“Dənizlər kraliçası”, kanallar və körpülər şəhəri
07 İYUL 2017
748

“Dənizlər kraliçası”, kanallar və körpülər şəhəri

Venesiyaya ən ucuz getməyin yolları

Azərbaycanlı bloggerin Venesiya haqqında fikirləri

Ömrümdə məndən bu qədər üzr və yol istəyən olmamışdı. Bu şəhərdə addımbaşı kiməsə yol vermək üçün kənara çəkilməli olursan. Yollar dar, turist çox… 118 adadan ibarət Vensiyadayıq…

İtaliyanın şimal-şərqində olan Venesiya mənim üçün dünyanın ən gözəl şəhərlərindəndir. Adına “Dənizlər kraliçası”, kanallar, körpülər şəhəri də deyilir. 170 kanalı, 400-ə yaxın körpüsü var. Venesiya o qədər gözəl, arzulanan şəhərdir ki, buraya gələ bildiyim üçün özümü həm şanslı, həm də nağıl qəhrəmanı kimi hiss edirdim. Yayı həm çox isti keçir, həm də turistlərlə dolub-daşır. Gözün qalır möhtəşəm saraylarda, binalarda bir də ayılırsan ki, kiminsə ayağını əzmisən. Deyirlər, şəhərdə 200-dən çox tarixi saray var.

Küçələrində gəzəndə qulağına uzaqdan, həzin meh kimi Vivaldinin 4 fəslinin (italyanca: Le quattro stagioni) sədası gəlir. Belə də olmalıdır, çünki Vivaldinin şəhəridir. Deyilənə görə o, Venesiyadakı kilsələrin birində 35 il musiqi dərsi verib. Görən bu 35 ildə nə qədər tələbəsi olub?   Düşünmədən edə bilmirsən.

Venesiyanın görülməsi yerləri

Gəzib-görməli yerlərin başında San-Marko meydanı gəlir. Turistlərin qaynadığı, göyərçinlərin uçuşduğu gözəl bir məkandır. Məşhur “San Marko Bazilikası” da bu meydandadır. Yerlilər San Markonun Venesiyanın qoruyucusu olduğuna inanırlar. Sümüklərini İsgəndəriyyədən gətiriblər. Buradakı Bazilikanın içində saxlayırlar.

Getmişkən müqəddəs Mark kilsəsinə də baş çəkin (829-832; 1073-95 illərdə yenidən tikilib). Venesiyanın ən gözəl memarlıq abidəsi sayılır.

Görülməsi gərəkən daha bir yer də 170 kanalın ən böyüyüdür. “Böyük kanal” deyirlər. Üzərində 3 körpü var. Ən məşhuru “Riyalto”dur. Uzunluğu 3 km, eni 50 metrdir.

“Peggy Guggenhein” muzeyini də unutmayın. İçində möhtəşəm əsərlər var. Muzeyə, sənətə marağı olanlar mütləq gedib görsünlər.

Vaxtınız qalsa, Venesiyanın ətrafındakı adaları da görün. Bunların içində Murano, Burano, Tirçello çox gözəldir. Rəngarəng evlərin, kiçik kanalların və körpülərin olduğu bu qəsəbələrin sakinləri şüşədən bəzək əşyaları düzəldirlər. Şüşə emalatxanalarını ziyarət edə, əşyaların düzəldilməsini izləyə, istədiyiniz suveniri ala bilərsiniz.

Yemək-içmək neçəyədir?

 

Şəhərin dar küçələri pizza və pasta (spagetti) restoranları ilə doludur. Normal ölçülü pizza 6-10, spagetti isə 6-7 avrodan başlayır. Ən bahalısı dəniz məhsulları ilə olandır ki, 44 avro qiyməti var.

Venesiyaya getmək üçün ideal fəsil hansıdır? 

 

Səyahətçilər Venesiyaya getmənin ən yaxşı vaxtının yaz və payız olduğunu deyirlər. Xüsusən də mayı tövsiyyə edilər. Ancaq biz iyulda getmişdik. Çox isti, bürkü, ağcaqanadlı və basırıq idi. Ancaq bu, mənim arzusunda olduğum şəhərdən zövq almama mane olmadı

 

Mən hansı mövsümün daha məsləhətli olduğunu gedib gələndən sonra bildim. Siz belə etməyin  Sentyabr-oktyabr aylarını da məsləhət görən səyyahlar var. Deyirlər, həmin aylarda turistlərin ayağı şəhərdən kəsilir, sakitçilik, huzur çökür. Qışı isə məsləhət görmürlər. Soyuq və yağışlı olduğunu deyirlər.

Venesiya karnavalı nə zamandır?

 

Venesiya həm də karnavalı ilə məşhurdur. Karnaval fevral-mart aylarında keçirilir. Tarixlər dəyişə bilir (bizdəki dini bayramların vaxtının dəyişdiyi kimi). Getmək istəyən mütləq əvvəlcədən dəqiqləşdirməlidir. Karnaval zamanı küçələrdə dolaşmaq çox zövqlüdür. İnsanlar müxtəlif maraqlı geyimlərdə, maskalarda olurlar. Əminəm adam özünü filmin içində hiss edər.

 

Harda qalmaq daha uyğundur?

 

Venesiyanın mərkəzində otellər çox baha olur. Odur ki, getməzdən azı 1 ay öncədən bron etmənizi tövsiyə edirəm. Ya da, mərkəzdən bir az kənardakı “Mestre” bölgəsində qala bilərsiniz. Buradakı qiymətlər mərkəzdən ikiqat ucuzdur. “Mestre”dən mərkəzə “Water bus” (su avtobusları) ilə gəlmək olur. Qiymət isə 7-10 avro arası dəyişir.

 

Mərkəzdə isə adətən bahalı, günü 100-300 avrodan başlayan otellərdir. Əksəriyyəti saraylarda yerləşir. Düz kanalın dibində, mənzərəli yerlərdə. Təbii səyahətçidə nə gəzir o qədər pul?!

 

Biz şəhərdə cəmi 1 gecə, güc-bəla ilə tapdığımız 75 avroluq hosteldə qaldıq. Onda da mərkəzi gəzdik. Qalan günləri isə gecəsi 72 avroya, şəhərdən kənarda tapdığımız hosteldə qaldıq. Guya bu, ən ucuzu idi. Üstəlik, səhər yeməyi qiymətə daxil deyildi. Bunun üçün də adambaşına 6 avro ödəməli olduq. Çünki qaldığımız yerdə restoranlar saat 11-dən tez açılmırdı. Biz isə gəzməyə səhər tezdən başlayırdıq. Məcburiyyətdən otelin səhər yeməyini seçmişdik.

Azərbaycanlı blogger
MƏSLƏHƏTÇİ:
Azərbaycanlı blogger
Səyahətçi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır