Azərbaycanda tibbi turizm başlayır
04 AVQUST 2016
251

Azərbaycanda tibbi turizm başlayır

Sentyabrın 19-dan 21-dək  Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə (“BIHE 2016”) sərgisi keçiriləcək. Sərginin təşkilatçısı olan «Iteca Caspian» şirkətindən fins.az-a verilən xəbərə görə, sərgidə tibb və laboratoriya avadanlıqları,  dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər. 

Tibbi turizm şirkətlərinə fürsət

Sərgidə ilk dəfə olaraq yeni «Klinika» sektoru çərçivəsində bir sıra şirkətlərin iştirakı gözlənilir.  Sərgidə «Tibbi turizm» sektoru çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Onların arasında Almaniya, Estoniya, Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzlərinin iştirakı gözlənilir. 

Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcəkdir. Bu il «Tibbi turizm» sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

Xaricilərin sayı artır

Sərgi təşkilatçıları bildiriblər ki, bu il «BIHE» iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edəcək. İştirakçıların siyahısında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkət yer alıb.

Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli  distribyutorları da iştirak edəcək. Yerli distribyutorlar arasında «ARASH  Medical», «Besan», «BTL Industries», «Labservis» və digər şirkətlər də  var.

Stomotologiya   və estetika ayrıca sərgilənəcək

«BIHE» sərgisi ilə paralel daha iki tədbir - 11-ci «Stomatology Azerbaijan 2016» və 10-cu  «Beauty Azerbaij an 2016» sərgiləri də keçiriləcək.

Beləliklə, «BIHE» sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi məkana çevriləcək. 

Xatırladaq ki,  «BIHE» sərgisi 22 ildir  tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları,  habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və  təcrübə mübadiləsi üçün platforma olub. «BIHE» sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası  (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı «ITE Group» şirkətləri çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır