Xaçmaz – TURİZM DİYARININ SƏXAVƏTİ
10 MAY 2016
618

Xaçmaz – TURİZM DİYARININ SƏXAVƏTİ

Azərbaycanın bənzərsiz regionu olan Xaçmaz qədim tarixi, zəngin mədəniyyəti və əsrarəngiz təbiəti ilə fərqlənir. Bütün bu xüsusiyyətlər buraya istirahət etmək üçün turist axınını cəlb edir ki, nəticədə Xaçmaz haqlı olaraq ölkənin turizm mərkəzi hesab edilir. Təsadüfi deyil ki, Abşerondan sonra böyüklüyünə və şəraitinə görə ikinci kurort zonası məhz Xaçmaz rayonu ərazisində yerləşir. Bu zona Xəzərin sahili boyu Muxtadır qəsəbəsindən Nabranadək uzanır.

Bəs bilirsinizmi ki, Xaçmazda Rusiya imperiyasının ən uzun su kəməri çəkilib, yaxud 128 fəvvarəni bir parkda necə yerləşdirmək olar və ya samovarı xaçmazlılar icad edib, yaxud da Azərbaycanda ilk skeyt-park məhz bu rayonda yaradılıb? Yox? Elə isə Xaçmaza xoş gəlmisiniz!

Yenilməz Niyazabad və Şollar suyu

Xaçmaz rayonu Xaçmazla yanaşı Xudat şəhərini, Yalama, Muxtadır, Niyazabad, Şollar qəsəbələrini, Nabran turizm zonasını və onlarla kəndi əhatə edir. Güman edilir ki, “Xaçmaz” sözü bu yerlərdə yaşamış Hun tayfaları birliyinə daxil olan xaçmataklar (xristianlığı qəbul etmiş maskutlar) qəbiləsinin adından götürülüb. Sonradan tələffüzdə dəyişikliyə uğrayaraq müasir formasını alıb, qəbilə isə VII əsrin ortalarından indiki Oğuz rayonu ərazisinə köçərək orada eyniadlı kənd və qala (hazırda Xaçmaz kəndi) yaradıblar. Sonralar “Xaçmaz” adı xaçmataklar qəbiləsi ilə bağlılığını itirib və iki türk sözünün birləşməsində “xaç” və “asmaz” (asmaq felinin inkar forması) qərarlaşıb, hərfi mənada “xaç asmaz” anlamına gəlir. Bu, onunla əlaqədardır ki, 1722-ci ildə rus qoşunları İrana yürüş edərkən Bəbəli, Dədəli və dəniz sahilindəki Niyazabad qəsəbəsində yaşayan müsəlman ləzgi və azərbaycanlı əhaliyə güclə xristian dinini qəbul etdirməyə cəhd göstərilib. Bu məqsədlə bu əraziyə bir neçə erməni ailəsi köçürülüb, köhnə Alban kilsəsi təmir edilib və sonralar erməni kilsəsi adlandırılıb. Bu kilsə indi də Köhnə Xaçmaz qəsəbəsində ucalır. Şübhəsiz ki, xristianlaşdırma cəhdi baş tutmayıb, çünki Xaçmazda müsəlman əhali ermənilər bura köçürülməzdən əvvəl və ondan sonra da üstünlük təşkil edib. Bunu XV əsrə aid Şah Abbas məscidi və islam memarlığının digər abidələri təsdiq edir.

Yeri gəlmişkən, dəqiq məlumdur ki, Xaçmaz XIII əsrdə Niyazabad adlanıb. XVI əsrdə isə Niyazabad limanı Azərbaycan və digər Xəzəryanı ölkələr arasında mühüm rol oynayıb.

Xaçmaz rayonunda yerləşən qədim şəhər-qala – Xudat (“Xudat” sözünün mənası “Allahın neməti” deməkdir) XVIII əsrin əvvəlində Quba xanlığının paytaxtı olub. 1735-ci ildə Fətəli xanın iqamətgahının Xudatdan Qubaya köçməsi ilə əlaqədar şəhər əvvəlki əhəmiyyətini itirib. Xudat torpağında çoxlu içməli su ehtiyatları var. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayan məşhur Şollar su kəmərinin mənbəyi Xudat yaxınlığındakı Şollar kəndindəndir. O zaman isə bu, Rusiya imperiyasının ən uzun su kəməri olub. Şollar kəndində artezian nasoslarından başlayaraq Sumqayıt yaxınlığındakı Hacı Zeynalabdin qəsəbəsinədək (təxminən 190 kilometr) bütün kəmər boyu su özü axır. Mühəndis Vilyam Lindley görülmüş işlərin böyüklüyünü xatırlayaraq etiraf edib: “Təkcə Qərbi Avropada 35 şəhərdə mənim tərəfimdən su kəməri və kanalizasiya çəkilməsi işləri aparılıb. Lakin Şollar su kəməri kimi nəhəng texniki və bu dərəcədə mürəkkəb tikinti aparmamışdım”.

Şollar suyu təmizdir, dadı yaxşıdır, onu təmizləməyə ehtiyac yoxdur, onu ancaq xlorlayırlar. Yeri gəlmişkən, Şollar kəmərindən bilavasitə su götürən və butulkalara dolduran “Coca-Cola Azerbaijan”, “Pepsi-Cola Azerbaijan”, “AquaVita” konsernləri var. Beləliklə, istehsalçıların bizə butulkalarda su kəməri suyunu satmaq fikri həqiqətə yaxındır. Lakin bu, əla sudur!

Qədimi samovar və Pyotrun fərmanı

Xaçmazın öz parkları ilə qürrələnməyə haqqı var, çünki buradakı parklardan heç bir paytaxtda yoxdur. Nəhəng heykəltəraşlıq kompozisiyaları, cəlbedici fəvvarələri, ekzotik bitkiləri olan parklar sürprizlərlə dolu olan bu şəhərin doyunca gəzmiş qonaqlarını belə heyrətləndirməyə qadirdir.

Məsələn, uzunluğu 2 kilometr olan Heydər Əliyev seyrəngahı adamı təkcə ölçüsünə deyil, həm də bir prospektin hər iki tərəfində yerləşməsi ilə təəccübləndirir. Avtomobillərin həddən artıq intensiv hərəkəti nəzərə alınaraq, adamların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün 24 metr uzunluğunda iki yerüstü piyada körpüsü tikilib. Lakin park təkcə bununla diqqəti cəlb etmir. Burada hər kvadrat metrə rekord miqdarda fəvvarə düşür: 5 hektar ərazidə nə az, nə çox, bütün ölçülərdə, forma və rənglərdə 128 fəvvarə var!

Fəvvarələrdən biri hündürlüyü 12 metr olan nəhəng samovar şəklindədir, samovarın yanında içinə su axan fincan var. Digər bir fəvvarə havadan asılı qalmış çaydan formasındadır. Yeri gəlmişkən, çay mövzunda olan heykəltəraşlıq kompozisiyaları Xaçmazda təsadüfən peyda olmayıb. Axı məhz burada 1982-ci ildə Janaxır kəndindəki kurqanların birində e.ə. III-II əsrlərə aid Azərbaycan ərazisində ilk samovar aşkar edilib. Ümumiyyətlə, Xaçmaz camaatı iddia edir ki, samovar bu rayonun ərazisində icad edilib! Onların sözünə dəm tutub deyək ki, bu cür ləvazimatlar təkcə Çində deyil, həm də İranda, eləcə də Xəzər sahilində yaşayan bulqarlara və digər türk tayfalarına məlum idi. Onlardan sadəcə isti su əldə etmək üçün istifadə edilirdi. Ola bilsin ki, ilk dəfə məhz xaçmazlılar samovarı çay dəmləməyə uyğunlaşdırıb!

Samovarla birlikdə eyni mədəni təbəqələrdə ənənəvi neft lampası tapılıb və o, Seyrəngah parkındakı bir abidədə əbədiləşdirilib. Nəhayət, parkdakı Azərbaycan rəmzləri silsiləsini, adətən, içində gülab saxlanılan zərif səhəng heykəli tamamlayır.

Hərçənd samovara müəlliflik iddiasında olmadan da xaçmazlıların fəxr etməli çox şeyi var. Ölkədə və onun hüdudlarından kənarda Azərbaycanın ən məşhur kurort məkanı olan Nabran Xaçmaz rayonunda, inzibati mərkəzdən 43 kilometr uzaqlıqda yerləşir. Nabranın şöhrəti təsadüfən yaranmayıb, burada çoxsaylı dəniz çimərlikləri sıx meşə və yaxşı inkişaf etmiş turizm infrastrukturu ilə uğurla uyuşur.

Bir çoxlarını maraqlandırır: “Nabran” adı necə yaranıb. Bu toponim, güman ki, rus sözü “nabirat”dan (Azərbaycan dilində “toplamaq”, “yığmaq” mənası verir) törəyib. Deyilənlərə görə, I Pyotrun sərəncamı ilə çar süfrəsi üçün nərə tutmaqdan ötrü adam yığırmışlar. Bu “zorən” balıqçıları indi “Nabran” adı daşıyan yerdə məskunlaşdırıblar. Maraqlıdır ki, bu kənddə balıqçılıq XX əsrin 70-ci illərinə qədər davam edib.

Ekstrim mərkəzi və meyvə bolluğu

Kimi Nabrana narın, qızılı dəniz qumunda özünü günə verməyə gedir, kimisə maraqlı gecə həyatı cəlb edir. Amma elələri də var ki, yolu azmaq və sərbəst şəkildə çıxış tapmaqdan ötrü bilərəkdən meşənin dərinliyinə dalır. Bunun elmi adı idman səmtləşdirməsidir. Rahatlığı və meşə zolağı varlığı sayəsində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, bir neçə il əvvəl Nabran qəsəbəsi idman səmtləşdirməsi üzrə beynəlxalq yarışların keçirildiyi məkana çevrilib.

Bu idman növünün qaydalarına əsasən, onun iştirakçıları idman xəritəsi və kompasın köməyi ilə planlaşdırılmış ərazi və nəzarət məntəqələri ilə qeyd olunan marşrutu keçməlidir. Nəticələr, bir qayda olaraq, məsafəni keçmə müddəti və ya xal hesabı ilə müəyyən edilir.

Səmtləşdirmə Azərbaycanda nisbətən yeni idman növü olsa da, sürətlə populyarlıq qazanır. Səmtləşdirməçilərin öz federasiyası var. Federasiya Azərbaycanda bu maraqlı idman növünün inkişaf etdirilməsi üçün böyük səylər göstərir.

İş belə gətirib ki, Xaçmaz rayonu qeyri-adi, bununla bərabər, ekstremal idman növləri həvəskarlarının toplanma yerinə dönüb. Təəccüblü deyil ki, Azərbaycanda ilk skeyt-park məhz Xaçmazda, yerli Olimpiya İdman Kompleksində yaradılıb. Skeytbord, stritbord, diyircəkli konki, velosiped və “samokat”la başgicəlləndirən tryuklar edən adamların burada öz bacarıqlarının artırması və bəs deyən qədər sürüşməsi üçün yetərli genişlik var.

Bütün bunlarla bərabər, Xaçmaz təkcə turizm mərkəzi yox, həm də ölkənin strateji əhəmiyyətli sənaye bölgəsidir. Burada 2010-2011-ci illərdə əsaslı təmir və yenidənqurma işlərinin həyata keçirildiyi, sovet dövründən məşhur kondensator zavodu yerləşir. Bu gün zavodun yeni qurulan istehsal sahələrində müxtəlif təyinatlı məhsullar istehsal edilir: kompaslı və yüksək böyüdücü prizmalı binokllar, optik nişangahlar, müxtəlif sənaye məhsulları və məişət texnikası.

Xaçmaz həm də öz meyvə-tərəvəzi ilə məşhurdur. Bu bölgədə alma, armud, gavalı, şaftalı, pomidor, qarğıdalı, qoz-fındıq və təbiətin digər nemətləri yetişdirilir. Yay ayları rayonda məhsul yığımı və emalın qızğın çağıdır. 2005-ci ildən burada Qafqaz konserv zavodu fəaliyyət göstərir, onun məhsulları – müxtəlif tərəvəzlər və ət konservləri, şorabalar, mürəbbələr, cemlər, kompotlar və s. təkcə Azərbaycanda istehlak olunmur, həm də ixrac edilir.

Nəhayət, Xaçmaz rayonunda ölkənin bütün şimal regionunu enerji ilə təmin edən elektrostansiya və məşhur “Şahdağ” turizm mərkəzi yerləşir!

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır