölkələri üçün ənənəvi olan “arafatka” deyilən şallar və əlbəttə, çoxsaylı suvenirlər və maqnitlər turistlərin almağa çalışdıqları mallar sırasındadır. Əlqərəz, burada hər kəs özü və yaxınları üçün ürəyincə və cibinə uyğun hədiyyələr tapa bilər.

Köhnə şəhərin mağazalarında çox yaxşı bazarlıq etdikdən sonra maşınla beş dəqiqəlik məsafədə yerləşən “Farsha Mountain Lounge” adlı kafedə dincəlmək olar. Dəbdə olan bu kafe dağın ətəyində yerləşir və müsafirləri təkcə ənənəvi dizaynı ilə deyil, həm də dənizə açılan gözəl mənzərələri ilə valeh edir. Kafenin tərtibatında orijinal folklor elementlərindən, köhnə fotoşəkillərdən və retro-atributlardan istifadə olunub. Burada ənənəvi masa və stullar yoxdur, əvəzində müsafirlər yumşaq xalçaların üstündə yastıqlara söykənərək oturur, qəlyan çəkir, çay və qəhvə içir, alçaq taxtların üstündən Şərq təamları yeyirlər.

Sözardı əvəzinə, yaxud Şarm əş-Şeyxə xoş gəlmisiniz!

Şarm əş-Şeyx bizi xidmətin səviyyəsi, otel və əyləncələrin müxtəlifliyi, münasib qiymətləri və misirlilərin qonaqpərvərliyi ilə yaxşı mənada təəccübləndirdi. Burada əsl ekzotika ənənəvi Şərq qonaqpərvərliyi ilə çulğalaşır, bu da müqayisəedilməz emosiyalar bəxş edir. Kurort şəhərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub, otellərə girişlərdə və insanların kütləvi toplaşdıqları yerlərdə polis postları və mühafizə dəstələri etimad doğurur və turistlərin rahat istirahət etmələrinə zəmanət verir. 

Misirin turist qəbul edən ən iri şirkətlərindən biri sayılan “Nefer Tours”in direktoru Hatəm Kinavi fikrini belə şərh edir: “Şarm əş-Şeyx yüksək dərəcəli çimərlik istirahətinin ən münasib istiqamətlərindən biridir və şübhəsiz, hətta Azərbaycandan olan ən tələbkar turistlərin də zövqünü oxşayacaq. Misirlilərlə azərbaycanlıları çox cəhətlər - ölkələrimiz arasında yaxın dostluq münasibətləri, islam mədəniyyəti birliyi və xalqlarımızın mentaliteti doğmalaşdırır. İki ölkə arasında turizmin daha fəal inkişafına yeganə maneə Bakıdan Şarm əş-Şeyx, Qahirə və Hurqada istiqamətində birbaşa reysin olmamasıdır. Əminəm ki, bu məsələ ümumi səylərimizlə tezliklə həll ediləcək və Azərbaycandan olan turistlər qonaqpərvər Şarm-əl-Şeyxin və bütün Misirin nemətlərindən doyunca zövq alacaqlar. Heç şübhəniz olmasın - burada sizi görməyə həmişə şaddırlar!”

Emil Eyyubov
MƏSLƏHƏTÇİ:
Emil Eyyubov
Blogger
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır